AZ

Rusiya ukraynalı yeniyetmələri casusluğa necə cəlb edir?

Rusiya Federal Təhlükəsizlik Xidməti ukraynalı yeniyetmələri işə cəlb etmək üçün populyar messencerlərdən, xüsusən də Telegram-dan getdikcə daha çox istifadə edir, əməkdaşlıq müqabilində onlara tez pul təklif edir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times yazıb.

Ukrayna rəsmiləri nəşrə bildiriblər ki, yeniyetmə və gənclərin, o cümlədən hərbi əməliyyatlardan əziyyət çəkən, maddi sıxıntı yaşayan və ya sadəcə olaraq yeni iPhone üçün kifayət qədər pul qazanmaq istəyən yetim və köçkünlərin sistematik şəkildə işə götürülməsini müşahidə edirlər. Eyni zamanda, rəsmilər Moskvanın hərəkətlərini ukraynalı yeniyetmələri öz xalqlarına qarşı müharibə silahına çevirmək kimi səciyyələndiriblər.

"SBU-nun sözçüsü Artem Dextyarenko FT-yə bildirib ki, ötən ilin yazından bu qurum Rusiya kəşfiyyatçılarının uzaqdan təşkil etdiyi casusluq, yanğınlar və partlayışlarda iştirak edən 700-dən çox adamı həbs edib. Onlardan təxminən 175 nəfəri və ya təxminən 25%-i 18 yaşdan aşağı olub", deyə nəşr yazır.

O qeyd edib ki, əksər casuslar öz missiyalarını bilərəkdən yerinə yetiriblər, lakin bəziləri aldanaraq bunu qeyri-ixtiyari ediblər.

"Yetkinlik yaşına çatmayanlar hərəkətlərinin nəticələrini qabaqcadan görə bilmirlər" deyən Dextyarenko qeyd edib ki, onlar Rusiya tərəfindən işə cəlb olunmağa xüsusilə həssasdır.

O qeyd edib ki, Rusiya kampaniyası keçən ilin yazında dəmir yolu boyunca avtomobillərin və elektrik yarımstansiyalarının yandırılması tapşırıqları ilə başlayıb. Sonra onlar strategiyalarını təkmilləşdirərək hərbi qeydiyyat və komissarlıqları yandırmağa başlayıblar. Bu ilin əvvəlində oonlar ukraynalılardan kamikadze kimi istifadə etməyə start verib.

Problem o həddə çatıb ki, Ukrayna hakimiyyəti yeniyetmələr arasında məsələ ilə bağlı məlumatlılığı artırmaq və onlara FSB-nin tələsinə düşməməyi öyrətmək üçün ümummilli məlumat kampaniyasına başlayıb.

FT-nin qeyd etdiyi kimi, işə qəbul kanalları oxşar sxem üzrə fəaliyyət göstərir: anonim istifadəçi gənclərə Telegram, Discord, WhatsApp və ya Viber vasitəsilə tez və asan pul təklifləri ilə müraciət edir:

"Rusiya kuratorları əlaqə qurduqdan sonra hərbi obyektlərin və ya hava hücumundan müdafiə sistemlərinin fotoşəkillərinin çəkilməsindən tutmuş partlayıcı qurğuların yerləşdirilməsinə və ya enerji infrastrukturu obyektlərinin və işə götürülmə məntəqələrinin yandırılmasına qədər koordinatlar və təlimatlar təqdim edirlər. Söz verilən ödəniş 100 dollardan 1000 dollara qədərdir".

Bəzən rus casusları yeniyetmələr arasında məşhur olan xəzinə ovuna bənzər oyunlar - "kvestlər" adı altında ukraynalıları işə cəlb edirlər.

"Kvestin qaydalarına əsasən, uşaqlar FSB-dən geolokasiya alıblar. Onların vəzifəsi müəyyən yerə çatmaq, işarələnmiş obyektlərin foto və videolarını çəkmək və ərazinin qısa təsvirini verməkdən ibarət olur", deyə SBU rəsmisi belə bir hadisə haqqında bildirib.

SBU-ya görə, onlar qaliblərinin pul mükafatı aldıqları bir oyunda iştirak etdiklərinə inanırlar.

Həmçinin iyun ayında SBU yeni işə götürmə taktikası barədə xəbərdarlıq etmişdi: özünü Ukrayna rəsmiləri kimi təqdim edən rus agentləri uşaqları aldadırlar və ya onlara təzyiq göstərirlər ki, öz ölkələri adından təxribat və ya kiberhücumlar həyata keçirsinlər.

Bu günlərdə işğalçılar İvano-Frankivsk şəhərinin mərkəzində terror aktı törətmək üçün 15 yaşlı məktəblini cəlb etməyə cəhd ediblər.

SBU bildirib ki, rus kəşfiyyatçı qıza messencerdə yazıb və əməkdaşlıq qarşılığında pul təklif edib. İşğalçıların göstərişinə əsasən, azyaşlı əldəqayırma partlayıcı qurğu hazırlamalı, onu qoz-fındıqla möhkəmləndirməli və termosda gizlətməli, sonra isə pik saatlarda PUA-nı şəhər parkına çatdırmalı idi. Bu zaman FSB azyaşlı agentlə birlikdə partlayıcını uzaqdan işə salmağı planlaşdırırmış.

Poliqon.info

Seçilən
18
42
poliqon.info

10Mənbələr