Tehran ABŞ-ın hərəkətlərini təcavüz aktı və beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb. İranın Milli Nüvə Təhlükəsizliyi Mərkəzi ABŞ-ı ölkənin dinc nüvə obyektlərinə hücumda ittiham edib. İranın Atom Enerjisi Təşkilatının bəyanatında bu hücumu "beynəlxalq hüquqa, xüsusən də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə zidd olan qəddar təcavüz" adlandırılıb.
Amerikalı analitik Skott Ritter:- “Tramp İranın nüvə obyektlərinə zərbələr endirmək əmri verərkən böyük səhv etdi. "Bu Prezident Buşdan bəri ən axmaq qərar idi. Onların hər hansı ziyan vurub-vurmadıqlarını hələ bilmirik. İsrail bir həftə ərzində bu yerləri bombalayıb, çoxu artıq zədələnib və ya dağıdılıb".Ritter onu da bildirib ki, ABŞ bir daha özünü gözdən saldı və sülh danışıqlarında etibarsızlığını sübut etdi.
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın İrana zərbələrini pisləyib və onları “təhlükəli eskalasiya” və bütün dünyada sülh və təhlükəsizliyə birbaşa təhdid adlandırıb. Quterreş bütün tərəfləri dərhal növbəti zorakılıqdan əl çəkməyə və dialoqa qayıtmağa çağırıb.
Rusiya da ABŞ-ın hərbi əməliyyatını kəskin şəkildə pisləyib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İranın dinc nüvə obyektlərinə hücumlar qəbuledilməzdir, çünki bu, ekoloji və humanitar fəlakətə səbəb ola bilər. Moskva qeyd edib ki, İranın nüvə obyektləri MAQATE-nin mühafizəsi altındadır və onların bombalanması BMT Nizamnaməsini pozur.
Çin hələlik açıq şəkildə hər hansı sərt bəyanatlar verməkdən yayınıb, lakin münaqişənin genişlənməsinin əleyhinə olduğunu açıq şəkildə bildirib. Tramp bir gün əvvəl Çinin münaqişəyə qarışmayacağına və Tehrana birbaşa hərbi dəstək verməyəcəyinə əmin olduğunu bildirib. Bununla belə, medianın məlumatına görə, baş verənlərdən Pekin son dərəcə narahatdır: Çin təyyarələri rəsmi olaraq Çin vətəndaşlarını evakuasiya etmək üçün İrana gəlib, lakin ekspertlər bunu İranın Çin üçün əhəmiyyətinin siqnalı kimi də görürlər.
Avropa Birliyi və Avropanın əsas ölkələriAmerikanın zərbəsindən təəssüfləndiklərini bildiriblər. Britaniya, Fransa və Almaniya liderləri İran-ABŞ müharibəsi riskləri barədə xəbərdarlıq edərək, hücumdan əvvəl Vaşinqtonu güc tətbiq etməkdən çəkindirməyə çalışmışdılar.
İranın Yaxın Şərqdəki müttəfiqləri və tərəfdaşları gözlənildiyi kimi İranı dəstəkləyiblər. Kuba rəhbərliyi ABŞ-ın zərbələrini pisləyib, onları "beynəlxalq hüququn cinayət pozuntusu" və təhlükəli avantüra adlandırıb. Suriya və Venesuela da Tehranla həmrəy olduqlarını bildiriblər. Fələstinin Həmas hərəkatı bəyanat yayaraq, ABŞ-ın hücumunu "vəhşi təcavüz" və "təhlükəli eskalasiya" adlandıraraq, İrana dəstək vəd edib. Yəməndə husi üsyançıları ABŞ-ın bölgədəki müttəfiqlərini vurmaqla hədələyir və hadisəni böyük müharibənin başlanğıcı adlandırırlar. Bunun fonunda bir sıra Körfəz ölkələri (məsələn, Oman, Qətər) diplomatik yollarla vasitəçilik etməyə və münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışdıqlarını bildiriblər.
ABŞ İranın nüvə obyektlərinə endirdiyi zərbələrlə Pandoranın qutusunu açdı və Tehran onları cavabsız qoymayacaq. Bu fikirləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Cem Gürdeniz deyib.XSosial şəbəkədə təhlükəsizlik üzrə ekspert yazıb: "Bu hücumla ABŞ Pandoranın qutusunu açdı. İran belə asanlıqla geri çəkilməyəcək".
Surxay Əliyev