AZ

Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir - Rəşad Mahmudovun YAZISI

Son dövrlərdə Rusiya Federasiyasında müşahidə olunan daxili proseslər bu ölkənin dövlət siyasətində milli ayrı-seçkiliyin, şovinizmin və sistemli diskriminasiyanın dərin kök atdığını bir daha təsdiqləyir. Xüsusilə də Yekaterinburqda azərbaycanlıların yaşadığı ünvanlara Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil olunan basqınlar artıq sıradan hüquq-mühafizə tədbiri kimi yox, məqsədli və idarə olunan kampaniyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Bu hadisələr Rusiyanın hazırda üzləşdiyi struktur böhranların – hərbi, demoqrafik və siyasi – miqrantlar və etnik azlıqlar üzərindən kompensasiya olunması cəhdini ortaya qoyur. Ukrayna ilə müharibədə ciddi itkilər verən və insan resursu qıtlığı yaşayan Kreml indi miqrantları müxtəlif formada – hədə, şantaj, yalan vəd və zorakılıq yolu ilə hərbi xidmətə cəlb edir. Bu proseslərin arxa planında qeyri-rus əhali üzərində basqının dövlət səviyyəsində sistemləşdirilməsi dayanır.

Miqrantlar narkotik ittihamları, törətmədikləri cinayətlərlə şərlənmə, ailə üzvləri ilə təhdid olunma kimi alçaldıcı üsullarla “seçim qarşısında” qoyulur: ya müharibəyə gedəcəksən, ya da həbs olunacaqsan. Müharibəyə cəlb olunan şəxslər isə vəd edilən kompensasiyalardan məhrum edilir, sağ qayıtdıqdan sonra yenidən eyni mexanizmlə şantaja məruz qalırlar. Bu cür metodların tətbiqi artıq fərdi hallar deyil, strukturlaşdırılmış kampaniyanın bir parçasıdır.

Rusiya vətəndaşı olan qeyri-rus mənşəli şəxslər – tatarlar, başqırdlar, qafqazlılar, Orta Asiya və türksoylu icmalar – eyni təzyiq və diskriminasiya ilə üz-üzədir. Bu mənzərə artıq regional miqyas alıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin bu yaxınlarda səsləndirdiyi etiraflar da problemin dövlət səviyyəsində bilindiyini, lakin aradan qaldırılmadığını göstərir.

Bu kontekstdə Azərbaycana qarşı münasibət ayrıca təhlil olunmalıdır. Azərbaycan hələ də 2024-cü ildə mülki təyyarəsinin vurulması məsələsini xatırlayır. Rusiya bu insidentə münasibətdə passiv mövqe sərgiləyərək, həm hüquqi, həm də siyasi baxımdan etimad mühitinə xələl gətirib.

Digər narahatedici məsələ Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən kiberhücumdur. Milli Məclisin müvafiq komissiyasının hesabatına görə, bu hücumların arxasında Rusiya mənşəli texniki və siyasi dayaqların olduğu açıq şəkildə göstərilib. Eyni zamanda, Həştərxanda keçirilən tədbirə dəvət alan azərbaycanlı millət vəkilinin Rusiya ərazisinə buraxılmaması bu ölkədə Azərbaycana qarşı sistemli siyasi münasibətin göstəricisidir.

Rusiya daxilində islamofobiyanın artması da ciddi narahatlıq doğurur. Ənənəvi olaraq digər xalqlara qarşı şovinist münasibət göstərən Kreml bu tendensiyanı indi müsəlman icmalarına qarşı da yönəltməyə başlayıb. Vladimir Solovyov kimi Kremlə yaxın mediada çalışan fiqurların açıq anti-Azərbaycan çıxışları yalnız fərdi fikirlər deyil, Kremlin icazəsi və ya təlimatı ilə yönləndirilən rəsmi ritorikanın tərkib hissəsi kimi çıxış edir.

Rusiyanın bu siyasəti onu göstərir ki, ölkə daxilində ciddi narazılıq və iqtisadi böhran fonunda yeni “düşmən obrazları” formalaşdırılır – Qərbin ardınca müsəlman xalqlar, qeyri-ruslar, xüsusilə də postsovet coğrafiyasından olan icmalar hədəfə alınır. Bu, həm də imperiya zehniyyətinin növbəti təzahürüdür.

Cənubi Qafqazla bağlı Moskvadan qaynaqlanan gərginlik də bu strategiyanın tərkib hissəsidir. Ermənistanda Koçaryan, Sarkisyan və digər Moskvayönlü siyasi qüvvələrin revanşist ritorikalarının artması təsadüfi deyil. Bu ritorika təkcə daxili siyasi mübarizə vasitəsi deyil, həm də regionda yeni münaqişə ocaqlarının yaradılması üçün siyasi zəminin hazırlanmasıdır. Məqsəd aydındır: Cənubi Qafqazı yenidən qeyri-sabitlik və müharibə arenasına çevirmək.

Bu vəziyyət Azərbaycana strateji soyuqqanlılıq, ardıcıl diplomatik fəaliyyət və regional balans siyasətinin daha da gücləndirilməsi zərurətini diktə edir. İstər informasiya təhlükəsizliyi, istərsə də beynəlxalq tribunalarda hüquqi təqib baxımından Rusiya ilə münasibətlərdə real təhlükə balansı yaradılmalı, suverenliyə qarşı atılan hər addıma adekvat cavablar verilməlidir.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Seçilən
3
18
musavat.com

10Mənbələr