AZ

Rusiya hüquq-mühafizə orqanlarının soydaşlarımıza qarşı qəddar davranışına heç bir halda haqq qazandırıla bilməz ŞƏRH

Bakı, 29 iyun, AZƏRTAC

“Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində törədilmiş zorakılıq və işgəncə nəticəsində soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət alması insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Rusiya hüquq-mühafizə orqanlarının soydaşlarımıza qarşı bu qəddar davranışına heç bir halda haqq qazandırıla bilməz. Bu cür aqressiv və iqrçi davranışlar Bakı ilə Moskva arasında münasibətlərə zərbə vurur”.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

“Azərbaycanlılara qarşı törədilən zorakılığa görə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ay ölkəmizə nəzərdə tutulan səfərinin ləğvi də göstərir ki, Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin səfərində heç bir əhəmiyyət görmür.

Ümumiyyətlə, Rusiyada bəzi qüvvələr Azərbaycana qarşı yersiz qəzəb və qərəzlərini gizlədə bilmirlər. Biz bunu Rusiya mediasında, bəzi rus ekspertlərin müxtəlif platformalarda ikrah hissi ilə səsləndirdikləri fikirlərdə də zaman-zaman müşahidə edirik. Bəzi aqressiv dairələr azərbaycanlıların ölkədən qovulması iddialarını tez-tez gündəmə gətirirlər. Halbuki dünyanın hər yerində olduğu kimi, Rusiyada yaşayan soydaşlarımız da heç vaxt destruktiv mövqedə olmayıb. Əksinə, yaşadıqları ölkənin qanunlarına, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşırlar. Bəzi etniklər kimi yaşadıqları ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmirlər.

Azərbaycan tərəfi hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını, eyni zamanda, zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini gözləyir. Məsələyə ədalətli hüquqi qiymət verilməlidir”, - deyə N. Məmmədova qeyd edib.

Seçilən
1
50
azertag.az

10Mənbələr