“Udineze” rəhbərliyi “zebrciklər”in kapitanı, 32 yaşlı fransız hücumçu Floryan Tovenlə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istniadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Floryan Toven “Qrenobl”ın məzunudur. Hücumçu, karyerası ərzində “Bastiya”, Marsel “Olimpik”i, “Nyukasl” və “UANL Tiqres”də çıxış edib.
“Udineze” Toveni 2023-cü ilin yanvar ayında “UANL Tiqres”dən azad agent qismində heyətinə qatıb.
Cari mövsümdə Toven “zebrciklər” üçün 26 oyuna çıxıb, 9 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Tovenin “Udineze” üçün çıxışının ümumi mənzərəsi 73 oyun, 15 qol və 10 məhsuldar ötürmədən ibarətdir.
Floryan Toven 2017-ci ilin iyun ayında debüt etdiyi Fransa yığmasının heyətində 10 oyun keçirib, 1 qol və 1 qol məhsuldar ötürmə ilə fərqlənib və “xoruzlar”la 2018-ci il dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı fransız hücumçu Floryan Tovenin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.