AZ

Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq – dövlət səviyyəsində cinayətin yeni mərhələsi


Müəllif: Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev


Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan azərbaycanlıların yaşadığı evlərə Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən basqınlar, bu basqınlar nəticəsində dinc soydaşlarımızın amansızcasına qətlə yetirilməsi, ağır bədən xəsarətləri alması və bir neçə nəfərin saxlanılması nəinki hüquqi çərçivəyə sığır, əksinə, bilavasitə dövlət strukturları tərəfindən törədilən cinayət aktıdır.
Bu hadisə Rusiya güc strukturlarının gecə saatlarında mülki şəxslərin yaşadığı evlərə zorla daxil olaraq onları həyatından məhrum etməsi ilə 5 il öncə Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirərək günahsız insanları qətlə yetirməsi arasında ciddi paralellər aparmağa əsas verir. Mahiyyət dəyişmir: məqsəd, qorxu yaymaq, mülki insanları hədəfə almaq və etnik mənsubiyyətə görə cəzalandırmaqdır.
Rusiya uzun müddətdir ki, beynəlxalq hüququn prinsiplərinə deyil, imperiya maraqları və sovet repressiya təfəkkürünə əsaslanan siyasət yürüdür. Təəssüf doğuran məqam budur ki, Azərbaycan bütün bu illər ərzində Rusiya ilə münasibətləri qarşılıqlı hörmət, dostluq və mehriban qonşuluq prinsipləri üzərində qurmağa səy göstərib. Ərazilərimizdən Rusiya əleyhinə istifadə edilməsinə icazə verməyib, hətta Qərb-Rusiya qarşıdurmasında neytrallığını qoruyub. Amma qarşılığında soydaşlarımıza qarşı sistematik zorakılıq və hüquqsuzluqla üz-üzə qalmışıq.
Burada daha vacib və narahatedici bir sual ortaya çıxır: 22 fevral 2022-ci il tarixli Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsinə əsasən, iki dövlət arasında strateji tərəfdaşlıq və bərabərhüquqlu əməkdaşlıq razılaşdırılıb. Rusiya tərəfi bu sənəddə qarşılıqlı hörmətə və etimada sadiqliyini ifadə edib. Həmin sənədin 40-cı maddəsində isə açıq şəkildə qeyd olunur ki, diaspor təşkilatlarının fəaliyyəti təşviq olunmalı, humanitar əlaqələrin genişlənməsinə dəstək verilməlidir. Bəs indi sual olunur: soydaşlarımızın zorakılığa məruz qalması bu öhdəliklərə necə uyğundur?
Görünən odur ki, Rusiya tərəfindən etnik və dini azlıqlara qarşı sistemli şəkildə diskriminasiya və zorakılıq siyasəti yürüdülür. Azərbaycanlılara qarşı edilən son zorakılıq aktı təkcə hüquqi deyil, eyni zamanda mənəvi və siyasi baxımdan tamamilə qəbuledilməzdir. Bu cür davranışlar Rusiya dövlətinin multietnik federativ modeldən de-fakto uzaqlaşdığını və monoetnik, şovinist sistemə doğru irəlilədiyini göstərir.
Rusiya bu gün Ukraynada tətbiq etdiyi dağıdıcı siyasəti artıq öz daxilində də, xüsusilə də türk və müsəlman xalqlara qarşı həyata keçirməyə başlayıb. İndi bu rolu skinhed dəstələr deyil, bilavasitə hüquq-mühafizə orqanları icra edir. Bu isə onu göstərir ki, repressiya dövlət səviyyəsində leqallaşdırılıb.
Ən acınacaqlısı isə odur ki, "etnocinayətkarlıq" kimi saxta anlayışlar yaradılaraq Qafqaz və Orta Asiyadan gələn miqrantlar əvvəlcədən cəmiyyətə “cinayətkar” kimi təqdim edilir və hüquqi təqiblərə zəmin hazırlanır. Bu, Stalin dövrünün metodlarını belə kölgədə qoyan açıq siyasi terrordur.
Hadisələrin arxasında yatan ideoloji baza – "Rusiya ruslar üçündür" tezisi – digər xalqlara qarşı nifrət ritorikasını stimullaşdırır. Bu isə nəinki insan hüquqlarını pozur, həm də Rusiyanın daxili sabitliyini uzunmüddətli perspektivdə təhlükəyə atır. Azərbaycanın da daxil olduğu müsəlman və türk dünyasına qarşı aparılan bu şovinist, islamofob və türkofob ritorika daxildə siyasi konsolidasiyanı artırmaq məqsədi daşısa da, əslində imperiyanın zəifləməsinin göstəricisidir.
Azərbaycan ictimaiyyəti bu hadisələrə qarşı səssiz qalmamalıdır. Dövlət səviyyəsində müvafiq tədbirlər görülməli, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalı və Rusiyadan izahat tələb olunmalıdır.
Əlavə olaraq, Rusiyanın Azərbaycanda keçirməyi planlaşdırdığı bütün mədəniyyət tədbirləri – konsertlər, tamaşalar, festivallar, sərgilər və digər tədbirlər dərhal ləğv olunmalıdır. Bu, həm etiraz forması, həm də beynəlxalq hüquqa və insan haqlarına sadiqliyimizin nümayişi kimi dəyərləndirilməlidir.
Azərbaycan bir daha sübut etdi ki, heç bir təzyiq onun milli maraqlarından, müstəqil siyasətindən və soydaşlarının hüquqlarını müdafiə etmək iradəsindən döndərə bilməz.


Seçilən
3
50
nuh.az

10Mənbələr