AZ

Paşinyan–kilsə savaşında yeni mərhələ

Baş nazir keşişləri katolikosa qarşı yönləndirir

Ermənistan baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin birinci iyerarxı, bütün ermənilərin ali patriarxı və katolikosu II Qaregin arasında yaranmış gərginlik davam edir. Bu məsələ Ermənistanın daxili siyasi gündəmini zəbt edib desək, yəqin səhv etmərik. Demək olar ki, hər gün bu istiqamətdə yeni açıqlamalar verilir, mübahisələr səngimir. Bəzən güc strukturları işə qarışır, katolikosluğa daxil olurlar.

Dünən də bu baxımdan istisna olmayıb. N.Paşinyan səhər saatlarında “Facebook”da paylaşım edərək katolikosu patriarxlığı tərk etməyə çağırıb. Paşinyan yazıb: “Bir sıra din xadimləri öz rəhbərlərinin göstərişi və məcburiyyəti ilə mənim dünən dediyim “Erməni Apostol Müqəddəs Kilsəsinin bütün evli keşişləri xalqı və Allahı aldatmadıqları üçün mənim qardaşlarımdır” sözlərimə etiraz etməyə çalışdılar. Əziz atalar, mən sual vermədim, təsdiq etdim və bir daha təsdiq edirəm ki, sizin Erməni Apostol Müqəddəs Kilsəsinin bütün evli keşişləri mənim qardaşlarımdır, o cümlədən neqativ bəyanatlar verənlər... Çünki siz nə xalqı, nə də Allahı aldadırsınız. Amma axı Ktric Nersisyanın övladı varsa, niyə o, xalqı, Allahı aldatdığı halda kilsədə səndən yüksək statusa malikdir, sən isə yox? O, evlənməməyə and içib. Onun yüksək statusu bu anda əsaslanır. Sonra isə o, andını pozub, kilsəyə xəyanət edib”.

Paşinyan katolikosu “zinakar subay” adlandırıb. Sual edib ki, nə üçün bu şəxs səmimi inanclı insanlar üzərində hökmranlıq və onlara rəhbərlik etməlidir: “O, bu hüququ yalnız pozduğu, ləkələdiyi subaylıq andı sayəsində əldə edib? Ktric Nersisyan da mənim qardaşımdır. Lakin, o, katolikos deyil və ali patriarxlıqdan getməlidir. Əgər getməsə, biz onu qardaşlar, əziz evli keşişlər, birlikdə uzaqlaşdıracağıq!”.

Beləliklə, Ermənistanda hakimiyyətlə kilsə arasındakı cəbhə xətti günü-gündən dərinləşir. Paşinyan bu dəfə də birbaşa kilsə rəhbərliyini hədəfə aldı. Nikol katolikosu patriarxlıqdan getməyə çağırmaqla problemin bütövlükdə kilsə ilə deyil, yalnız II Qareginlə bağlı olduğunu göstərdi. Paşinyan açıq şəkildə çalışır ki, din xadimlərini katolikosdan ayırsın. O, evli keşişləri “qardaşlarım” adlandıraraq onları öz tərəfinə çəkməyə cəhd edir. Bu, kilsə daxilində parçalanma yaratmaq və rəhbərliyə qarşı qiyama təşviq etmək niyyətindən xəbər verir. Baş nazir anlayır ki, kilsəni zəiflətməyin yolu onu daxildən parçalamaqdır. Onun bu strategiyası dini institutlara qarşı siyasi təzyiqin bir forması kimi qiymətlənidilə bilər. Baş nazirin sözlərinə görə, o, kilsədəki evli keşişləri öz qardaşları kimi qəbul edir və onların səmimiliyinə şübhə etmir. Paşinyan bununla həm də bir siqnal verir: Xalqla birlikdə olan din adamları onun tərəfidir.

Ümumiyyətlə, bu bəyanat, sadəcə, emosional çıxış kimi qiymətləndirilməməlidir. Tam əksinə, bu, uzun müddət davam edən Paşinyan–kilsə qarşıdurmasının növbəti mərhələsidir. Paşinyan İkinci Qarabağ müharibəsindən sonra ona qarşı müxalifətə keçmiş, radikal revanşistləri dəstəkləyən kilsə ilə problemi birdəfəlik həll etməyə çalışır. O, bunu sərt ritorika və şəxsi ittihamlar üzərindən aparır. Başa düşür ki, gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində kilsənin revanşistləri dəstəkləməsi ona ciddi problem yarada bilər. Onun fikrincə, dini rəhbərlik formal rütbəyə deyil, yalnız mənəvi təmizliyə əsaslanmalıdır. Doğrudur, erməni cəmiyyətində dini liderə belə açıq hücumlar birmənalı qarşılanmır. Çünki kilsə hələ də ermənilər üçün müqəddəsdir. Paşinyan isə katolikosun şəxsi həyatına toxunmaqla, əslində, kilsənin şəffaflıqdan uzaq olduğunu nümayiş etdirmək istəyir. Lakin bu çıxış cəmiyyətdə parçalanmanı daha da dərinləşdirə bilər. Din xadimləri və siyasi rəhbərlik arasında yaranmış uçurum Ermənistanda sabitliyi pozan amildir.

Paşinyanın K.Nersisyanın katolikos olmadığını bildirməsi və onun ali patriarxlıqdan getməyə çağırması açıq təhdid və ultimativ xarakteri daşıyır. Bu ifadə həm də təzyiq vasitəsi kimi şərh oluna bilər. O, katolikosun getməyəcəyi təqdirdə kollektiv şəkildə onu uzaqlaşdırmaqdan danışır. Bu, artıq sadəcə çağırış deyil, kilsə daxilində çevriliş niyyətinin elanıdır. Baş nazir evli keşişləri faktiki olaraq mütəşəkkil müqavimətə səsləyir. 

Əslində, baş nazir kilsəni və xalqı öz tərəfində saxlamaq üçün “mənəviyyat kartı”ndan istifadə edir. Bir sıra ekspertlər bu fikirdədirlər ki, Ermənistanda kilsənin nüfuzunun zəiflədilməsi ilə Paşinyan ona tabe olmayan sonuncu güc mərkəzini də sıradan çıxarmaq istəyir. Beləliklə, Nikol nəinki siyasi meydanda, həm də mənəvi sferada hegemonluq iddiasındadır.

Situasiyanı şərh edən kinorejissor, Ermənistan Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan bildirib ki, Paşinyanın ritorikası son günlər çərçivədən kənara çıxıb və heç bir şəraitdə bu səviyyəyə enməyə imkan vermək lazım deyildi: “Çünki son vaxtlar biz hansısa daimi qalmaqal içindəyik və bu, cəmiyyətin bir hissəsini digər kəsimlə qarşı-qarşıya qoyan, bir növ, vətəndaş müharibəsidir və bu, ölkəmizi zəiflədir. Ona görə də belə hallarda həmişə güclülər günahkar olur. Dövlət kilsədən güclüdür – lakin bu gün, tarixin bu anında daha güclüdür. Böyük proseslərdə, əlbəttə ki, kilsə dövlətin həyatını məhv edə bilər. Amma biz buna imkan verməməliyik və bu mənada Paşinyanın istifadə etdiyi üsullarla heç vaxt razılaşmayacağam. Bu, indi ölkəyə lazım deyil”. 

T.Xzmalyan əmindir ki, bütün bunlar 2026-cı il iyunun 7-də keçiriləcək seçkilərdə qalib gəlmək məqsədilə edilir: “Hesab edirəm ki, bizim ölkədə bütün normal insanlara aydın olur ki, hakimiyyət təhlükəli xətti keçib – erməniliyin mənəvi əsaslarını inkar edir. Və mən əminəm ki, hətta Paşinyanın keçmiş və indiki bir çox tərəfdarları belə düşünür. Erməniləri birləşdirən amilə müharibə elan etmək mümkün deyil. Çünki biz artıq vətəndaş qarşıdurması vəziyyətindəyik. Paşinyan bir çox yanlış hesablamalardan sonra, xüsusilə Ermənistanın “Artsax”da məğlubiyyətindən sonra populyarlığını itirdi. İndi o, yaralı heyvan kimi onunla razılaşmayan hər kəsin üstünə isterik şəkildə hücum etməyə başlayır. Nikolun hərəkətləri onun zəifliyini göstərir”.

Ermənistan mediasında və sosial şəbəkələrdə bir neçə evli keşiş Paşinyanın çıxışına ehtiyatla, amma qismən müsbət münasibət bildirib. Onlar, əsasən, katolikosun şəffaflıq və hesabatlılıq prinsiplərinə əməl etmədiyini, kilsədə uzun illərdir müəyyən qapalılığın hökm sürdüyünü vurğulayırlar. Bəzi din xadimləri Paşinyanın “evli keşişlər mənim qardaşlarımdır” fikrini həm mənəvi, həm də sosial dəstək kimi dəyərləndiriblər. Lakin katolikosun yaxın çevrəsindəki yüksək rütbəli ruhani şəxslər bu çıxışı kilsənin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirib.

Bütövlükdə, kilsə daxilində fikir ayrılığı son günlər daha da kəskinləşib. Bəziləri Paşinyanın islahat çağırışlarını dəstəkləyir, digərləri isə bunu kilsə ənənələrinə zidd hesab edir. Bu, dini təsisat daxilində uzun illərdir yığılıb qalmış gərginliyin üzə çıxması kimi də dəyərləndirilə bilər. Katolikos tərəfdarları prosesin məqsədli şəkildə dini rəhbərliyin nüfuzunu sarsıtmaq olduğunu iddia edirlər. Eyni zamanda, Paşinyanın ritorikası keşişləri seçim qarşısında qoyur. Açıq şəkildə bildirir ki, ya onunla, ya da katolikosla bir yerdə olmalıdırlar. Kilsə isə hələlik açıq mövqe bildirməyərək daxili sabitliyi qorumağa çalışır. Ancaq hadisələrin inkişafı göstərir ki, bu təmkin uzun müddət davam edə bilməz.

İlyas HÜSEYNOV, 
politoloq

– Ermənistanda revanşizm dalğasının Paşinyan tərəfindən yatırdılması prosesi gedir. Bir tərəfdən Rusiyadan göndərilən Samvel Karapetyanın saxlanılması, digər tərəfdən katolikosun ardıcıl ifşası onu deməyə əsas verir ki, Paşinyan addımlarında qətiyyətlidir. Atdığı addımları arqumentləşdirə bilir. Aparılan əməliyyat-axtarış tədbirləri, həbslər baş verənlərin keçici olmadığını, yaxud müəyyən dövrdən sonra səngiməcəyini deməyə əsaslar verir. Elə təsəvvür yaranır ki, proseslər yenicə başlayıb, daha da güclənəcək.

Paşinyan xeyli müddətdir ki, II Qaregini öz adı ilə – Ktriç Nersisyan deyərək çağırır. Bu da onu göstərir ki, Paşinyan katolikosu ruhani kimi qəbul etmir. O, katolikosun adının qarşısındakı epitetləri heçə sayır. Bu da onunla bağlıdır ki, II Qaregin andını pozaraq evlənib və övladı var. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan ardıcıllıqla öz məqsədlərinə doğru irəlilləyir və əsas məqsəd növbəti parlament seçkilərində qalib gəlməkdir. Nikol bu məqsədə nail olmaq üçün bütün gücünü səfərbər edəcək.

Səxavət HƏMİD 
XQ

 

Seçilən
7
50
xalqqazeti.az

10Mənbələr