AZ

Dünya Bankı Azərbaycana 173,5 milyon dollar kredit ayırır FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün “Azərenerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsi və Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə zəmanət sazişi imzalanıb.

"Cebheinfo.az" xəbər verir ki, 173,5 milyon dollar məbləğində olan kredit sazişini “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqavinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ş.Ştallmayster imzalayıb.

Cəlb olunan kredit Azərbaycanda tikilməkdə olan bərpaolunan enerji mənbələri üzrə stansiyaların (BOEM) enerji ötürücü infrastrukturunun gücləndirilməsini təmin edəcək. Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycan hökumətinin iştirak payı (31,2 milyon dollar) ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir.

İcra müddəti 4 il olan layihənin əsas məqsədi "Azərenerji" ASC-nin enerji sistemin fəaliyyətinin yaxşılaşdırması və tikilməkdə olan bərpaolunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 kilometr olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500/330/10 kV-luq “Nəvahi” yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.

İmzalanma mərasimində nazir Sahil Babayev Dünya Bankı Qrupunun ölkəmizdə həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Nazir Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq beynəlxalq maliyyə qurumları ilə layihə maliyyələşdirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi çərçivəsində imzalanan kredit müqaviləsinin ölkəmizin enerji sektorunda dayanıqlı və yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə baxımından əhəmiyyətini qeyd edib.

S.Babayev Azərbaycanın zəngin bərpaolunan enerji ehtiyatlarına, xüsusilə günəş, külək və hidroenerji sahəsində yüksək texniki potensiala malik olduğunu qeyd edib, hökumətin məqsədinin ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısına çevirmək olduğunu bildirib. O qeyd edib ki, COP29 sədrliyi çərçivəsində Azərbaycan yaşıl enerji gündəliyinə sadiq qalaraq enerji balansında bərpa olunan mənbələrin rolunun artması, ötürmə infrastrukturunun genişləndirilməsi, enerji saxlama sistemlərinin tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinə fəal investisiyalar edir.

Etibarlı tərəfdaşlar kimi Azərbaycanla əməkdaşlığın uğurla davam etdiyini vurğulayan ölkə üzrə menecer Ştefani Ştallmayster Dünya Bankı Qrupunun bundan sonra da Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun layihələrin dəstəklənməsi ilə ölkənin dayanıqlı və inklüziv inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
23
cebheinfo.az

10Mənbələr