Olaylar.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Belə bir şəraitdə əmək miqrantları sadəcə əlavə işçi qüvvəsi deyil, demək olar ki, Rusiyanın demoqrafik və iqtisadi sabitliyinin əsas qolu rolunu oynayır. Ölkə sürətlə böyüyən "əl qüvvəsi" çatışmazlığını məhz bu vasitə ilə kompensasiya etməyə məcbur qalıb.
Miqrasiya miqyası və tərkibi
Müxtəlif ekspert hesablamalarına görə, 2022-ci ildə Rusiyada təxminən 3,1 milyon əmək miqrantı çalışıb ki, bu da ölkə üzrə məşğul əhalinin 3,7 faizinə bərabərdir. Bu rəqəm müxtəlif metodologiyalardan asılı olaraq 1,8 milyonla 4,8 milyon arasında dəyişir. Əsas axın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən - Özbəkistan, Tacikistan, Qırğızıstan, Azərbaycan, Ermənistan - gəlir.
Bir hissəsi rəsmi qeydiyyatdan keçsə də, hələ də böyük kütlə kölgə məşğulluğunda qalır. 2024-cü ildə elektron qeydiyyat sisteminin tətbiqi sayəsində vəziyyət az da olsa aydınlaşıb - bu, miqrasiya axınlarını daha şəffaf izləməyə və heç olmasa bir hissə əmək resursunu "kölgədən çıxarmağa" imkan verib.
Miqrantların iqtisadi çəkisi
Əl çatışmazlığının aradan qaldırılması. Rusiya Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkədə işçi qüvvəsi çatışmazlığı 4,8 milyon nəfərə yüksəlib. Proqnozlara əsasən, 2030-cu ilədək bu göstərici 2,4 milyon səviyyəsində sabitləşəcək. Bu boşluğu doldurmaqda məhz miqrantlar həlledici rol oynayır - xüsusən tikinti, kommunal təsərrüfat, sənaye və kənd təsərrüfatında.
Tipik bir nümunə - 2025-ci ilin martında Voloqda vilayətində yaşanıb. Sənaye müəssisələri işçilərsiz qaldığı üçün ciddi etirazlardan sonra yerli hakimiyyət miqrant əməyinə qoyulan qadağanı ləğv etməyə məcbur olub.
ÜDM və büdcəyə töhfəsi. İqtisadçılar hesab edir ki, əmək miqrantları Rusiya ÜDM-nin təxminən 7-8 faizini formalaşdırır. 2015-2021-ci illərdə miqrantlarla bağlı vergi daxilolmaları 386 milyard rubl civarında olub. Xüsusilə hələ də fiziki və ixtisassız əməyə söykənən sahələrdə bu insanlar, sözün əsl mənasında, istehsalın dayanmaması üçün "dirək" rolunu oynayır.
Miqrantlar - iqtisadi artımın lokomotivi. Rusiyanın 80 regionu üzrə aparılan panel araşdırmalar göstərib ki, miqrantların payı yüksək olan bölgələr daha sürətli iqtisadi artım və əmək məhsuldarlığı nümayiş etdirir. Klasik Cobb-Douglas modeli də təsdiqləyir ki, miqrasiya axını istehsalın ümumi həcmində artıma və investisiya aktivliyinə güclü təkan verir. Bu, xüsusilə böyük infrastruktur layihələrində özünü göstərir - miqrant əməyinin nisbətən ucuz olması belə layihələri reallaşdırmağa şərait yaradır, hansı ki, əks halda illərlə sürünə bilərdi.
Yeni meyllər və risklər
Nəzarətin sərtləşməsi. 2024-cü ilin martında konsert zalında törədilən terror aktından sonra Rusiya hakimiyyəti miqrasiya nəzarətini xeyli sərtləşdirdi. Təkcə 2024-cü ilin ilk yarısında ölkədən təxminən 100 min miqrant deportasiya olunub ki, bu da əvvəlki illə müqayisədə 50 faiz çoxdur. Qanunvericiliyin sərtləşməsi, artan antimigrasiya ritorikası və ardıcıl reydlər yeni reallığa çevrilib və yaxın illərdə bu kursun yumşalacağı gözlənilmir.
Mənbələrin şaxələndirilməsi. 2025-ci ildə rəsmilər yalnız MDB ölkələrindən deyil, daha uzaq bölgələrdən də işçi qüvvəsi cəlb etməyi planlaşdırdıqlarını açıqlayıblar - məsələn, Myanma və Şimali Koreyadan. Son məlumatlara görə, 2025-ci ildə Rusiyada artıq 15 minə yaxın şimali koreyalı işləyirdi. Bu yanaşma Mərkəzi Asiyadan asılılığı qismən azaltsa da, həm etik baxımdan, həm də beynəlxalq hüquqi müstəvidə çoxsaylı suallar doğurur, o cümlədən sanksiya rejimlərinin pozulması ilə bağlı tənqidlər var.
Kölgə məşğulluq və istismar. Rusiyada təxminən 13 milyon insan, o cümlədən çoxlu miqrant, qeyri-rəsmi sektorda işləyir. Bu isə o deməkdir ki, həmin adamların maaşı təminat altında deyil, sosial müdafiə mexanizmləri yoxdur, əmək haqqı gecikdirilir, yaşayış şəraiti bərbaddır, bəzən isə hətta müharibəyə getməyə məcbur edilirlər. Rusiyanın əmək bazarının bu "qaranlıq üzü" sosial partlayış baxımından da risk yaradır və hələ uzun müddət problem olaraq qalacaq.
Geosiyasi ölçü və daxili qarşıdurmalar. Rusiyanın dövlət mexanizmi uzun illərdir ki, bir tərəfdən miqrantlara olan obyektiv iqtisadi tələbatı, digər tərəfdən isə cəmiyyətdə güclənən məhdudlaşdırma istəklərini tarazlaşdırmağa çalışır. Bu ikili mövqe hər dəfə münaqişələrə səbəb olur və bəzən xarici siyasət müstəvisində də gərginlik yaradır. Məsələn, Tacikistan və Qırğızıstanla münasibətlərdə gərginlik məhz ondan qaynaqlanır ki, Rusiyada bu ölkələrin vətəndaşlarını kütləvi şəkildə deportasiya edirlər.
Təsir aləti kimi miqrasiya
Əmək qüvvəsi ixrac edən ölkələr, xüsusilə Tacikistan və Qırğızıstan üçün Rusiyadan göndərilən pul köçürmələri iqtisadiyyatın az qala həyat mənbəyinə çevrilib - bu vəsait onların ÜDM-nin 30 faizinə qədərini təşkil edir. Bu isə həmin ölkələri Moskvada qəbul olunan viza və əmək siyasəti qərarlarına qarşı son dərəcə həssas edir. Yəni Rusiya əmək miqrasiyasından bir növ geopolitik təzyiq vasitəsi kimi istifadə edir, tərəfdaş ölkələrlə münasibətləri tənzimləyir.
Rusiyada əmək qüvvəsi çatışmazlığı uzunmüddətli və struktur xarakter daşıyır, təxminən 4-5 milyon vakansiya yaxın illərdə yalnız miqrantlar hesabına doldurula bilər. Onların iqtisadiyyata verdiyi töhfə - ÜDM-nin 7-8 faizi həcmində - rəmzi bir rəqəm deyil, bütöv sahələrin bünövrəsidir.
Miqrantlarla bağlı sosial gərginlik, əslində, real təhlükədən yox, daha çox "yad olan" qorxusundan doğur. Amma inteqrasiya proqramları və normal idarəetmə mexanizmləri olmadan əmək bazarında sabitlik əldə etmək mümkün deyil.
Kölgə məşğulluq və istismar cəmiyyətdə sosial tarazlığı sarsıdır, narazılıq dalğasının baş qaldırmasına zəmin yaradır. Üstəlik, miqrasiya mənbələrinin genişlənməsi etik, hüquqi və reputasiya baxımından da yeni risklər gətirir.
Rusiyanın əmək miqrasiyasını idarəetmədə daha sistemli və kompleks yanaşmaya ehtiyacı var. Prioritetlər sırasında bunlar dayanmalıdır:
miqrantların şəffaf elektron reyestrinin yaradılması və vergi sisteminə inteqrasiyası;
yaşayış və əmək şəraitinin standartlaşdırılması;
sürətli uyğunlaşma üçün dil və hüquqi maarifləndirmə kurslarının təşkili;
əsas işçi qüvvəsi donor ölkələrlə hökumətlərarası müqavilələrin bağlanması;
regionlarda miqrantların uyğunlaşmasına dəstək verən proqramların stimullaşdırılması.
Belə görünür ki, Rusiya qarşıdakı illərdə yeni ziddiyyət mərhələsinə qədəm qoyur - burada ölkənin iqtisadi məntiqi siyasi ritorikaya qarşı çıxır. "İş yerlərinin qorunması" barədə rəsmi bəyanatlar fakt qarşısında aciz qalır: ölkədə artıq 2023-cü ildə 4,8 milyon nəfərlik kadr çatışmazlığı qeydə alınıb və bu rəqəm getdikcə artır. Proqnozlara görə, 2030-cu ilə qədər Rusiyada daha 2-2,4 milyon işçi qıtlığı yaşanacaq.
Paradox ondadır ki, belə ciddi işçi çatışmazlığı fonunda ölkədə rəsmi işsizlik həddi çox aşağı qalır - cəmi 2,3-2,4 faiz civarında. Bu da əslində vətəndaşların işlə təmin olunması ilə deyil, demoqrafik eniş, kütləvi səfərbərlik və ixtisaslı kadrların ölkədən axını ilə izah olunur.
Bunu rəsmilər nə qədər boynuna almasalar da, miqrantlar bu gün Rusiyanın ÜDM-nin 7-8 faizini təmin edir və təkcə 2015-2021-ci illərdə onların hesabına büdcəyə 400 milyard rubla yaxın vergi daxil olub. Amma buna baxmayaraq, dövlət inteqrasiya və müdafiə siyasətini gücləndirmək əvəzinə, daha sərt məhdudlaşdırıcı addımlar atmağa üstünlük verir.
"Etnocinayətkarlıq" - dilin zəhəri və hüququn düşməni
Rusiyada son illər "etnocinayətkarlıq" ifadəsi, təəssüf ki, bəzi populist siyasətçilərin və media qurumlarının əlində cəmiyyətin şüuruna təsir göstərən ən təhlükəli manipulyasiya alətlərindən birinə çevrilib. Kağız üzərində cazibədar görünə bilər, amma nə hüquqi, nə məntiqi, nə də beynəlxalq öhdəliklər baxımından bu anlayışın heç bir əsası yoxdur və ola da bilməz.
Əvvəlcə aydın vurğulayaq: Rusiyanın cinayət qanunvericiliyində "etnocinayətkarlıq" deyilən bir anlayış yoxdur. Cinayət konkret bir şəxsin törətdiyi hüquqazidd əməl hesab olunur və bu şəxsin məsuliyyəti yalnız öz fərdi hərəkətləri ilə məhdudlaşır. Heç bir halda milli, etnik və ya irqi əlamətə görə kollektiv məsuliyyət tətbiq oluna bilməz - bu, birbaşa olaraq Rusiya Konstitusiyasının 19-cu maddəsinin pozulmasıdır. Həmin maddə bütün vətəndaşların mənşəyindən, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq bərabər hüquqlu olduğunu təmin edir.
Cinayətin nə olduğunu izah edən Rusiya Cinayət Məcəlləsinin 14-cü maddəsi də tam aydın şəkildə bildirir ki, "cinayət - ictimai təhlükəli, günahkarcasına törədilmiş əməl"dir. Orada nə etnik, nə də irqi mənsubiyyətə istinad yoxdur və ola da bilməz, çünki bu, Rusiyanın qoşulduğu beynəlxalq konvensiyalara zidd olardı. Bu konvensiyalar arasında BMT-nin irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında 1965-ci il Konvensiyası, 1966-cı il Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, habelə Avropa İnsan Hüquqları Konvensiyası var. Həmin sənədlər bütöv etnik və ya irqi qrupları ləkələməyi, onlara damğa vurmağı qadağan edir.
Sözün açığı, "etnocinayətkarlıq" anlayışı cinayət məsuliyyətinin fərdiləşdirilməsi prinsipini alt-üst edir ki, bu da müasir hüquq sisteminin təməl daşı sayılır. Kollektiv məsuliyyət totalitar rejimlərin XX əsrdə tətbiq etdiyi qara ləkədir və bu günə daşımaq hüquqi və mənəvi baxımdan qəbuledilməzdir.
Bu termin həm də adi məntiqə ziddir: milli və ya etnik kimliyi insanın cinayət törətmək meyli ilə bərabərləşdirir. Bu, sadəcə gülünc deyil, həm də bilərəkdən aparılan anlayış saxtakarlığıdır.
Rusiya Daxili İşlər Nazirliyinin 2024-cü il üzrə rəsmi məlumatına əsasən, məhkəmə hökmü ilə mühakimə olunan xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin payı cəmi 7,5 faiz civarındadır. Bu rəqəmlərə də əsasən miqrasiya qaydalarının pozulması halları daxildir ki, onların xaricilər tərəfindən törədilməsi obyektiv səbəblərlə bağlıdır. Ağır və xüsusilə ağır cinayətlərə görə mühakimə olunanların isə 91 faizindən çoxu elə Rusiya vətəndaşlarıdır - bu, Rusiya Ali Məhkəməsi nəzdindəki Məhkəmə Departamentinin 2024-cü il statistikasında açıq görünür.
Başqa sözlə, bütöv etnik qruplara "cinayətkar" damğası vurmaq üçün statistik əsas yoxdur.
Bundan əlavə, diskriminasiya yayan terminlər və ritorika Rusiyanın beynəlxalq hüquqi öhdəliklərinə birbaşa ziddir. Rusiyanın özü imzaladığı, əslində "antirusiya" adlandırdığı, amma yenə də insan hüquqlarını qoruyan sənədlər də bunu qadağan edir. BMT Baş Assambleyasının 68/237 saylı qətnaməsi çərçivəsində elan olunan Afrika mənşəli insanlara dair onillik proqram (2015-2024) açıq şəkildə hər cür etnik damğalanmanı qınayır və etnik kimliklə kriminal davranış arasında saxta əlaqə yaradan terminlərin yolverilməz olduğunu vurğulayır.
Avropa İnsan Hüquqları Məhkəməsi də bir neçə qərarında - məsələn, 2009-cu ildəki Sejdić və Finci Bosniya və Herseqovinaya qarşı işində - etnik mənsubiyyətə görə məhdudiyyətlərin və damğaların Avropa Konvensiyasının 14-cü maddəsinə zidd olduğunu açıq şəkildə qeyd edib.
Əgər Rusiya rəsmiləri, hüquq-mühafizə orqanları və ya KİV hələ də "etnocinayətkarlıq" terminindən istifadə edirsə, bu, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın 20-ci maddəsinin də pozuntusu kimi dəyərləndirilə bilər, çünki həmin maddə milli nifrət çağırışlarını qadağan edir.
"Etnocinayətkarlıq" anlayışının ən böyük təhlükəsi odur ki, cəmiyyətdə ksenofobiyanı və radikallaşmanı alovlandırır. 2025-ci ilin martında Levada Mərkəzinin (Rusiyada "xarici agent" elan edilib) sorğusuna görə, respondentlərin 41 faizdən çoxu sosial şəbəkələrdə ksenofob çıxışlarla rastlaşdığını deyib və bu çıxışların əksəriyyəti məhz "etniciləşdirilmiş cinayət" mövzusu ilə bağlı olub.
Həmin ilin dekabrında "İctimai Rəy" Fondu da açıqlayıb ki, "etnocinayətkarlıq" ifadəsi haqqında eşidən respondentlərin 37 faizi miqrantlara və digər millətlərin nümayəndələrinə inamının azaldığını bildirib. Bu faktlar göstərir ki, belə bir ritorikanın leqallaşdırılması həm sosial, həm siyasi baxımdan son dərəcə təhlükəlidir.
Müasir demokratik dövlətlərdə "etnocinayətkarlıq" anlayışı nə qanunvericilikdə, nə rəsmi sənədlərdə mövcuddur. Nə Fransada, nə Almaniyada, nə də ABŞ-da - baxmayaraq ki, orada miqrasiya səviyyəsi dəfələrlə yüksəkdir - belə termin qəbul edilmir. Orada prinsip birdir: cinayətkar - fərdi şəxsdir, adı, soyadı var, istər vətəndaş olsun, istər olmasın, amma heç vaxt "etnik qrup nümayəndəsi" kimi təqdim edilmir.
2023-cü ildə Avropa Komissiyasının İrqçilik və Dözümsüzlüklə Mübarizə üzrə Komissiyası (ECRI) də hesabatında vurğulayıb ki, cinayətkarlığı etnik mənşə ilə bağlayan ifadələr ədalət mühakiməsinin bütövlüyünə və bərabərliyinə zərbə vurur və Avropa Əsas Hüquqlar Xartiyasını poza bilər.
Əslində açıq demək lazımdır: "etnocinayətkarlıq" ifadəsi mənəvi baxımdan çirkindir, məsuliyyətsizdir və cəmiyyəti parçalayır, insanlarda etnik əsasa söykənən düşmən obrazı yaradır. Bu, hüquqi dövlətin təməl prinsiplərinə - fərdi məsuliyyətə, insan ləyaqətinə hörmətə - birbaşa zərbədir.
Rus ədəbiyyatını yada salaq: Dostoyevskidən Tolstoya qədər klassiklərin hamısı insanı yalnız öz əməllərinə görə qiymətləndirib, onun qanına və mənşəyinə görə yox.
"Etnocinayətkarlıq" anlayışı açıq şəkildə hüquq və məntiqə ziddir, konstitusiyaya qarşıdır və beynəlxalq hüququ pozur. Əgər Rusiya insan hüquqlarına hörmət edən bir dövlət olaraq öz simasını qorumaq istəyirsə, bu cür ritorikanı rəsmiləşdirməkdən qətiyyən çəkinməlidir. Cinayətkar - yalnız fərdi cinayətkardır, etnik damğa ilə tanımlanan yox. Qanun da, məntiq də, normal sivil dünyagörüşü də məhz bunu tələb edir.
Qanunlar sağlam düşüncəyə qarşı: sərt məhdudiyyətlərin təhlükəli bumeranqı
Rusiyada məhdudiyyətlərin dairəsi elə sürətlə genişlənir ki, buna sadəcə "qorxulu" demək azdır. Ölkənin müxtəlif bölgələrində - Moskva vilayətindən tutmuş Voloqda bölgəsinə qədər - miqrantların tikinti, nəqliyyat, səhiyyə və təhsil sahələrində işləməsinə qadağalar tətbiq olunub. Halbuki məhz həmin sahələrdə ciddi kadr qıtlığı yaşanır.
Voloqda vilayətində baş verən hadisə xüsusilə diqqətəlayiqdir: yerli hakimiyyət miqrantların tikintidə işləməsini yasaqladı, amma cəmi bir ay sonra qadağanı ləğv etməyə məcbur oldu. Səbəb sadəydi - "Severstal" şirkəti 120 milyard rubl dəyərində layihələrinin dayana biləcəyi barədə açıq xəbərdarlıq etdi və nəticədə bütöv iqtisadi sahələrin iflic riski o qədər böyük idi ki, qadağa qüvvədən düşdü.
Bununla belə, repressiv yanaşma getdikcə güclənir. Deportasiya üçün əsaslar artıq "xırda inzibati pozuntulara" qədər genişləndirilib, yoxlamalar və reydlərin sayı isə artmaqdadır: 2024-cü ilin ilk yarısında ölkədən 100 min nəfərdən çox miqrant çıxarılıb ki, bu da əvvəlki illə müqayisədə 50 faiz çoxdur.
Əhaliyə israrla təlqin olunur ki, guya miqrantlar cinayəti artırır. Amma real statistika bu iddianı alt-üst edir: 2020-ci ildə xaricilərin iştirakı ilə baş verən cinayətlərin payı cəmi 1,6 faiz olub, onların da ağır kateqoriyaya aid hissəsi 0,5 faizdən artıq deyil.
Daha narahatedici mənzərə isə başqa rəqəmlərdədir - miqrantlar arasında travmaların, xroniki xəstəliklərin artması. Sonsuz iş növbələri, normal tibbi xidmətə çıxışın olmaması, hüquqi müdafiəsizlik bu insanları faktiki olaraq istismarın qurbanına çevirir. Üstəlik, diskriminasiya və zorakılıq - xüsusilə cənub bölgələrində - bu alovu daha da gücləndirir.
Qanunların sərtləşdirilməsi artıq birbaşa iqtisadiyyata zərbə vurur. 2024-cü ilin martında "Crocus City Hall"da baş verən terror aktından sonra miqrantlara qarşı təzyiqlər lap sərtləşib, nəticədə 2023-2024-cü illərdə miqrasiya axınları pandemiya dövründən bəri ən aşağı həddə enib. Ölkəni təxminən 1 milyon qeydiyyatlı miqrant tərk edib, qeyri-leqal miqrasiya isə 40 faiz azalıb. Rusiya Mərkəzi Bankı və Əmək Nazirliyi açıq şəkildə xəbərdarlıq edir: belə getsə, iqtisadi durğunluqla qiymətlərin qalxmasını birləşdirən "staqflyasiya" riski yaranacaq - çünki sadəcə işləyəcək adam tapılmayacaq.
Bu proseslər regionları birbaşa vurur. Tikinti, kənd təsərrüfatı, xidmət sektoru - hamısı miqrantların əlinə baxır. "Severstal"dan tutmuş Poladçilər İttifaqına, iri şirkətlərə qədər hamı çoxmilyardlıq layihələrin iflasa uğrayacağı barədə açıq danışır.
Amma məsələ təkcə Rusiyanı deyil, bütöv Mərkəzi Asiyanı da zədələyir. Çünki sərtləşdirilən qaydalar oradakı ölkələrin əsas valyuta mənbəyinə çevrilmiş pul köçürmələrinə zərbə vurur. Tacikistan, Qırğızıstan, Özbəkistanda sosial təminat sistemləri artıq bu azalmalardan əziyyət çəkməyə başlayıb, gənclər arasında radikallaşma riski yüksəlib. Pul da, ümid də qalmayanda insanlar ekstremist qrupların asan hədəfinə çevrilirlər - bunu hətta beynəlxalq ekspertlər də narahatlıqla dilə gətirirlər.
Ksenofobiya siyasət alətinə çevriləndə
Rusiyada miqrantların inteqrasiyası faktiki olaraq yalnız söz üzərində qalıb. Təlim proqramları, diplomların tanınması, uyğunlaşma layihələri ya kifayət qədər maliyyələşdirilmir, ya da sadəcə kağız üzərində imitasiyadan ibarətdir. Bu boşluqdan ən çox bəhrələnənlər hüquq-mühafizə orqanları və məmurlar olur - çünki qeyri-leqal statuslu miqrantlar onlara korrupsiya mənbəyi kimi xidmət edir, hər yoxlama rüşvət və təzyiq alətinə çevrilir.
Bu şəraitdə millətçi ritorika getdikcə güclənir. Kilsə xadimlərindən tutmuş bəzi deputatlara qədər çoxları "yadlardan qorxunu" siyasi karyeralarının yanacaq materialına çevirir. Cəmiyyətdə ksenofobiya artır, bu qorxu isə bilərəkdən, məqsədli şəkildə şişirdilir.
Bütün bu oyun bir illüziyaya əsaslanır: guya rusiyalıların özləri miqrantların boşaltdığı iş yerlərini asanlıqla doldura bilər. Ancaq həyat tam əksini göstərir - sərt məhdudiyyətlər tətbiq edilən yerdə cəmi bir neçə ay sonra qadağaları ləğv etməyə məcbur qalırlar. Çünki işəgötürənlər sadəcə lazımi sayda işçi tapmır, nəticədə iqtisadiyyat sürətlə çökür.
Əslində, burada söhbət vətəndaşların maraqlarını qorumaqdan yox, siyasi tamaşadan gedir - özü də son dərəcə təhlükəli tamaşadan. Əgər miqrasiya axınları tamamilə dağılsa, Rusiyanı gözləyən nəticə nə yerli məşğulluğun artması, nə rifahın yüksəlməsi olacaq, əksinə, iqtisadi durğunluq, sanksiyaların təzyiqi və demoqrafik enişlə daha da ağırlaşan problemlər ortaya çıxacaq.
Görüləsi real tədbirlər göz qabağındadır:
- regionlarda, xüsusən tikinti, nəqliyyat, səhiyyə sahələrində tətbiq olunan əsassız qadağaları ləğv etmək;
- qəbul etmək ki, miqrasiya ölkə üçün strateji resursdur və onsuz öhdəsindən gəlmək mümkün deyil;
- gerçək inteqrasiya proqramlarına sərmayə qoymaq - dil kursları, tibbi dəstək, diplomların tanınması;
- deportasiya əsaslarını yalnız ağır cinayətlərlə məhdudlaşdırmaq;
- miqrant göndərən ölkələrlə açıq və şəffaf əməkdaşlıq quraraq, həm onların hüquqlarını qorumaq, həm də uzunmüddətli məşğulluq üçün sabit mühit yaratmaq.
Rusiya bu gün konkret bir seçim qarşısındadır: ya ölkəni sosial-iqtisadi sabitliklə təmin edəcək sivil bir miqrasiya idarəetmə sistemi quracaq, ya da repressiyalar və sərt qadağalar yolunu davam etdirib, iqtisadi tənəzzül və radikallaşmanın dərinləşməsi riskini artıracaq.
Güclü dövlət təkcə hərbi paradlar və pafoslu şüarlarla ölçülmür. Əsl güc - istənilən halda, uzaqdan gəlmiş olsa belə, zəhməti ilə dolanan, ölkəni tikib-qurmaq istəyən insanlara qarşı ədalətli və məntiqli qaydalar tətbiq etməyi bacarmaqdır.
Əgər Rusiya bu insanları itirsə, əslində öz gələcəyini də itirə bilər.
Əmək miqrantları - müvəqqəti "qonaq" yox, Rusiyanın iqtisadi sisteminin əvəzsiz dayağıdır. Onlar təkcə tikinti və kənd təsərrüfatını deyil, həm də büdcəni, istehlakı, məşğulluğu dəstəkləyir, demoqrafik təhriflərin təsirini yumşaldır.
Əgər ölkə balanslaşdırılmış, düşünülmüş bir miqrasiya siyasəti həyata keçirməsə, daha dərin sosial və iqtisadi sarsıntılar qaçılmaz olacaq. Əksinə, miqrantların ağıllı inteqrasiyası onları kölgədə qalmış, həssas qrupdan çıxarıb, tamhüquqlu sabitlik və inkişaf motoruna çevirə bilər - və bu fürsəti əldən buraxmaq sadəcə bağışlanmaz səhv olar.