AZ

Azərbaycan-Özbəkistan: qardaşlığın ən tarixi və ən yeni modeli

Tarixi yaddaş

 

Azərbaycanla Özbəkistanı birləşdirən bağlar bu günün siyasi maraqları ilə izah oluna bilməz. Bu münasibətlərin kökü ortaq türk kimliyinə, dilinə, mədəniyyətinə və tarixdə ortaq mübarizələrə dayanır. Hər iki xalq eyni coğrafi və mənəvi məkandan, Türküstandan, İpək yolunun qovşağından çıxıb. Nizami ilə Nəvai, Füzuli ilə Bədriddin, Mirzə Uluqbəy ilə Şah İsmayıl bu ortaq məkanın fərqli böyükləridir. 

 

Yeni mərhələ, 2024-cü il Daşkənd müqaviləsi, Müttəfiqlik Manifesti

 

2024-cü ildə Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”, Azərbaycan-Özbəkistan münasibətlərində dönüş nöqtəsi oldu. Bu sənəd təkcə diplomatik əməkdaşlıq çərçivəsi sayıla bilməz. Bu sənəd qardaş ölkələr arasında strateji müttəfiqliyin hüquqi əsasını yaratdı.

Müqavilədə siyasi, iqtisadi, humanitar, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq prinsipləri əksini tapdı. Əsas mesaj aydındır: “Biz artıq tərəfdaş yox, qardaş və müttəfiqik”.

 

Qarabağın bərpasına mənəvi və maddi dəstək

 

Özbəkistanın Qarabağ bölgəsinin bərpasına, xüsusilə Füzulidə məktəb tikintisi və sosial layihələrə ayırdığı maliyyə və texniki dəstək tarixin yaddaşına köçən işdir. Burada humanitar jest əslində siyasi və mənəvi mesaj idi.

Bu, həm də Ermənistan işğalına qarşı Azərbaycanla eyni tərəfdə dayandığını nümayiş etdirmək idi. Prezident Mirziyoyevin sözləri ilə desək, Qarabağ Azərbaycanın əzəli torpağıdır və biz bu ədalətin bərpa olunmasını ürəkdən alqışlayırıq.

 

İyul 2025, Parlamentlərarası Forum, “Dialoqdan birgə fəaliyyətə”

 

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Daşkənddə keçirilən “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” adlı Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu, münasibətlərin daha dərin institusional səviyyəyə keçdiyini göstərdi.

 

Bu Forumda qəbul edilən qərarlar və verilən mesajlar göstərdi ki, tərəflər hökumətlərarası bağlarla kifayətlənmirlər. Burad həm də xalqlar arasında dərin bağlar qurmaq niyyətindədirlər. Artıq iqtisadiyyat, turizm, təhsil, kənd təsərrüfatı və mədəniyyət sahələrində konkret layihələr icra mərhələsinə keçib.

 

Geosiyasi kontekst, Rusiya təzyiqlərinə qarşı ortaq duruş

 

Bu gün Rusiya həm Azərbaycana, həm də Özbəkistana təzyiq göstərməkdədir. Özbəkistan Mərkəzi Asiyada müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir. Azərbaycan isə Cənubi Qafqazda Rusiya hegemoniyasına qarşı çıxan yeganə dövlətdir.

Hər iki ölkənin ortaq cəhəti var. Rusiyanın “sabiq imperiya kompleksi”ni qəbul etməməsi və öz milli yolunu seçməsi.

 

Özbəkistan səfirliyinin Bakıda Rusiya səfirliyinin yanında, lakin ondan daha müasir və daha nüfuzlu binada yerləşməsi simvolik mesajdır. Bu, gələcəyin kimlə qurulacağına dair susmayan cavabdır.

Liderlərin dostluğu: İlham Əliyev və Şavkat Mirziyoyev

 

Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasındakı münasibətlər dövlətlərarası əlaqələri aşan şəxsi hörmət və dostluq modelidir. Onların istər rəsmi görüşlərdə, istər qeyri-rəsmi çıxışlarında biri-birinə yönəltdiyi fikirlər, səmimi münasibətlərin göstəricisidir.

Bu liderlərin sinerjisi yeni bir “Azərbaycan-Türkiyə modelini” Özbəkistanla da formalaşdırır.

 

Xankəndi və Füzuli ziyarəti: geosiyasi mesaj

 

2025-ci ilin iyulunda Özbəkistan liderinin Füzuli Beynəlxalq Hava Limanına enməsi və Xankəndidə toplantıya qatılması, Rusiya, İran və Ermənistan başda olmaqla regionda maraqları olan güclərə açıq mesajdır. 

“Qarabağ Azərbaycandır və biz buradayıq!”

Bu həm də türk dünyasının vahid dayanma iradəsinin vizual təcəssümüdür.

 

Qardaşlıqdan strateji müttəfiqliyə

 

Azərbaycan-Özbəkistan münasibətləri indi sadəcə diplomatik ritorika deyil, konkret iqtisadi və siyasi realıqlarla möhkəmlənmiş “yeni model” qurur. Bu modelin dayaqları ortaq tarix, türk kimliyi, liderlərin uzaqgörənliyi və xalqların biri-birinə duyduğu doğmalıqdır.

 

Modern Təhlil və Araşdırma Qrupu 

Seçilən
6
50
modern.az

10Mənbələr