AZ

Yekaterinburqda tökülən qan… – İLK deyil, SON olacaqmı?!

Əkbər QOŞALI

Yekaterinburq hadisəsi haqqında dünyanın dörd bir yanında yaşayan, çalışan ictimai fəal həmvətənlərimizin artıq mütləq çoxluğunun bilgisi vardır. Bu yazı həmin sarsıdıcı hadisə haqqındadır.

Söhbət 27 iyun 2025-ci ildə səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə təşkil etdiyi qanlı basqından gedir. Basqın nəticəsində həmvətənlərimiz arasında həlak olanlar, ağır bədən xəsarətləri alanlar olub; bununla yanaşı, daha 9 nəfər saxlanılıb. Özünə hörmət edən heç bir dövlətin yol verməməli olduğu bu qəbuledilməz zorakılıqla bağlı dərin narahatlığını ifadə edən Azərbaycan Xarici İşlər Nazirliyinin Bəyanatında bildirilir:

“Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.

(Bundan başqa, iyunun 28-də Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin Müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb).

Bəs bu cür hallar Rusiyada ilkdir, yoxsa sonuncu olacaqmı? Təəssüf ki, belə hadisələrin nə birinci, nə də sonuncu olacağına dair əminlik ifadə etmək mümkün deyil.

Bu kimi hadisələr Rusiya təcrübəsində nadir deyil. Hüquq-mühafizə orqanlarının özlərini bəzən kriminal dəstə kimi aparması artıq sistem xarakteri daşıyır. Bu kontekstdə üç əsas məqama diqqət çəkmək istərdim:

Birinci vurğumuz – dövlət və mafiya əlaqələrinin kök salması ilə bağlıdır.

Rusiya “müharibə təcrübəsi”nə əsaslanaraq, məhkumları və döyüşçüləri yenidən cəmiyyətə “inteqrasiya” adı altında kriminal qrupların silahlanmasına şərait yaradıb. Bu prosesin nəticəsi kimi, geri dönən bəzi veteranlar cinayətlər törədərək, ya yerli kriminal şəbəkələrə, ya da hüquq-mühafizə strukturlarının özlərinə qoşulur. Bu da dövlətin daxilində qeyri-formal və qeyri-qanuni güc mərkəzlərinin yaranmasına yol açır.

İkinci vurğumuz – etnik və siyasi təzyiq siyasəti ilə bağlıdır.

Azərbaycanlılar, ümumən türk, müsəlman mənşəli və digər qeyri-rus xalqların nümayəndələri Rusiya polisi və dövlət strukturları tərəfindən ayrı-seçkiliyə məruz qalır. Onlara qarşı saxta ittihamlar irəli sürülür, hüquqları pozulur, psixoloji və hüquqi basqılara məruz qalırlar.

Üçüncü vurğumuz – “qanuni” kriminal qrupların təşkili ilə bağlıdır.
Əfsuslar olsun ki, bəzi hallarda kriminal ünsürlər hüquq-mühafizə orqanlarının gözü qarşısında, bəzən isə birbaşa həmin strukturların içində formalaşır və genişlənir. Belə təcrübələr, dövlətin hüquqi dayaqlarını zəiflədir, ictimai güvəni sarsıdır.

Yaxşı, bəs, bu, nəhayət sonuncu hal ola bilərmi?

Təəssüf ki, Yekaterinburq hadisəsinin sonuncu belə hadisə olacağını düşünmək üçün heç bir əsasımız yoxdur. Mövcud siyasi və sosial kontekstdə Rusiyada bu cür hadisələrin davam edəcəyi ehtimalı yüksəkdir:

– Müharibədən qaynaqlanan sosial və institusional boşluqlar;
– Məhkumların və müharibə veteranlarının kriminal qruplaşmalara və hüquq-mühafizə sisteminə inteqrasiyası;
– Qeyri-rus mənşəlilərə qarşı sistematik dövlət zorakılığı və kriminallaşmanın artması;
– “Hərbi nüfuzu sarsıtmaq” və “ekstremizm” kimi hüquqi cəhətdən qeyri-dəqiq anlayışlarla Rusiya qanunvericiliyinin “silahlandırılması” — bütün bunlar hüququn obyektiv alət olmaqdan çıxarılaraq repressiv vasitəyə çevrilməsinə zəmin yaradır.

Hələ ötən il Qroznı üzərində məcburi enişə imkan verilməyən AZAL uçağında baş verən faciənin ili çıxmamış Yekaterinburqda belə bir hadisənin baş verməsi cəmiyyətimizdə dərin suallar doğurur.
bir diaspor liderinin vətəndaşlıqdan çıxarılması (ötən il),
Xanti-Manti Muxtar Dairəsi Dumasının azərbaycanlı üzvünün tarixi kontekstdə dediyi obyektiv sözə görə gözümçıxdıya salınması (iyunun əvvəlləri),
Azərbaycan Milli Məclisi üzvünün (5 may) Həştərxana uçuşuna izn verilmədən Moskvadan geri qaytarılması…
daha nələr, nələr və indi də Yekaterinburq hadisəsi… Bu cür hallar dövlətlərarası razılaşmaların, o cümlədən 22 fevral 2022-ci il tarixli, Azərbaycan ilə Rusiya arasında qarşılıqlı fəaliyyət haqqında məlum Bəyannaməyə hərfbəhərf ziddir. Əgər hər hansı bir güvən pozuntusu olubsa belə, bu pozuntunun məsuliyyəti bizə yox, yüzdəyüz qarşı tərəfə aiddir.

Rusiya Federasiyası artıq çoxsaylı beynəlxalq sanksiyalar və beynəlxalq tənqid hədəfində olduğu bir ortamda Kreml belə halların nəticələrini necə qiymətləndirir? – bu, böyük sualdır.

Uzun sözün qısası, Qanlı Yekaterinburq hadisəsi nə ilkdir, nə də görünür ki, sonuncu olacaq. Rusiya dövlət sistemində hüquq-mühafizə orqanlarının kriminal meyllərlə davranması, təəssüf ki, strukturlaşdırılmış bir problemdir. Bu təcrübələrin qarşısını almaq, hazırkı siyasi və hüquqi mühitdə olduqca çətin görünür. Görünən odur ki, ciddi institusional islahatlar, hüquqi müstəqillik və güclü beynəlxalq təzyiqlər olmadan bu kimi sistematik pozuntuların qarşısı alınmayacaq.

Belə bir ortamda beynəlxalq hüquq mexanizmlərinin – o cümlədən sanksiyaların, məhkəmə araşdırmalarının, tematik məruzələrin və faktaraşdırıcı qrupların – daha sürətli və təsirli tətbiqi zəruridir. Fərdi və kollektiv hüquqi iddiaların irəli sürülməsi də həm cəmiyyətin, həm dövlətin çıxarları baxımından önəmlidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Seçilən
0
50
turkustan.az

10Mənbələr