Almaniyanın DW media qurumunun köşə yazarı Tatyana Felgenhauer bu mövzuda yeni məqaləsində maraqlı məqamlara toxunub.
Felgenhauer yazır ki, hətta Müdafiə Nazirliyi ilə bağlanan dəli məbləğli müqavilələr belə Rusiya hakimiyyətinə əsas olanı - xidmət edənlərin bu "müqəddəs borca" həqiqətən inanmasını təmin edə bilmir. Onun sözlərinə görə, "ordu və donanma elə insanlarla doludur ki, nə etdiklərini, nə üçün etdiklərini düzgün təsəvvür etmirlər". Üstəlik, hərbi komissarlıqların qarşısında da uzun növbələr yoxdur.
Köşə yazarının diqqət çəkdiyi başqa mühüm məqam da odur ki, hazırda Rusiyada baş verən "Xüsusi Hərbi Əməliyyat" (SVO) elə bir yerə çevrilib ki, oraya ya uzunmüddətli həbs cəzasını xidmət müqaviləsi ilə əvəz etməyə çalışan cinayətkarlar, ya da korrupsiyaya bulaşmış məmurlar qaçmağa çalışırlar.
Felgenhauer xatırladır ki, çağırış ordusu Rusiyada əslində bir sürgün növüdür və Kremlin bunu açıq şəkildə göstərdiyi ən bariz nümunələrdən biri 2019-cu ildə müxalifətçi Ruslan Şavedinovun faktiki olaraq oğurlanaraq Novaya Zemlyaya hərbi xidmətə göndərilməsidir.
Onun fikrincə, hakimiyyətin bu yeni "səmimiyyəti" və məişət repressiyaları - yəni adi vətəndaşlara yerli məmurlarla hər hansı mübahisəyə görə cəbhəyə göndərilməklə hədələmələri - Rusiyada kütləvi şüurda dərin ziddiyyətlər yaradır. Çünki eyni hakimiyyət bir tərəfdən bunun "müqəddəs müharibə" olduğunu, hər kəsin qəhrəmanlıq edə biləcəyini təbliğ edir, digər tərəfdən isə ordunu sürgün və cəza vasitəsi kimi təqdim edir.
Felgenhauerin bu mövzuda daha geniş təhlilini DW saytında dərc olunan köşəsində rus dilində oxumaq mümkündür.