AZ

Yekaterinburqda baş verən qanunsuzluq təkrar olunmamalıdır

Rusiyanın Sverdlovsk vilayətində hüquq-mühafizə orqanlarının hüquqazidd addımları hərtərəfli araşdırılmalı və etnik azərbaycanlıların ölümü və yaralanması ilə nəticələnən qanunsuz hərəkətlərdə iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADЕF) baş katibinin müavini Serdar Ünsal deyib.

O, Yekaterinburqda baş verən hadisələri qəti şəkildə pisləyib, Azərbaycanın diaspor nümayəndələrinə qarşı aparılan istintaq hərəkətlərinin sifariş xarakterli olduğunu istisna etməyib. “Hər hansı cinayətdə şübhəli bilinən şəxslər qanun qarşısında cavab verməlidir, hüquq-mühafizə orqanlarının qurbanına çevrilməməlidir. Rusiyanın müvafiq strukturlarının hərəkətləri, o cümlədən işgəncə tətbiq etmələri yolverilməzdir”, – deyə o vurğulayıb.

TADЕF sədr müavini Rusiyada türklərə və azərbaycanlılara qarşı düşmənçilik və nifrət hallarını xatırladıb, baş verənlərdə radikal ünsürlərin və erməni lobbi qruplarının da rolunun ola biləcəyini istisna etməyib. Onun sözlərinə görə, Rusiyada çoxsaylı Azərbaycan diasporu bu ölkənin digər vətəndaşları ilə eyni hüquqlara malikdir: “Etnik mənsubiyyətə görə təzyiq göstərmək heç bir dövlət üçün yolverilməzdir”, – deyən S.Ünsal təzyiq və təqiblər qarşısında susmamağa çağırıb.

“İnsan hüquqlarının müdafiəsi üzrə təşkilatlar Sverdlovsk vilayətində baş verən hadisənin araşdırılmasına ən fəal şəkildə qoşulmalıdır. Əgər qanunsuzluğu görməzdən gəlsək, bu cür faciələr təkrar olacaq və artacaq. Həlak olanların və yaralananların ailələrinə, bütün Azərbaycan xalqına başsağlığı verirəm”, – deyə o qeyd edib.

Seçilən
0
50
sia.az

10Mənbələr