AZ

"ABŞ yardımının dayandırılması Ukraynanı zərbəyə məruz qoyur" - Amerika KİV-ləri

 
"Vaşinqton geri çəkilir: silah yoxsa siyasi siqnal?.."
 
ABŞ-ın Ukraynaya hava hücumlarına qarşı əsas müdafiə vasitəsi olan "Patriot" raket sistemlərinin təchizatını dayandırması döyüş meydanında vəziyyəti daha da ağırlaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə  "The Wall Street Journal" və "The New York Times" və Avropa mənbələri bu qərarın ən ağır nəticələrindən və siyasi mesajından bəhs edir.
 
Ukraynanın ABŞ-ın köməyinə həm texnoloji baxımdan, həm də siyasi cəhətdən alternativi azdır.
 
 
"Patriot" raketləri olmadan hava qorunması çökər" 
 
"The Wall Street Journal" yazır ki, ABŞ-ın kritik anlarda "Patriot" sistemlərinin göndərilməsini dayandırması, Ukraynanın hava hücumlarına qarşı müdafiə qabiliyyətini ciddi zəiflədir. Rusiya yeni nəsil manevr qabiliyyətli ballistik raketlər və rekord sayda dron hücumları ilə Ukrayna səmasını yorucu hücumlara məruz qoyur.
 
Ukraynanın özündə istehsal edilən və Avropadan tədarük olunan sistemlər "Shahed" tipli dronlara qarşı effektivdir, lakin ballistik raketlərə qarşı yeganə real qalxan "Patriot"dur. Əlavə olaraq, "Patriot" sisteminin radarlarının 360 dərəcə əhatə etməməsi və bəzi ölü bucaqların olması Rusiyanın bu zəif nöqtələri hədəf almasına şərait yaradır.
 
Üstəlik, bu sistemlər üçün lazım olan raketlərin istehsalı bir ildən çox vaxt aparır. "Lockheed Martin" şirkəti bu raketlərin illik istehsalını 600-ə çatdırmağı planlaşdırsa da, Ukraynanın təcili ehtiyaclarını qarşılamaq çətindir.
 
ABŞ-ın yardım siyasəti dəyişirmi?
 
"The New York Times" nəşri yazır ki, Tramp administrasiyası təkcə yeni yardım paketlərini dayandırmır, Bayden dövründə ayrılmış silahların verilməsini belə ləngidir. Məlumata görə, bəzi silahlar artıq Polşaya çatdırılsa da, oradan Ukraynaya keçməyib. Bunlara "Patriot"raketləri, AIM və "Hellfire" raketləri və yüksək dəqiqlikli artilleriya mərmiləri daxildir.
 
ABŞ hərbi sənayesi tərəfindən sıfırdan istehsal olunmalı olan bu silahların dəyəri 11 milyard dollara yaxın idi və onların çatdırılması 2025-ci ilin ortalarına qədər nəzərdə tutulmuşdu. Lakin indi bu yardımlar havada qalıb. Nəticədə, Ukrayna daha çox insan itkisi hesabına döyüşü davam etdirməyə məcbur olacaq, ukraynalı
hərbçilər etiraf edir.
 
"ABŞ-ın dəstəyi olmadan Avropa yetərli deyil"
 
NATO-nun baş katibi Mark Rütte ABŞ-ın yardımın bir hissəsini dayandırmasını anlayışla qarşılayır, lakin xəbərdarlıq edir ki, Avropa ölkələri Ukraynanı təkbaşına müdafiə edə bilməz.
 
 
Rütte hesab edir ki, bu yardımlar yalnız Ukraynanın yox, həm də Avropanın və ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. ABŞ silah ehtiyatlarına diqqət yetirmək istəyirsə belə, bu məsələdə elastiklik göstərməli və Avropa müttəfiqləri ilə koordinasiyanı artırmalıdır.
 
ABŞ prioritetləri dəyişir
 
Ukrayna Ali Radasının müdafiə və kəşfiyyat komitəsinin üzvü Solomiya Bobrovska "Ukrayna artıq ABŞ-ın xarici siyasət prioriteti deyil" deyə bildirir. Onun sözlərinə görə, ABŞ öz diqqətini tədricən digər regionlara yönəldir və Ukrayna bu prioritet siyahısından çıxarılıb.
 
Bu yanaşma Ukraynanın döyüş resurslarını tükəndirə və Rusiyanın üstünlüyünü artıra bilər. Analitiklər artıq ABŞ-ın Ukrayna müharibəsindən tədricən uzaqlaşdığını qeyd edir.
 
"Patriot"lar susur, siqnallar güclənir"
 
ABŞ-ın Ukraynaya yardımının dayandırılması təkcə texniki və logistik məsələ deyil, bu, siyasi siqnaldır. Vaşinqtonun bu qərarı Rusiya üçün stimul, Ukrayna üçün isə zəifləmə amilidir.
 
"Patriot" sistemləri olmadan Ukrayna səması daha açıq, şəhərləri isə daha həssas vəziyyətdə qalır. Avropa ölkələri yardım səviyyəsini artıra bilər, amma NATO-nun özü də etiraf edir ki, ABŞ olmadan bu müharibədə balans qorunmayacaq.
 
Ukraynanın mübarizəsi hələ bitməyib. Lakin indi bu mübarizə daha az raket, daha çox insan itkisi və daha mürəkkəb diplomatik manevrlərlə davam edir.
Seçilən
9
30
moderator.az

10Mənbələr