AZ

Ersin Tatar: "Şimali Kipr üçün ECO Zirvə Toplantısının önəmi onun Azərbaycanda keçirilməsidir"

"Son illərdə Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında münasibətlər sürətli şəkildə inkişaf edir. Bu yaxınlaşmanın bariz nümunələrindən biri də Prezident Ersin Tatarın Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XVII Zirvə Görüşündə müşahidəçi qismində iştirakıdır. Bu səfər tədbir çərçivəsində iştirakla məhdudlaşmır, eyni zamanda iki ölkə arasında əməkdaşlıq perspektivlərinin genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır"
 
Moderator.az xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar "Report"a müsahibəsində deyib.
 
O, ECO sammitinin əhəmiyyəti və Azərbaycanla münasibətlərin inkişafından danışıb.
 
 
- Cənab Prezident, Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XVII Zirvə Görüşündə müşahidəçi kimi iştirakınız gözlənilir. Bu görüşdə Şimali Kipr Türk Cümhuriyyəti hansı nəticələri əldə etməyi hədəfləyir?
 
- Əlbəttə, Şimali Kipr Türk Cümhuriyyətinin Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı böyük bir statusdur. Çünki bizim bu kimi beynəlxalq tədbirlərə qatılmağımız o qədər də asan olmur. Bir çox əngəllərlə qarşılaşırıq, nəticədə, beynəlxalq tədbirlərə dəvət edilmirik. Ölkəmizin Xankəndidə keçiriləcək Zirvə Toplantısına müşahidəçi qismində qatılması, şübhəsiz, Türkiyənin uğurudur. Bilirsiniz ki, Türkiyə illərdir bizə ciddi dəstək nümayiş etdirir.
 
Azərbaycan da, öz növbəsində, bizə hər zaman dəstək ifadə edib və bu dəstəyi əsirgəməyəcəyinə əminik. Prezident İlham Əliyevin bu yöndə açıqlamaları olub: mən hər zaman Şimali Kipr Türk Cümhuriyyətinin arxasındayam. Bu mənada, bu dəstəyi hər zaman hiss etmişik və xalqımız bütün çətinliklərə qarşı hər zaman dik dayanıb.
 
Bizim üçün Zirvə Toplantısının önəmi onun Azərbaycanda keçirilməsidir. Şimali Kipr Türk Cümhuriyyəti əhalisi az olmasına baxmayaraq, geosiyasi əhəmiyyətə malik ölkədir. Biz Aralıq dənizinin cənubunda və strateji cəhətdən çox vacib bir nöqtədə yerləşən ada dövlətiyik. Bu mənada, hesab edirəm ki, burada müşahidəçi kimi təmsil olunmağımız faydalı olacaq.
 
 
- Şimali Kipr Türk Cümhuriyyətinin ECO-da müşahidəçi statusu ilə iştirakı, sizcə, təşkilat daxilində iqtisadi əməkdaşlıq imkanlarını hansı səviyyədə artırır?
 
- ECO çox böyük bir təşkilatdır. Bu təşkilat üzv ölkələr nəzərindən baxsaq, təxminən 800 milyona yaxın əhalini əhatə edir. Bayaq da dediyim kimi, biz əhali baxımından az olsaq da, strateji mövqe baxımından əhəmiyyətli bir nöqtədəyik. Şimali Kipr Türk Cümhuriyyətinin, ümumən, 4 limanı var. Biz müstəqil bir türk dövləti olaraq, varlığımızı davam etdirməli, bu kimi təşkilatlarda üzv olaraq təmsil olunmalıyıq. Yəni ölkəmizin ECO Zirvə Görüşündə təmsil olunması, fəal iştirakı tamamilə təbiidir. Bəhs elədiyim məqamlar isə buradakı əməkdaşlıq imkanlarımızı artıran amillərdir.
 
Xatırlayırsınızsa, mayın 3-də Şimali Kipr Türk Cümhuriyyətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bir çox mərkəzlərin açılışı edildi. Bütün bunlar ölkəmizin tamamilə müstəqil ölkə olmasını simvolizə edir. Biz illərlə savaşdıq, dirəndik və Türkiyənin haqlı müdaxiləsi və dəstəyi ilə 1974-cü ildə azadlığa qovuşduq. Bu tarixi gün bizim üçün, əlbəttə, dönüş nöqtəsi idi. Bundan sonrakı mərhələdə isə artıq iqtisadiyyat, turizm, təhsil və digər sahələrimizdə addım-addım irəliləyişlər əldə etməyə başladıq.
 
 
- Beynəlxalq tanınma problemi ilə qarşılaşan bir dövlət kimi, Zirvə görüşündə iştirakınızın ölkənizin beynəlxalq statusuna təsir edə biləcəyini düşünürsünüzmü?
 
- Əlbəttə, tamamilə doğrudur. Qeyd etdiyiniz kimi, Şimali Kipr Türk Cümhuriyyəti tam olaraq beynəlxalq arenada tanınmır, amma onun müstəqilliyi qəbul edilib. Bizimlə görüşülür, müzakirələr aparılır, hörmət bəslənilir. Bütün bunlar qətiyyətlə onu deməyə əsas verir ki, Şimali Kipr Türk Cümhuriyyəti müstəqildir, azaddır, özü öz gələcəyinə cavabdehdir.
 
 
- Cənab prezident, Azərbaycanla münasibətlərdən söz düşmüşkən, son illərdə Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında kifayət qədər sürətli yaxınlaşma müşahidə olunur. Siz bu münasibətlərin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
 
- Doğru qeyd edirsiniz ki, münasibətlər artan templə və sürətli inkişaf edir. Biz Azərbaycanla münasibətlərə çox önəm veririk. İyulun 2-də mənə Azərbaycan Texniki Universitetin Fəxri doktor diplomu təqdim edildi. Bu təltif, hesab edirəm ki, həm şəxsən mənə, həm də Şimali Kipr Türk Cümhuriyyəti xalqına olan dəstəyin, inamın, etibarın və ehtiramın ifadəsidir. Bu mənim üçün böyük qürurdur. Fürsətdən istifadə edərək bir daha təşəkkürlərimi bildirmək istəyirəm.
 
Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərimiz davam etdirilir, bu bizim üçün son dərəcə vacibdir. İki ölkə arasında tarixi bağlar, ortaq mədəniyyət, ortaq düşüncə var. Bu mənada, münasibətlərin inkişafında hər iki tərəf maraqlıdır və daha da irəli aparılacağına inamımız sonsuzdur.
 
- Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında əməkdaşlıq potensialını konkret hansı sahələrdə görürsünüz və nə kimi təşəbbüslər var?
 
- Bir çox sahədə mümkündür. Mən xüsusilə iqtisadi və investisiya sahəsində əməkdaşlığın güclənə biləcəyini düşünürəm. Şimali Kipr Türk Cümhuriyyətində hazırda bir xeyli azərbaycanlı yaşayır və bizim ölkədə azərbaycanlıları, həqiqətən, çox sevirlər. Yəni iki xalq arasında bu sevgi bağları var və hiss olunur. Türkiyə və Azərbaycanla olan münasibətlərimizi ən yüksək səviyyədə inkişaf etdirilməsini istəyir və davam etdiririk.
 
 
- 2020-ci ildən sonra Azərbaycan bölgədə güclənmiş və yeni əməkdaşlıq imkanları yaratmışdır. Şimali Kipr Türk Cümhuriyyəti bu yeni geosiyasi reallıqda Azərbaycanla hansı sahələrdə strateji tərəfdaşlıq görür?
 
- Burada mən turizmi xüsusilə qeyd eləmək istəyirəm. Çünki Azərbaycandan Şimali Kipr Türk Cümhuriyyətinə xeyli turist gəlir. Bu da bayaq da qeyd etdiyim kimi, iki ölkə arasındakı ortaq mədəni düşüncə faktoruna əsaslanır. Bu çox ciddi nüansdır. Daha sonra, əlbəttə, təhsil sahəsində tərəfdaşlıq məsələləri mümkündür. Azərbaycan güclü dövlətdir. Bizim üçün Azərbaycanla münasibətlərin qorunub saxlanması, inkişaf etdirilməsi vacibdir.
Seçilən
1
50
moderator.az

10Mənbələr