AZ

Elman Nəsirov: Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, amma zərbələr alır

Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmamasına baxmayaraq, bu ölkədən zərbələr alıb.

Far.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, Rusiyada azərbaycanlılara qarşı keçirilmiş əməliyyat xüsusi qəddarlığı ilə seçilir:

"Bu əməliyyat zamanı Səfərovlar ailəsindən qətlə yetirilənlər və işgəncəyə məruz qalanlar var. Bu, Stalin repressiyalarını xatırladır. O dövrdə heç olmasa görüntü xatirinə məhkəmə qurulurdu. İndi isə heç bir məhkəmə olmadan onları cinayətkar elan edib qətlə yetiriblər. Bu prosesin arxasında Rusiyanın hüquq-mühafizə orqanları dayanır. "OMON"un bu qədər azğınlaşması insanlarda hiddət doğurur. Hansı məhkəmənin qərarı ilə bu hadisə baş verib? Bütün bunlar dünyanın gözü qarşısında baş verir".

Deputatın sözlərinə görə, Rusiyada hüquq sahəsində xaos hökm sürür:

"Rusiya Ukraynada törətdiyi əməllərə görə lazımi cəzanı almadığı üçün arxayınlıq yaranıb. Hesab edirəm ki, Rusiya rəhbərliyi bu məsələdə – cinayətkarların ifşa olunması ilə bağlı – qətiyyətli olmalıdır. Rusiya dövləti anlamalıdır ki, bu gün onun tərəfdaşlarının sayı barmaqla sayılacaq qədərdir. Azərbaycan heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, əvəzində isə zərbələr alıb. Təyyarə qəzasından sonra nə Azərbaycana kompensasiya ödənildi, nə də cinayətkarlar cəzalandırıldı. Azərbaycanlı deputatın Rusiyadan deportasiya edilməsi də hələ unudulmayıb. Eyni zamanda, bu ölkədən Azərbaycana qarşı kiberhücumların təşkil olunduğu da ortaya çıxıb. Son baş verənlər Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik sazişinin ruhuna uyğun deyil".

Seçilən
6
3
far.az

10Mənbələr