AZ

Azərbaycanın İƏT-də artan rolu: Əməkdaşliqda yeni perspektivlər

Finss.az - İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə təsis olunmuş və sonradan Azərbaycan da daxil olmaqla bir sıra Orta Asiya və Cənubi Qafqaz ölkələrinin qoşulduğu regional iqtisadi inteqrasiya platformasıdır. Təşkilatın başlıca məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində qarşılıqlı əməkdaşlığın təşviq olunması və dərinləşdirilməsidir. Azərbaycan Respublikası 1992-ci ildən etibarən İƏT-in tamhüquqlu üzvü kimi bu təşəbbüslərdə fəal iştirak edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallı bildirib ki, Azərbaycanın geostrateji mövqeyinin Cənubi Qafqaz regionunda yerləşməsi və Şərq-Qərb, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində qərarlaşması ölkənin İƏT çərçivəsində nəqliyyat və logistika əməkdaşlığı üçün mühüm potensialını formalaşdırır. Bu xüsusda Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri infrastruktur layihələri Azərbaycanın regional tranzit mərkəzi statusunu möhkəmləndirərək təşkilat daxilində yüklərin daşınması və ticarət əlaqələrinin sadələşdirilməsinə şərait yaradır. Təşkilata 10 ölkə- Azərbaycan, Əfqanıstan, İran  İslam Respublikası, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistan üzvdür.

2024-cü il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsinə nəzər yetirildikdə, ixracın həcminin 26,5 milyard ABŞ dolları, idxalın isə 21 milyard ABŞ dolları təşkil etdiyi müşahidə olunur. 2024-cü il üzrə Azərbaycanın İƏT-ə üzv ölkələrlə xarici ticarət əlaqələrinin statistik təhlili göstərir ki, bu ölkələrlə aparılan ixrac və idxal əməliyyatlarının həcmi və strukturu əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, İran İslam Respublikasının Azərbaycanın ümumi ixracında payı 0.05 faiz, ümumi idxalında isə 3.01 faiz təşkil edib. Özbəkistanla ticarət əməliyyatları çərçivəsində ixracın ümumi ixracdakı payı 0.15 faiz, idxalın payı isə 1.01 faiz olub. Pakistanla aparılan ticarət əməliyyatları isə son dərəcə məhdud xarakter daşıyır – ölkənin ümumi ixracında payı 0.00 faiz, idxalında isə 0.1 faiz təşkil edib. Qazaxıstanla xarici ticarət dövriyyəsində ixrac 0.5 faiz, idxal isə 1.6 faiz səviyyəsində qeydə alınıb. Qırğızıstan üzrə bu göstəricilər müvafiq olaraq 0.11 faiz və 0.05 faiz, Tacikistan üzrə isə 0.02 faiz və 0.01 faiz təşkil edib. Ən yüksək ticarət dövriyyəsi Türkiyə Respublikası ilə qeydə alınıb. Belə ki, 2024-cü ildə Azərbaycanın ümumi ixracının 14.38 faizi, idxalının isə 10.97 faizi məhz Türkiyənin payına düşüb.Türkmənistanla ticarət əlaqələrində ixrac 0.3 faiz, idxal isə 1.44 faiz səviyyəsində olub. Əfqanıstanla isə 2024-cü il ərzində heç bir ticarət əməliyyatı həyata keçirilməyib. Ümumilikdə, Azərbaycanın xarici ticarət dövriyyəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında Türkiyə Respublikası ikinci mövqedə qərarlaşır. Bu göstərici iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi sahədə də intensiv şəkildə inkişaf etdiyini təsdiqləyir.

Lətif Zeynallı qeyd edib ki, Prezident İlham Əliyevin “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunu imzalaması Azərbaycanın regional və beynəlxalq təşkilatlarla strateji əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bu addım Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) arasında mövcud əməkdaşlığın hüquqi-institusional çərçivəsinin daha da möhkəmləndirilməsinə xidmət edir. Sənəd çərçivəsində nəzərdə tutulan birgə layihələr və təşəbbüslər elmi-tədqiqat və iqtisadi inkişaf sahələrində qarşılıqlı fəaliyyətin keyfiyyətini artırmağa imkan verəcək.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçıları 17-ci Zirvə Toplantısında Xankəndi şəhərində bir araya gəlirlər. Zirvə görüşü regional əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və dayanıqlı inkişafın təşviqi baxımından mühüm platforma rolunu oynayır. Bu platforma çərçivəsində yaradılacaq sinerji tədqiqat mərkəzlərinin qarşılıqlı əlaqəsini gücləndirərək ortaq iqtisadi maraqların müəyyənləşdirilməsi və regionun dayanıqlı inkişafına dair strateji yanaşmaların formalaşdırılmasına şərait yaradacaq. Bu isə öz növbəsində İƏT-in fəaliyyətində elmi əsaslı qərarların qəbuluna və təşkilatın institusional dayanıqlılığının artırılmasına mühüm töhfə verə bilər. Azərbaycanın bu sahədəki fəallığı ölkənin regional iqtisadi liderlik mövqeyini möhkəmləndirməklə yanaşı, elmi biliklərin tətbiqinə əsaslanan idarəetmə modelinin təşviqinə də xidmət edir.

Seçilən
6
50
fins.az

10Mənbələr