Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlının - Səfərov qardaşlarının qəddarcasına qətlə yetirilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub.
Milli Məclisin deputatı Tahir Rzayev Modern.az-a açıqlamasında hadisəni anti-insani və hüquq normalarına zidd hərəkət kimi qiymətləndirib. Deputat baş verənləri Rusiyanın anti-müsəlman və şovinist siyasətinin nəticəsi adlandırıb və beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa çağırıb.
Onun sözlərinə görə, bu, heç bir hüquq normalarına sığmır və Rusiyanın anti-müsəlman siyasətinin bir ifadəsidir.
“Çünki hər hansı əmələ görə insan məhkəmə qarşısına çıxarılmalı, onun hərəkətləri araşdırılmalı və lazım olan hüquqi qiymət verilməlidir. Ancaq Rusiya tərəfi bütün bu hüquqi prosedurları ciddi şəkildə pozub və azərbaycanlılara qarşı öz çirkin şovinist siyasətini həyata keçirib.
Əlbəttə ki, bu bağışlanılmazdır, çünki bu, Rusiyanın ilk belə hərəkəti deyil. Son illərdə azərbaycanlılara, digər qeyri-rus xalqlara qarşı Rusiyada çox ciddi və yanlış siyasət həyata keçirilir”.
Deputat həmçinin vurğulayıb ki, bu hərəkətlər beynəlxalq və ümumbəşəri dəyərlərə tamamilə ziddir:
“Azərbaycanlılara və ümumiyyətlə müsəlman xalqlara qarşı törədilən vəhşi hərəkətlər, əlbəttə ki, Rusiyanın dünyada azalan nüfuzuna qarşı nifrəti daha da artırır və onun beynəlxalq aləmdə təcridini sürətləndirir. Bu gün Rusiya hakimiyyəti imperialist siyasət yürüdür. İki nəfər – Azərbaycanlı Səfərov qardaşlarının qəddarcasına qətlə yetirilməsi, çoxsaylı insanların yaralanması və onların həbs olunması bunu aydın şəkildə göstərir”.
T.Rzayev onu da diqqətə çatdırıb ki, Səfərov qardaşları ağdamlı olsalar da, bir müddət qaçqın kimi Ağcabədi ərazisində məskunlaşıblar:
“Səfərov qardaşları Ağcabədidə uzun illər yaşayıblar və həmin illərdə onların bir neçə ailə üzvü Ağcabədidəki qəbiristanlıqlarda dəfn olunublar. Məhz buna görə də mərhum qardaşlar Ağcabədidə torpağa tapşırılıb”.
Tahir Rzayev əlavə olaraq bildirib ki, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər:
“Sözsüz ki, hər bir soydaşımıza qarşı törədilən bu çirkin əməl bizim qəlbimizdə dərin yara açır və bu, unudulmayacaq.
Rusiya ərazisində azərbaycanlılara və digər etnik xalqlara qarşı törədilən bu repressiyalar tarix üçün qara bir ləkədir. Rusiya Federasiyası başda ölkə rəhbərliyi olmaqla, bu barədə ciddi düşünməli və müvafiq ölçülər götürülməlidir”.
Aytac Bəhruzqızı