AZ

Azərbaycan soydaşlarımızla bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər - Deputat

“Yekaterinburqda soydaşlarımıza qarşı bu cinayəti törədənlər azərbaycanlıları öldürməklə Rusiyada qanunun sifətinə tüpürüblər, qanunları ayaq altına atıblar. Bu, dövlətin imicinə xələl gətirən bir məsələdir. Rusiyanın qanunları müstəvisində nəyinsə ədalətli şəkildə həll olunacağına inanmıram. Bunlar belə addım atmaqla öz ölkələrini rüsvay etmiş oldular. Görünən odur ki, bu adamlar üçün müqəddəs heç nə yoxdur”.

Ölkə. Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib 

Baş verənlərin Azərbaycan üçün ağır faciə olduğunu qeyd edən deputat əlavə edib ki, yaşananlar bütövlükdə Azərbaycan üçün böyük rus şovinizmini, düşüncəsini, imperiya ambisiyasını göstərir: "Amma onların davranışları bizi təəccübləndirməməlidir. Tarixə nəzər salaq: Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradan kim olub? Dövlətçiliyimizi əlimizdən alan kim olub? Baxın, ildə 12 ay var. Bu 12 ayın əksəriyyətində Rusiyanın əli ilə Azərbaycanda faciələr, qəliamlar törədilib. 20 Yanvar faciəsi, 26 fevral Xocalı soyqırımı, 1918-ci ilin mart soyqırımı, apreldə Kəlbəcər, mayda Şuşa və Laçın Rusiyanın yaxından iştirakı və dəstəyi ilə işğal edildi. 1993-cü ilin iyul, avqust və oktyabr aylarında Qarabağ və ətraf rayonları ermənilər Rusiya ordusunun yaxından dəstəyi ilə ələ keçirdilər. Xatırladım ki, 1991-ci il 20 noyabr tarixində içərisində dövlətin ən  yüksək rütbəli hərbçilərin olduğu helikopter Qarakənd səmasında vuruldu. Bu terrorda da Rusiyanın əlinin olmasına dair ciddi iddialar var. Ötən ilin dekabr ayında da mülkü təyyarəmiz vuruldu. Yekaterinburq faciəsi də bu qara siyahıya əlavə edilməlidir".

Fəzail İbrahimli bildirib ki, Rusiyada hakimiyyətdə kimin olması önəmli deyil: “Çar Rusiyasında, sovet Rusiyasında, Rusiya Federasiyasında Azərbaycana münasibət demək olar, fərqlənməyib. 1918-ci ildə də vəziyyət belə olub! Mart soyqırımında Rusiyada hakimiyyətdə Çar idi. Onu devirdilər, bolşeviklər gəldi. O vaxt verilən bəyanatların birində deyilirdi ki, qara zənciri qırmızı əvəz etdi. Yəni Nikolayı Lenin əvəzlədi. Yəni əsrlər dəyişir, bu münasibət dəyişmir. Artıq Azərbaycan əvvəlki deyil: Hazırda qaməti düzəlmiş, güclü ordusu olan, müstəqil xarici siyasət kursuna malik, suverenliyini tam mənası ilə bərpa etmiş, qüdrətli dövlətimiz var!”

Deputat onu da bildirib ki, Moskva Cənubi Qafqazın nəzarətindən çıxdığını gördüyündən nə edəcəyini bilmədiyindən bağrı çatlayır: "Ona görə də belə ümumbəşəri dəyərlərə zidd dəhşətli cinayətlərə  əl atır. Fikir verin, Gürcüstan əlindən çıxıb, Ermənistan artıq Moskvanı saya  salmır. Azərbaycan bunlarla normal qonşuluq münasibətləri qurdu. Dostluq haqqında müqavilə imzalandı və sair. Amma bir deyim var: əqrəbə nə qədər bal versən də zəhərə çevirir, canavara nə qədər yem versən də həmişə meşəyə baxır. Bunlar əqrəb və canavar xislətində olan düşüncə sahibləridir. Buna görə də güman edirəm ki, hər kiçik şeydə bir nəticə olduğu kimi, baş verənlərlə bağlı da nəticə olacaq. Hamı onların iç üzünü bilir və təkrar olacağını düşünür. Ruslar nə istədiklərini özləri də bilir, biz də. Sadəcə, bu qədər ifrata varmaqla, ambisiyalı yaşamaqla öz ayaqlarının altında od qalayırlar".

Deputat sonda onu da qeyd edib ki, Azərbaycanın Yekaterinburqda soydaşlarımıza qarşı baş verən hadisə dövlət səviyyəsində böyük narazılıqla qarşılandığından beynəlxalq məhkəməyə müraciət etmə hüququ var: "Hesab edirəm və inanıram ki, bunu edəcəyik. Çünki soydaşlarımızın ölümündə əli olanlar öz ölkələrində obyektiv ittiham olunmayacaq".

Mürtəza
Ölkə.az

Seçilən
8
50
olke.az

10Mənbələr