Mövsüm başlayandan 14 nəfər qarpızdan zəhərlənib. Bəs zəhərlənməyə səbəb nədir? Hansı hallarda və nə üçün qarpız təhlükəli ola bilər? Qarpızdan zəhərlənmə əlamətləri ortaya çıxdıqda ilk növbədə nə etmək lazımdır? Ev şəraitində ilkin yardım necə göstərilməlidir?

Moderator.az-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, qarpız yay fəslində çox sevilən və bol istehlak olunan meyvədir.
Qida eksperti qeyd edib ki, ancaq bəzi hallarda düzgün saxlanılmadıqda, keyfiyyətsiz və ya vaxtından əvvəl yetişdirildikdə, zəhərlənmə riski yarada bilər:
“ Artıq bir neçə nəfərin qarpızdan zəhərlənməsi bu məsələyə ciddi yanaşmağı tələb edir.
Qarpızdan zəhərlənməyə səbəb ola biləcək amillər hansılardır?
- Vaxtından əvvəl yığılan və yetişdirilən qarpızlar.
- Süni yollarla tez yetişdirilən qarpızlarda (məsələn, karbamid, azot tərkibli gübrələr və ya kimyəvi maddələr) nitrat səviyyəsi yüksək ola bilər.
- Nitrat orqanizmdə nitritə çevrilir və zəhərlənməyə səbəb olur.
Çatlamış və ya qabığı zədələnmiş qarpızlar.
- Bakteriyalar (xüsusən Salmonella) bu çatlar vasitəsilə daxilə keçərək çoxala bilər.
Kəsilmiş qarpızların açıq havada saxlanması.
- Bazarlarda və marketlərdə kəsilmiş vəziyyətdə, üzəri örtülmədən saxlanan qarpızlar bakteriyalara yoluxa bilər.
Soyuq zəncirin pozulması.
- Soyuq şəraitdə saxlanmalı olan qarpızların gün altında və isti şəraitdə qalması mikroorqanizmlərin çoxalmasına şərait yaradır.
Qarpızdan zəhərləndiyimizi necə bilmək olar?
Ürəkbulanma.
Qusma.
Qarın ağrısı və qaz.
İshal.
Baş ağrısı.
Bədən temperaturunun yüksəlməsi.
Halsızlıq, başgicəllənmə.
Uşaqlarda və yaşlılarda susuzlaşma əlamətləri daha tez görünə bilər”.
Belə bir hal baş verəndə biz ev şəraitində necə ilkin yardım edə bilərik?
Qida eksperti əlavə edib ki, bol maye verin. Zəhərlənən şəxsə su, duz-şəkər məhlulu və ya rehidratasiya tozları içirdin. Bu, orqanizmin susuzlaşmasının qarşısını alır:
“Qusma varsa, məcbur etməyin. Qusma bədən üçün bir müdafiə refleksidir. Ancaq insan çox halsızdırsa və ya qusma kəsilmirsə, tibbi yardım zəruridir.
Əgər ishal varsa, dərhal dərman verməyin. İshal bədənin toksinləri atma üsuludur. Onu dərhal kəsməyə çalışmaq zərərlidir. Əsas məqsəd maye balansını qorumaqdır.
Aktiv kömür (aktivləşdirilmiş kömür). Əgər zəhərlənmənin ilk 1–2 saatı içərisindədirsə, aktiv kömür toksinlərin sorulmasını azalda bilər. Amma dozaya diqqət edilməlidir.
Qarpızdan artıq yemə varsa, bu barədə həkimə məlumat verin. Bəzən dozaya bağlı toksik təsirlər ciddi ola bilər.
Həkimə nə zaman müraciət edək?
- Qusma və ishal 24 saatdan çox davam edirsə.
- Uşaqlarda, yaşlılarda və ya xroniki xəstəliyi olanlarda simptomlar ağır gedirsə.
- Bədəndə göyərmə, huşun itməsi və ya sidik ifrazının azalması baş verirsə dərhal tibbi yardım çağırmaq vacibdir.
Mövsümündən əvvəl bol "dərmanlı" gözəl görünüşlü qarpızları almayın. Alanda diqqət edin. Qabığı bütöv, çatlamamış və ləkəsiz olsun. Təbii yetişmiş qarpızlar yumşaq səs verir və quyruğu qurumuş olur. Kəsilmiş qarpız almayın, xüsusilə açıq hava şəraitində saxlanılıbsa almayın. Evə gətirdikdən sonra sərin yerdə saxlayın, kəsdikdən sonra isə soyuducuda 1 gündən artıq saxlamayın.
Sağlam qidalanaraq sağlam yaşayın!”.
Mehin Mehmanqızı