Bakı, 29 iyun, AZƏRTAC
Rusiyada azərbaycanlıların, özbəklərin, qırğızların, türkmənlərin və digər xalqların üzərinə yönəlmiş şovinist-islamofob basqının birbaşa siyasi sifariş olduğunu anlamamaq mümkün deyil. Bu sistemli ayrı-seçkiliyin arxasında Kremlin özü, şəxsən Vladimir Putin dayanır. Çar idarəçilik sistemindən sovet dönəminə, oradan postsovet mərhələyə uzanan məntiqi xətt dəyişməz qalır: imperiya maraqları naminə “digərlərinin” əzilməsi. Ən acı paradoks budur ki, eyni dili, eyni dini paylaşdığı slavyan Ukraynaya qarşı belə amansız müharibə aparan Rusiya qeyri-slavyan xalqlara münasibətdə daha yumşaq davranmağa heç motivasiya da duymur: Buça və İrpin kimi soyqırımı nümunələri Moskvanın hədsiz zorakılıq həddini artıq aşkar göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Züriyə Qarayeva söyləyib. O bildirib ki, SSRİ dağıldıqdan sonra rus şovinizmi ilə islamofobiya vahid ideoloji platformada birləşdi. Çeçenistana tətbiq edilmiş “etnik təmizləmə modeli” indi çoxmillətli Rusiya daxilində təkrarlanır: “1990-cı illərdə küçələrdə azğınlaşdırılan “skinhed” dəstələri faktiki olaraq xüsusi xidmət orqanlarının səhnələşdirilmiş aləti idi. Bu gün həmin missiyanı açıq-aşkar polis, “Rosqvardiya” və OMON özü icra edir. Hüquq-mühafizə strukturunda uydurulmuş “etnocinayətkarlıq” termini başqa millətləri öncədən “cinayətkar” damğası ilə stiqmatlaşdırmağa hüquqi don geyindirir və repressiyalara zəmin yaradır. Yekaterinburqda azərbaycanlı gənclərin amansızcasına döyülməsi, ardınca törədilən qətllər, OMON-un küçədə sərt reydləri bu mexanizmin canlı nümunəsidir: repressiya daha maskalanmır, dövlət ritualları səviyyəsində legitimləşdirilir”.
Politoloq qeyd edib ki, azərbaycanlılara qarşı aparılan prosesin ideoloji qanadını isə Rus Pravoslav Kilsəsi daşıyır: kilsə tribunalarından yayılan “müqəddəs savaş” ritorikası polis zorakılığını ilahiləşdirir, tənqidçiləri “düşmən” kateqoriyasına salaraq rəsmiləşdirir. Beləliklə, Rusiya özünün humanizm iddiasını alt-üst edir və rus xalqını da bu zorakılıq paradoksunun girovuna çevirir.
Stalin repressiyalarında belə formal istintaq, məhkəmə, həbs düşərgəsi “rəsmi prosedur”u var idi. İndiki sistem küçədə güllələmək, işgəncə vermək kimi sərhədləri aşmaqdan çəkinmir. 20 Yanvar qırğını, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının 30 illik işğalı, Türkiyə təyyarəsinin vurulması, deputatımızın Rusiyaya buraxılmaması, dövlət portallarımıza yönəlik kiberhücumlar – hamısı eyni ardıcıl siyasətin həlqələridir. Moskva üçün regionda hər hansı müstəqil mövqe – siyasi, dini, yaxud mədəni – “təhlükə” statusu daşıyırsa, cavab açıqdır: güc, qorxu və hüquqsuzluq.
Bugünkü mənzərə göstərir ki, Rusiya yalnız beynəlxalq hüququ deyil, təməl humanitar dəyərləri də sistemli şəkildə tapdalayır. Bu, həm Kreml üçün, həm də sərsəmləyici təbliğatla manipulyasiya olunan rus cəmiyyəti üçün tarixi fəlakətdir. Digər xalqlar üçün isə reallıq ayinidir: imperiya instinkti dəyişmir, sadəcə forması sərtləşir.