AZ

“Xidmət et, dəyər yarat və iz qoy!” - MÜSAHİBƏ

Samir Abdullayev: Bu yanaşma hər addımımda mənə yol göstərir

Gənclər cəmiyyətin gələcəyidir, onlarla işləmək isə strateji baxış və sosial məsuliyyət tələb edir. Bu çağırışı peşəyə, həyat tərzinə çevirənlərdən biri də “İki sahil” qəzetinin bu dəfəki müsahibi – Samir Abdullayevdir. Tələbəlik illərindən liderlik və təşəbbüskarlıq nümunəsi göstərən Samir bu gün də gənclərlə maarifləndirici layihələr həyata keçirir, onların inkişafına töhfə verir.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-Mən, Samir Abdullayev. Azərbaycan Turizm və Menecment Universitetinin məzunuyam. Təhsil aldığım dövrdə Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqının sədri kimi aktiv fəaliyyət göstərmiş, müxtəlif layihələrə və tələbə təşəbbüslərinə rəhbərlik etmişəm. 2023-cü ildə universitetlərarası “İlin ən yaxşı tələbə Gənclər Təşkilatı Sədri” mükafatına layiq görülmüşəm. Turizm sahəsində də aktiv fəaliyyət göstərirəm. 2022-ci ildə “İlin Ən Yaxşı Turizm Bələdçisi” adına layiq görülmüşəm və bu gün də dövlət qonaqları üçün tur proqramları həyata keçirirəm. Xüsusilə Qarabağ bölgəsində beynəlxalq nümayəndələrə və turistlərə bələdçilik edirəm. Beynəlxalq arenada da ölkəmi fəxrlə təmsil etmişəm. Məsələn, Özbəkistanda keçirilən Türk Dünyası Turizm Gəncləri Festivalında Azərbaycan komandasının rəhbəri olmuşam. Təqdimatımızla türk dilli ölkələr arasında birinci yerə çıxmışıq. Qrant qazanan uğurlu layihələrimə “Gənc turizm liderləri düşərgəsi”, “Gənc iqlim elçiləri” və “Ekoloji gələcək” layihələri daxildir. Hazırda magistr təhsilimi dövlət təqaüdü ilə Rusiyanın Volqa Dövlət Texnologiya Universitetində davam etdirirəm. Eyni zamanda, hazırda Pirallahı Gənclər Evində çalışıram. Gənclərlə birgə layihələr, təlimlər və maarifləndirici fəaliyyətlər təşkil edir, həftəsonları isə turizm bələdçisi kimi fəaliyyətimi davam etdirirəm. Həm gənclərlə işləməyi, həm də ölkəmin turizm potensialını tanıtmağı həyatımın əsas missiyalarından biri hesab edirəm. Məni fərqləndirən əsas dəyərlər – məsuliyyət, davamlı öyrənmək, insanlara dəyər qatmaq və milli kimliyə bağlılıqdır. Həyat fəlsəfəm isə qısadır: “Xidmət et, dəyər yarat və iz qoy!” Bu yanaşma hər addımımda mənə yol göstərir.

-Gənclərlə iş sahəsində bu qədər aktiv olmağınızın səbəbi nədir?

-Gənclərlə işləmək sadəcə bir iş deyil, çağırışdır. Onların potensialına inanmaq və inkişaflarına dəstək olmaq məni ruhlandırır. Bu istiqamətə yönəlməyimdə həm şəxsi təcrübələrim, həm də tələbəlik dövründə rastlaşdığım nümunəvi gənc liderlər rol oynayıb. Gənclərdən enerji alıram və eyni enerjini onlara qaytarmağa çalışıram.

- Həm tələbə, həm də gənclər təşkilatlarının sədri kimi fəaliyyət sizə nə qazandırdı?

-Mənə liderlik anlayışını dərindən öyrətdi. Komanda qurmaq, insanları dinləmək, qərar vermək və çətinliklərə qarşı birlikdə mübarizə aparmaq bacarıqlarımı formalaşdırdı. Hər təşəbbüs bir dərs, hər uğur bir motivasiya, hər çətinlik isə təcrübə oldu.

-Qarabağ bölgəsində turizm bələdçisi kimi çalışmaq sizin üçün nəyi ifadə edir?

-Bu, mənim üçün təkcə bir vəzifə deyil – şərəfli missiyadır. Qarabağ torpaqlarını qonaqlara tanıtmaqla həm şəhidlərimizin ruhuna sayğımı ifadə edirəm, həm də bu bölgənin dirçəlişinə töhfə verirəm. Hər addımda həm tarix danışır, həm də gələcəyin turizm xəritəsi qurulur.

- Beynəlxalq tədbirlərdə ölkəni təmsil etmək sizə nə qazandırdı?

-Özbəkistanda Türk Dünyası Turizm Gəncləri Festivalında ölkəmi təmsil etmək böyük məsuliyyət idi. Komanda rəhbəri olaraq həm təqdimata rəhbərlik etdim, həm də milli kimliyimizi doğru şəkildə tanıtmağa çalışdım. Bu təcrübə mənə qlobal düşünməyi, eyni zamanda, yerli dəyərlərə daha çox bağlanmağı öyrətdi.

-Qrant qazanan layihələrinizin əsas qayəsi nədir?

-Layihələrim gənclərin maarifləndirilməsi, ətraf mühitə həssaslıq və turizmə marağın artırılması üzərində qurulub. Marağım universitet illərində formalaşdı və zamanla daha da dərinləşdi. Gələcəkdə isə daha genişmiqyaslı layihələr planlaşdırıram – xüsusilə rəqəmsal turizm və ekoloji təhsil sahələrində.

-Magistr təhsilini Rusiyada davam etdirməyin üstünlükləri nələrdir?

-Volqa Dövlət Texnologiya Universitetində aldığım təhsil mənə texnologiya ilə idarəetmənin sintezini öyrədir. Burada qazanılan bilik və şəbəkə imkanlarını Azərbaycana gətirərək gənclərlə iş və turizm sahəsində yeniliklərə imza atmaq niyyətindəyəm. Beynəlxalq təcrübə yerli inkişaf üçün mühüm açardır.

-Gənclər siyasətinə töhfə vermək arzunuzun səbəbi nədir?

-Bugünkü Azərbaycan gənci istedadlıdır, amma dəstəyə, doğru yönə və imkanlara ehtiyacı var. Əsas çağırışlar – passivlik, informasiya qıtlığı və motivasiya çatışmazlığıdır. Mən bu boşluğu real layihələrlə, motivasiyaedici platformalarla doldurmaq istəyirəm.

- Çoxşaxəli fəaliyyət zamanı vaxtı necə idarə edirsiniz?

-Planlaşdırma və prioritetləşdirmə. Hər günüm öncədən planlı olur. Vaxtı doğru idarə etmək, balansı qorumaq və özünə də zaman ayırmaq uğurlu fəaliyyətin əsas şərtidir. Həm layihə, həm bələdçilik, həm də təhsil sahəsində bu prinsip mənə kömək olur.

-Azərbaycanın turizm və gənclər sahəsində ehtiyac duyduğu yeniliklər nələrdir?

-Ən vacibi – innovativ yanaşma və beynəlxalq inteqrasiyadır. Gənclər üçün smart platformalar, yerli turizm üçün rəqəmsal alətlər və interaktiv öyrənmə üsulları tətbiq edilməlidir. Beynəlxalq təcrübəni yerli ehtiyaclara uyğunlaşdırmaq əsas hədəfimdir.

-Maraqlıdır, bu qədər işin-gücün arasında asudə vaxtınızı dəyərləndirirsinizmi?

-Asudə vaxtlarımı şəxsi inkişaf və peşə təkmilləşdirməsinə yönəldirəm. Turizm bələdçisi kimi daim yeni tur marşrutları hazırlayır, Azərbaycanın bölgələrini daha dərindən tanımaq üçün araşdırmalar aparıram. Eyni zamanda, yeni layihə ideyaları üzərində düşünür və onların yazılı təqdimatlarını hazırlayıram. Xarici ölkələrdə gənclər siyasəti və turizm sahəsində baş verən yenilikləri, beynəlxalq xəbərləri izləyir, bu bilikləri yerli təşəbbüslərə tətbiq etməyə çalışıram. Bu fəaliyyətlər mənə həm aktual qalmağa, həm də qlobal düşüncə ilə yerli fəaliyyətlərə yön verməyə kömək edir.

-Gələcəyə baxışınızda özünüzü hansı rolda görürsünüz?

-Mən özümü gələcəkdə gənclər siyasəti, turizm və davamlı inkişaf sahəsində strateji qərarlar verən, icra edən və dəyişikliyə liderlik edən bir şəxs kimi görürəm. İstəyirəm ki, mənim fəaliyyətim yeni liderlərin yaranmasına, gənclərin inkişafına və Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə töhfə versin.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
23
13
ikisahil.az

10Mənbələr