Əgər siz sahibkarsınızsa və daha səmərəli işləmək, bazarda rəqabətə davamlı olmaq, vergi yükünü azaltmaq istəyirsinizsə – "KOB klaster" modeli sizin üçün maraqlı ola bilər.
“Report” xəbər verir ki, bu model eyni sahədə fəaliyyət göstərən sahibkarların birgə əməkdaşlıq edərək, resursları paylaşdığı, istehsal gücünü artırdığı və dövlətin vergi güzəştlərindən yararlandığı unikal biznes yanaşmasıdır.
Bəs, “KOB klaster” nədir, necə yaradılır və hansı üstünlükləri var? Bu sualların cavablarını “Report” araşdırdı.
KOB klaster nədir?
İlk olaraq KOB klaster nədir sualına cavab verək. Eyni və ya oxşar sahələrdə fəaliyyət göstərən sahibkarların qarşılıqlı iqtisadi münasibətlər quraraq birgə işlədiyi biznes modeli klaster adlanır. Sadə şəkildə izah etsək klasterləşmə “n” məhsul istehsalı və ya xidmətin yaradılması üçün lazım olan istehsalçı, tədarükçü, logistika, ixracla məşğul olan və s. şirkətlərin bir çatı altında birləşməsi deməkdir. Bu biznes modeli sahibkarlara resurslardan daha səmərəli istifadə etməyə, istehsal gücünü artırmağa, bazarda daha rəqabətli olmağa, məsuliyyəti bölüşməyə və s. imkanı verir. Klasterləşmə üçün dövlət tərəfindən bir sıra vergi güzəştləri nəzərdə tutulur ki, bu azadolmalar “KOB klaster şəhadətnaməsi” və “KOB klasterin iştirakçısı şəhadətnaməsi” ilə təsdiq olunur.
KOB klaster üçün güzəştlər
KOB klaster modeli sahibkarlara bir sıra güzəştlər təqdim edir. Gəlin, bu güzəştlərə nəzər salaq. KOB klaster şirkətinin iki tərəfi var: KOB klasteri yaradan kommersiya hüquqi şəxs və KOB klasterdə fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxslər. “KOB klaster şirkəti şəhadətnaməsi” almış sahibkar 7 il müddətinə mənfəət və ya gəlir vergisindən, torpaq və əmlak vergisindən, həmçinin müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların ƏDV-dən tam azadolması güzəştləri əldə edir.
KOB klasterinin iştirakçısı olan hüquqi və ya fiziki şəxslər isə “KOB klasterin iştirakçısı şəhadətnaməsi”ni əldə edərək KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.
KOB klaster şirkəti yaratmadan KOB klasterin iştirakçısı olmaq olarmı?
Bəli, sahibkarlar fəaliyyət sahəsinə uyğun olaraq, mövcud KOB klaster şirkəti ilə əməkdaşlıq edərək onun iştirakçısı qismində fəaliyyət göstərə bilərlər.
“KOB klaster şəhadətnaməsi”ni əldə etmək üçün şərtlər və lazım olan sənədlər
"KOB klaster şəhadətnaməsi" almaq üçün şirkət Azərbaycanda dövlət qeydiyyatından keçmiş kommersiya hüquqi şəxs olmalıdır. Şirkətin fəaliyyəti ya Azərbaycanda istehsal olunmayan yeni məhsul istehsalı, ya idxaldan asılı məhsul istehsalı, ya da qonaqlama və yerləşdirmə xidmətləri sahəsində olmalıdır. Həmçinin həyata keçiriləcək layihə üzrə minimum investisiya həcmi də müəyyən edilmişdir ki, bu da regionlara görə dəyişir.
“KOB klaster şirkəti şəhadətnaməsi”ni əldə etmək üçün ilk növbədə, vergi orqanında hüquqi şəxs kimi uçota alınmaq lazımdır. Sonra müəyyən olunmuş meyarlara uyğun sənədlər təqdim olunmalıdır. Bura
ərizə, KOB klasterinin funksional xəritəsi və KOB klasteri yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması, hüquqi şəxsin nizamnaməsində dəyişikliklər edilməsi barədə qəbul edilmiş qərarın əsli və nizamnamədə müvafiq dəyişikliklər edilməsi barədə layihənin surəti, KOB klasterinin iştirakçısı olmaq istəyən azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektinin siyahısı və fəaliyyətində iştirak haqqında ərizələri, dövlət reyestrindən çıxarışın surəti, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, həmçinin KOB klasterinin iştirakçısı olmaq istəyən sahibkarlıq subyektlərinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamələrinin, fiziki şəxs olan mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə münasibətdə şəxsiyyəti təsdiq edən sənədin surəti daxildir.
KOB klaster şirkəti yaradan hüquqi şəxs nizamnaməsində hansı dəyişiklikləri etməlidir?
KOB klaster şəhadətnaməsini almaq istəyən sahibkar nizamnaməsində bir sıra dəyişikliklər etməlidir. Belə ki, adına “KOB klaster şirkəti” sözləri əlavə edilir, habelə əhəmiyyətli qərarların İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə razılaşdırmaqla yerinə yetirməsi bəndi nizamnaməsində əks etdirilir. Əhəmiyyətli qərarlar dedikdə klaster iştirakçılarının fəaliyyətinə, onların ümumi maraqlarına və klaster şirkətinin məqsədlərinə mənfi təsir göstərən qərarlar, habelə iştirakçıların hüquq və öhdəliklərinin yenidən müəyyənləşdirilməsi, klaster şirkətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi və ya strukturunun yenidən təşkil edilməsi, klaster fəaliyyətinin dayandırılması, ləğv olunması və ya başqa təşkilata birləşdirilməsi, habelə iştirakçılarla birgə görüləcək layihələr nəzərdə tutulur.
KOB klasterinin funksional xəritəsi və KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması sənədləri
Sahibkar KOBİA-nın internet səhifəsindən (
KOB klaster şəhadətnaməsi üçün hara müraciət olunmaldır?
Bu sənədi almaq üçün sahibkar KOBİA-ya müraciət etməlidir. Müraciətə 30 gün ərzində baxılır. Təqdim olunmuş investisiya layihəsi meyarlara cavab verdiyi, həmçinin sənədlərdə çatışmazlıq olmadığı halda KOB klaster şəhadətnaməsi sahibkara verilir.
Bir sahibkar ayrı-ayrı investisiya layihələrinin hər birinə ayrıca KOB klaster şəhadətnaməsi ala bilər.