AZ

“Azərbaycanlı olmaq günah deyil!” – SƏRT BƏYANAT 

Azərbaycanlı hüquq müdafiəçiləri hüquq müdafiə təşkilatlarına, jurnalist cəmiyyətinə, vətəndaş cəmiyyətinə və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunur:

"27 iyun 2025-ci il tarixində Yekaterinburq şəhərində Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının iştirakı ilə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirilmişdir. Əməliyyat zamanı onlarla Azərbaycan vətəndaşı və azərbaycanlı əsilli şəxs saxlanılıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının qanunsuz və qəddar davranışı nəticəsində saxlanılan şəxslərdən ikisi - Ziyəddin və Hüseyn Səfərov qardaşları həyatını itirib. İlkin məlumatlara əsasən, onların ölümü döyülmə və ehtimal edilən işgəncə nəticəsində baş verib.

Biz - Azərbaycan hüquq müdafiəçiləri - bu hadisələrdən dərin narahatlıq və hiddət duyduğumuzu bildiririk.

Bizim narahatlığımızı artıran əsas məqamlar bunlardır:

Saxlanılan şəxslərin ölümünün qanuni güc tətbiqi çərçivəsinə sığmaması

İstintaq prosesinin şəffaf olmaması, məlumatların gizlədilməsi

Rusiya Federasiyasının Konstitusiyasının, Cinayət Məcəlləsinin və beynəlxalq hüquq qarşısında öhdəliklərinin, xüsusilə:

BMT-nin İşgəncələrə Qarşı Konvensiyası

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt

Avropa İnsan Hüquqları Konvensiyası kimi sənədlərin bir sıra müddəalarının pozulması ehtimalı

Ən ciddi narahatlıq doğuran məsələ - Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı sistemli və ayrı-seçkilik dolu münasibətidir. Cinayətkarlıqla mübarizə adı altında azərbaycanlı icmasının nümayəndələrinə qarşı seçici, alçaldıcı və aqressiv davranışlar müşahidə olunur. Bu isə hüquq-mühafizə orqanlarında ksenofobiya, etnik gərginlik və cəzasızlıq atmosferi yaradır.

Biz hesab edirik ki, bu cür nümayişkaranə, qəddar, qeyri-şəffaf və qanunsuz əməliyyatlar azərbaycanlı mənşəyini "hədəf"ə çevirən təhlükəli presedent formalaşdırır. Bu isə azərbaycanlılara qarşı ictimai qəzəbin və zorakılığın legitimləşdirilməsinə xidmət edir.

Hazırkı vəziyyət Azərbaycandan olan şəxslərə qarşı nifrət zəminində cinayətlərin artması riskini daşıyır. Bu hadisələr isə etnik gərginliyin süni şəkildə körüklənməsi və azərbaycanlı diasporasına qarşı qorxu atmosferi yaratmaq üçün planlaşdırılmış addımlar kimi qiymətləndirilməlidir.

Biz bu baş verənləri Azərbaycan icmasına qarşı sistematik siyasi kampaniyanın tərkib hissəsi kimi qiymətləndiririk. Hüquq-mühafizə orqanlarının bu prosesdə alətə çevrilməsi bizi ciddi narahat edir.

Biz bəyan edirik:

Hər bir insan milliyyətindən, vətəndaşlığından və hüquqi statusundan asılı olmayaraq, həyat hüququna, işgəncədən və qəddar rəftardan qorunma hüququna malikdir

Məhkəmə hökmü olmadan saxlanılan şəxsin qəsdən öldürülməsi qəbuledilməzdir və müstəqil araşdırma tələb edir

Hadisənin detalları gizlədilərsə və ya iş ört-basdır edilərsə, bu, cinayətdə şəriklik kimi qiymətləndiriləcəkdir

Bu, yalnız Səfərov qardaşlarının faciəli ölümü deyil. Söhbət onlarla digər saxlanılan soydaşımızdan gedir - onların günahı sübuta yetirilməyib, məhkəmə qarşısına çıxarılmayıblar, lakin qəddar rəftar, alçaldıcı davranış, işgəncə və ağır saxlanma şəraiti ilə üzləşiblər.

Günahsızlıq prezumpsiyası hüquqi dövlətdə əsas prinsip olduğu halda, milli mənsubiyyətə görə cəza təfəkkürü bu prinsipi ayaqlayır.

Biz görürük:

İnsanlar hüquqi dövlətdə yolverilməz olan üsullarla, qapalı otaqlarda, vəkilə çıxışı olmadan, tibbi yardımsız və məhkəməsiz şəkildə təzyiqlərə məruz qalırlar. Bu, repressiv dövlət aparatının üz-üzə qoyduğu hər bir insan üçün təhlükə deməkdir.

Söhbət sadəcə "səhv yerdə olmaqdan", "uyğun olmayan soyadda doğulmaqdan" və ya "istənilməyən mənşəyə sahib olmaqdan" belə təqibə və zorakılığa məruz qalmaq ehtimalından gedir.

Əgər bu gün biz sussaq, sabah bu davranış digər azlıqlara qarşı da tətbiq oluna bilər. İnsan hüquqları bölünməz və ümumbəşəri dəyərlərdir - onları milli, etnik və ya vətəndaşlıq əsasına görə ayırmaq hüquqi dövlət anlayışını deqradasiyaya uğradır.

Biz çağırırıq:

"İşgəncələrə qarşı Komitə", "Memorial", "Agora" və digər hüquq müdafiə təşkilətlərini vəziyyəti nəzarətə götürməyə və müstəqil ictimai nəzarət həyata keçirməyə

Rusiya jurnalist cəmiyyətini - öz müstəqil araşdırmalarını aparmağa və bu faciənin unudulmasına imkan verməməyə

Rusiya Federasiyası İstintaq Komitəsini - vəzifə səlahiyyətlərinin aşılması, işgəncə və ölüm faktları ilə bağlı dərhal cinayət işi açmağa

Rusiya vətəndaşlarını - dövlət adından törədilən zorakılıq qarşısında laqeyd qalmamağa və həmrəylik göstərməyə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
19
olaylar.az

10Mənbələr