AZ

Mirziyayevin budəfəki dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri ötən dövr ərzində davamlı olaraq inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin təməlini qoyduğu bu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha böyük zirvəyə yüksəlib.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şövkət Mirziyayevin fəaliyyəti həlledici rol oynayır:

"Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərlə yanaşı, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Bu baxımdan, Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Azərbaycana budəfəki dövlət səfəri böyük əhəmiyyət kəsb edir. Səfəri çərçivəsində Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə görüşü, aparılan müzakirələr, iki ölkə arasında müxtəlif sənədlərin mübadiləsi dövlətlərimiz arasında münasibətlərin daha da güclənməsindən xəbər verir.

Qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının güclü dövlətləri hesab olunurlar. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türk ölkələri arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. Dövlət başçılarının mətbuata bəyanatı zamanı Prezident İlham Əliyev deyib: “Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır”.

Millət vəkili xatırladıb ki, Prezident Şövkət Mirziyayevin 2023-cü il avqustun 22-23-də Azərbaycana dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açdı:

"Bu səfər zamanı imzalanan sənədlər və yol xəritələri Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Özbəkistan Prezidentinin erməni işğalından azad edilmiş ərazilərə - Füzuliyə və Şuşaya səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfəsinin və dəstəyinin daha bir göstəricisi oldu. Füzuli şəhərində Özbəkistan tərəfindən orta məktəbin tikilib istifadəyə verilməsi də əsl qardaşlıq nümunəsidir.

Gələcəyin əsas hədəfi isə Azərbaycan və Özbəkistan arasında əlaqələri daha da gücləndirməkdir. Bu baxımdan, ötən il Prezident İlham Əliyevin Daşkəndə səfəri zamanı dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” xüsusi əhəmiyyət daşıyır. Bununla da, Azərbaycan və Özbəkistan rəsmən müttəfiq dövlətlər oldular. Bu ölkələrimizin əməkdaşlığında tarixi hadisədir. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzaladığı ali səviyyədə beynəlxalq sənəddir. Dövlətimizin başçısı keçən il Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin önəmindən bəhs edərək qeyd edib ki, bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk".

Samir Vəliyev qeyd edib ki, səfər zamanı mübadilə edilmiş sənədlər, o cümlədən Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, Bakıda Özbəkistanın səfirliyinin yeni binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması ölkələrimiz arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək:

“Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın maraqlarına xidmət göstərəcək”.

Seçilən
15
50
axar.az

10Mənbələr