Yaponiyanın cənub-qərbində yerləşən bir qrup adada iyunun 21-dən bəri 800-dən çox zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bəzi yeraltı təkanların maqnitudası təqribən 5-ə çatıb və hakimiyyət orqanları yeni zəlzələlərin baş verəcəyi barədə xəbərdarlıq ediblər.
Bu, iyunun 21-dən etibarən Kodakarajima adası ətrafında seysmik aktivliyin artdığı Kaqoşima prefekturasındakı Tokara adalar silsiləsidir. Kodakarajima və arxipelaqdakı digər adaların daxil olduğu Toşima şəhərində yeraltı təkanlar hələ də hiss olunur.
Kaqoşima Regional Meteoroloji Rəsədxanası 5,0 maqnitudalı daha bir zəlzələ ehtimalını nəzərə alaraq əhalini güclü təkanlara qarşı diqqətli olmağa çağırıb. Səlahiyyətlilər tərəfindən hələlik bölgədə hər hansı dağıntı və tələfat barədə məlumat verilməyib. Yaponiya dünyanın seysmik cəhətdən ən aktiv zonalarından biri olan “Od halqası” adlanan ərazidə yerləşir və nisbətən daha tez-tez zəlzələlərə məruz qalır. Bu səbəbdən ölkədəki infrastruktur yeraltı təkanlara tab gətirmək üçün xüsusi hazırlanıb.