Rusiya tərəfi Bakıdakı rus diplomatların “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) “jurnalist” adı altında qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu gün polis tərəfindən saxlanılan iki agenti ilə əlaqə saxlaya bilməməsindən narahat olmasın. Rusiyanın hüquq-mühafizə orqanlarından fərqli olaraq Azərbaycan tərəfi hüquq pozuntusuna yol vermir. Rəsmi Bakı sadəcə olaraq ölkəmizin milli informasiya məkanının qorunması və xarici kəşfiyyata qarşı mübarizə aparılması istiqamətində gərəkən addımları atır.
Ona görə də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Azərbaycan tərəfi səbəbləri izah etmədən rusiyalı diplomatların rusiyalı jurnalistlərlə görüşməsinə icazə vermir” səpkili açıqlama verərək süni ajiotaj yaratmasına da ehtiyac yoxdur. Rusiya Azərbaycana qarşı törətdiyi haqsızlıqların bədəlini ödəyir. Kremldə artıq başa düşməyə başlayıblar ki, Rusiya Cənubi Qafqazdan qovulur. Yekaterinburqda soydaşlarımıza qarşı törədilən vəhşilik və diskriminasiya da bu prosesin tərkib hissəsidir.
FTX-nın Bakıdakı gizli agentlərinin saxlanılması Rusiya tərəfindən Azərbaycana qarşı informasiya hücumlarının neytrallaşdırılması baxımından olduqca mühüm hadisədir. Azərbaycan öz informasiya təhlükəsizliyini və suverenliyini qorumaq üçün bütün zəruri addımları atmağa hazırdır. Biz dövlətimizin milli maraqlar naminə atdığı istənilən addımını dəstəkləyirik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri