ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 28 iyun, AZƏRTAC
Yeni dünya nizamı formalaşdıqca siyasi münasibətlər sistemində də köklü dəyişikliklər baş verir. Qlobal aktorlarla yanaşı, regional güclər də öz mövqeyini möhkəmləndirir, geopolitik proseslərdə aktivlik nümayiş etdirirlər.
Eyni tendensiya postsovet məkanında da müşahidə olunmaqdadır. Artıq keçmiş ittifaq dövlətləri Rusiya orbitindən kənar, çoxvektorlu xarici siyasət strategiyasına üstünlük verirlər və bu da öz növbəsində Kremlin ambisiyaları ilə üst-üstə düşmür. Məhz bu səbəbdən son dövrlərdə Rusiya daxilində yaşayan qeyri-slavyan mənşəli xalqlara, xüsusilə miqrantlara qarşı arzuolunmaz davranışlar və bunun fonunda ənənəvi təzyiq metodlarının tətbiq edilməsi müşahidə olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
Deputat deyib: "Təbii ki, eyni ritorikaya Rusiyada yaşayan soydaşlarımız da məruz qalırlar və bu bizi narahat etməyə bilməz. AZAL-a məxsus təyyarənin vurulmasından sonra Kreml-Bakı xəttində yaşanan soyuqluq isə tamamilə rəsmi Moskvanın sərgilədiyi mövqe ilə bağlıdır. Çünki Rusiya tərəfi hələ də hadisə ilə əlaqədar üzərinə düşən öhdəlikləri lazımı səviyyədə yerinə yetirməyib. Əksinə, ölkəmizə qarşı Rusiya informasiya məkanında aparılan qərəzli anti-Azərbaycan ritorikası açıq şəkildə koordinasiya edilmiş xarakter daşıyır. Xüsusilə Vladimir Solovyov kimi Kremlə yaxın media fiqurlarının manipuliativ çıxışları prosesin tək-tək spontan deyil, bir mərkəzdən idarə olunan tendensiya olduğunun göstəricisidir. Aydındır ki, Rusiya daxilində bəzi siyasi qüvvələr hələ də Azərbaycanın 44 günlük Vətən müharibəsi və ondan sonra əldə etdiyi hərbi uğurları qəbul edə bilmir”.
Günay Ağamalı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomatiyası çoxqütüblü siyasət strategiyası əsasında bütün sferalarda uğurlu fəaliyyət göstərir və ölkəmizə yönəlik təsir metodlarını minimallaşdırır. Belə olduğu təqdirdə Cənubi Qafqazda möhkəmlənməyə çalışan Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə cəhdlər edərək yenidən köhnə narrativləri canlandırmağa çalışması gözləniləndir. Lakin Rusiyadakı bəlli dairələr başa düşməlidir ki, anti-Azərbaycan ritorikasının davamı iki ölkə arasındakı əlaqələrin geridönüşü olmayan dərəcədə pozulması ilə nəticələnə bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.