Bakı, 1 iyul, AZƏRTAC
Meyitləri müayinə etməmişdən öncə onların ölüm haqqında tibbi şəhadətnamələrini bizə göndərdilər. Bu tibbi şəhadətnamələr məhkəmə tibbi eskperləri tərəfindən verilib. Meyitin müayinəsi əsasında onlar ölüm haqqında tibbi şəhadətnaməni yazıblar.
Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında deyib.
Baş direktorun sözlərinə görə, bir dəfə məhkəmə ekspertizasında müayinə edilmiş meyitin ikinci dəfə müayinəsi çox çətindir. “Çünki meyit müayinə olunub, bütün orqanları kəsilib və təhlil edilib. Biz şübhələnirdik ki, zədələnmiş orqanlar kəsilib götürüləcək. Soruşanda isə, deyiləcək ki, müayinə üçün götürmüşük”, - deyə o əlavə edib.
Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.
İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.