ABŞ və Ukrayna Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığı təşkil etmək üçün çalışır. Musavat.com xəbər verir ki, məlumatı Politico nəşri iki mənbəyə istinadən yayıb. Bildirilir ki, danışıq zərurəti ABŞ-ın Ukraynaya silah tədarükünü qəfil dayandırmasından sonra ortaya çıxıb.
"Birləşmiş Ştatlar bu gün Kiyevdə Ukraynanı bu qərarla bağlı məlumatlandırır və Trampla Zelenski arasında telefon danışığı tezliklə təşkil olunacaq. Birləşmiş Ştatlar deyir ki, bu, pauza və ya dayandırma deyil. ABŞ hələ də Ukraynanın müdafiəsini ən yaxşı şəkildə necə dəstəkləyəcəyini müəyyənləşdirir. Bu, prioritet olaraq qalır", - avropalı diplomat bildirib.
Eyni zamanda Politico əlavə edir ki, Pentaqonun Ukraynaya bəzi silah tədarükünü dayandırmaq qərarı hətta bu məsələni yaxşı bilənlər üçün də sürpriz olub. Onların arasında Konqres üzvləri, Dövlət Departamentinin rəsmiləri və əsas Avropa müttəfiqləri var: “Bazar ertəsi gözlənilməz hərəkət, Pentaqonun yüksək rütbəli rəsmisinin qərara yersiz təsir göstərdiyinə inanan aparıcı respublikaçılar da daxil olmaqla, narahatlıq və məyusluq yaradıb”.
Politico xatırladıb ki, fasilə Pentaqonun siyasət şefi Elbric Kolbi və kiçik bir müşavir dairəsi tərəfindən ABŞ-ın bəzi silah növlərinin tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən baş verib: “Hətta Prezident Donald Trampın müttəfiqləri bu addımdan məyus oldular və ABŞ-ın dondurulmasından əvvəl olan sursat ehtiyatlarının nəzərdən keçirilməsinə rəhbərlik edən Kolbi kimi məmurları administrasiyanın qalan hissəsinə və başqalarına məlumat vermədən bu addımı atmaqda günahlandırdılar”.
Müttəfiqlərin fikrincə, Ukraynaya silah satışını dayandırmaq qərarı, çox güman ki, Milli Təhlükəsizlik Şurasında kütləvi ixtisarlardan sonra daxili administrasiyanın koordinasiyası olmadan qəbul edilib.
Texasdan olan respublikaçı Maykl Makkal bildirib: "Düşünürəm ki, Müdafiə Nazirliyinin siyasət direktoru Kolbi bütün bunları edib. Bizim həqiqətən milli təhlükəsizlik üzrə müşavirimiz yoxdur. Mən hətta Dövlət katibi Marko Rubio ilə bu barədə məsləhətləşilib-məsləhətləşilmədiyidən əmin deyiləm... Ağ Evdə daxili fikir ayrılıqları var".
Digər ABŞ rəsmisi Pentaqonun qərarının razılaşdırılmamış olduğunu və Dövlət Departamenti üçün sürpriz olduğunu bildirib.
Eyni zamanda Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin sədri Tom Koul qərardan mətbuatdan xəbər tutduğunu, lakin heç bir iradı olmadığını bildirib: "Hazırda verilən izahata şübhə etmək üçün heç bir səbəbim yoxdur - özümüz kritik çatışmazlıqlarla üzləşirik. Yaxın Şərqdə baş verənlərə görə altı ay əvvəl hamının düşündüyündən daha çox nə qədər material xərclədiyimizi bilirəm. Deməli, məhdudiyyətlər var. Bizim sənaye bazamızla bağlı real problemlərimiz var. Gözləyirəm ki, prezidentin ilk məsuliyyəti Birləşmiş Ştatların müdafiəsi ilə məşğul olmaqdır".
Konqresmen Mayk Rocers də bunu Yaxın Şərqdəki son hərbi əməliyyatlardan sonra “ehtiyatlarımızın nə olduğunu görmək üçün adi fasilə” adlandırıb: "Onlar sadəcə dəqiq hesablama aparırlar. Və üç fərqli kateqoriya var, sursat baxımından bizim öz məqsədlərimiz üçün ehtiyacımızdan bir az geri qaldığımızı düşünürlər. Biz onlardan bu üç kateqoriya üzrə qəti təfərrüatları bizə çatdırmalarına çalışırıq".
Bununla belə, Rocers hesab edir ki, Pentaqon niyə silah satışını dayandırdığını açıq şəkildə izah etməlidir: "Onlar sadəcə olaraq bu barədə daha şəffaf olmalıdırlar, çünki insanlar bunu bizim Ukrayna ilə bağlı öhdəliklərimizlə qarışdırırlar. Bunun bununla heç bir əlaqəsi yoxdur".
Musavat.com