Hüseyn Səfərovun meyitini xarici müayinə edərkən çox sayda travma aşkarladıq. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin gəldiyi nəticəyə əsasən, Hüseyn Səfərovun ölüm səbəbi aldığı çoxsaylı xəsarətlər nəticəsində baş verən postravmatik və posthemoragik şokdur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Yekaterinqburda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiza və Pataloji anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
Baş direktor bildirib ki, onun döş qəfəsi deformasiyaya uğrayıb, assimetrikdir. Üst və alt dodaqlarının selikli qişasında qançırlar aşkarlanıb. Meyitin kəllə qapağı açıldıqda sərt və yumşaq qişada qansızmalar aşkar olunub. Eyni zamanda, yeddi-səkkiz qabırğanın yerdəyişən sınıqları aşkar edilib. Bu sınıqlar ağciyəri zədələyib.
Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.
İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.