AZ

Rusiya hakimiyyətinin sülh qorxu su... Cənubi Qafqazda təsir imkanlarının azalması Kremli qəzəbləndirib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yekaterinburq hadisələri bizim cəmiyyətdə böyük rezonans doğurdu. Azərbaycanın siyasi hakimiyyətinin də dərhal bu olaylara kəskin reaksiyası və ardınca yaşananlar göstərdi ki, Yekaterinburqda yaşananlar heç də qarşı tərəfin təqdim etdiyi kimi, hansısa bir cinayət işinin araşdırılması məqsədilə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi sıradan əməliyyat deyil. Elə olsaydı, bunca qəddarlığa, iki nəfəri döyüb öldürməyə nə ehtiyac vardı?

Bizimyol.info xəbər verir ki, bunun ardınca Bakıda da polis qısa müddətdə bir sıra əməliyyatlar həyata keçirdi, nəticələri operativ şəkildə ictimaiyyətə açıqlandı, saxlanılan şəxslərin görüntüləri yayıldı. Yekaterinburqdakı hadisədən az sonra Bakıda “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (Sputnik-Azərbaycan) Daxili İşlər Nazirliyinin əməliyyat keçirməsi, qurumun direktorunun və baş redaktorunun tutulması artıq “cavab atəşi” idi. Bakıda hüquq-mühafizə orqanları bu prosesi narkotik vasitələrinin tranziti, dövriyyəsi və kiberdələduzluq ilə məşğul olan Rusiya vətəndaşlarının tutulması ilə davam etdirdi.

Rusiyada da polislər azərbaycanlı iş adamlarının evlərinə xüsusi amansızlıqla basqın edir, onlara qarşı olduqca qəddar və aşağılayıcı formada davranır və əməliyyatları çəkib, dərhal yayımlayırlar. Bütün bunlar isə Azərbaycanda qarşı tərəfə olan qəzəbi daha da artırır.

Görünən budur ki, Rusiya ilə Azərbaycan arasında gərginlik son illərin ən yük həddinə çatıb. Proseslərin təhlili göstərir ki, gərginliyi yaradan tərəf Rusiyadır və Yekaterinburq olayları Kremlin Azərbaycana qarşı qıcığının göstəricisidir. Elə əsas sual da burada yaranır: Rusiyanı özündən çıxaran nədir?

Son aylar, hətta son günlərdə regionda baş verən siyasi prosesləri, rəsmi şəxslərin açıqlamalarını təhlil edəndə, bu suala cavab tapmaq üçün konkret versiya ortaya çıxır. Məsələn, Ermənistan parlamentinin sədr müavini Akop Arşakyanın bugünkü açıqlaması.

“Cənubi Qafqazda çoxdan gözlənilən və sabit sülhün bərqərar olmasına çox yaxınıq”, - deyə erməni vitse-spiker bildirib.

Nəzərə almaq lazımdır ki, Arşakyanın bu açıqlaması Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə rəsmi səfərindən az sonraya təsadüf edir.

Məlumata görə, Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə əsas müzakirə mövzularından biri Azərbaycanla sülh razılaşması və Zəngəzur dəhlizi məsələsi olub.

Belə görünür ki, Paşinyan Ankaradan müsbət xəbərlə qayıdıb, bu üzdən vitse-spiker “çoxdan gözlənilən sülhün bərqərar olmasına çox yaxın" olmaqdan danışır.

Siyasi şərhçilər hesab edir ki, Türkiyədə Zəngəzur dəhlizinin açılması barədə də razılıq əldə edilib. Çünki bu məsələ Bakının əsas şərtlərindəndir.

Zəngəzur dəhlizinin açılması, Cənubi Qafqazda sülhün bərqərar olması Kremlin bu regiona nəzarəti itirməsi deməkdir. Ölkələri münaqişə ocaqları yaratmaq və ya mövcud olanları sönməyə qoymamaqla öz təsirində saxlamağa vərdiş etmiş Rusiyanın “sülh düşməni” olduğu sirr deyil. Üstəlik, Moskvanı kənarda qoymaqla, Türkiyənin vasitəçiliyi ilə razılaşmanın əldə olunması onu daha da qəzəbləndirmiş ola bilər. Missiyanın mərkəzində daha çox Ankara dayanır və Kreml bunu həzm etmək istəmir. Qəzəbindən zəncir çeynəyir.

Bu yerdə son vaxtlar İrəvanda yaşananları da unutmamalıyıq. Söhbət çevriliş cəhdlərindən və Paşinyanın bunun qarşısını almasından gedir. Oradakı çevriliş ideyasının da Paşinyana təzyiq məqsədilə şimaldan gəldiyi iddia olunur.

Yekaterinburqda baş verənlər isə konkret Rusiya hökumətinin mövqeyini ifadə edir. Moskva Azərbaycanla Ermənistanı nə yolla olur-olsun, cəzalandırmaq istəyir.

Bəs Azərbaycan nə istəyir? Yalnız sülh! Torpaqlar qaytarılandan sonra Azərbaycanın başqa arzusu ola bilməz. Ermənistanın indiki hökuməti də reallığı qəbul edib. Rəsmi İrəvan anlayır ki, yeni iqtisadi imkanlar üçün sülh çox vacibdir. Daha aqressiv ritorika ilə danışmağın mənası yoxdur.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
50
icma.az

10Mənbələr