AZ

Regionun diqqəti Xankəndidə

 

Azadlığından sonra tarixi şəhərimizdə bir neçə ölkə prezidentinin iştirakı ilə İƏT-in Zirvə toplantısı keçirilir

Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşü başlayır. “Davamlı və iqlimə dayanıqlı gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının yeni baxışı” mövzusunda baş tutan toplantıda iqlim dəyişiklikləri, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat marşrutları və təşkilatda nəzərdə tutulan islahatlar müzakirə olunacaq. 

2023-cü ilin 19-20 sentyabrında 23 saatdan az müddətdə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə erməni işğalçılarından təmizlənən tarixi şəhərimiz o yandan bu yana ilk belə böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu da tədbirin Azərbaycan üçün önəmini birə on qat artırır.

Zirvə görüşündə Türkmənistanı Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov təmsil edir.

Əfqanıstanın xarici işlər nazirinin müavini Mohammad Naim Vardak da ölkəmizə gəlib.

Nigeriya Federativ Respublikasının büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudunu gətirən təyyarə iyulun 3-də Füzuli rayonuna enib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Pakistanın baş naziri Şahbaz Şərif, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da artıq Qarabağdadır.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndinə bu gün gələcəyi artıq dəqiqdir.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın da ECO-nun Zirvə görüşündə iştirakı gözlənilir.

İqtisadi Əməkdaşlıq Təşkilatının digər üzvləri - Qazaxıstan və Taciksitanı toplantıda kimin təmsil edəcəyi tam dəqiqləşməyib.

günay

Günay Ağamalı

Milli Məclisin üzvü Günay Ağamalı bu hadisənin həm simvolik, həm də strateji əhəmiyyətini vurğulayıb: “İƏT-in 17-ci Zirvə Sammitinin Xankəndi şəhərində keçirilməsi Azərbaycanın regiondakı siyasi və iqtisadi gücünü bir daha təsdiq edir. Bu, eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sürətli bərpa və inkişaf proseslərinin uğurla həyata keçirildiyini və həmin ərazilərin sülh, inkişaf və əməkdaşlıq mərkəzinə çevrildiyini göstərir. Sammitin keçirilməsi İƏT-ə üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə verdiyi dəstəyin açıq və qəti ifadəsidir. Bu həm də Azərbaycanın İƏT çərçivəsindəki fəallığını və təşkilatın regional və beynəlxalq sahələrdəki təsirini daha da artıracaq”.

ELMAN

Elman Nəsirov

Millət vəkili Elman Nəsirovun sözlərinə görə, bu tədbirin Rusiya-Azərbaycan münasibətlərində yaşanan siyasi, diplomatik böhran fonunda keçirilməsinin də məna və çəkisi böyükdür: “Rusiyada müəyyən şovinist qüvvələr Azərbaycana təzyiq yolunu seçiblər. Qoy görsünlər ki, Azərbaycanın yanında NATO-da ikinci güc mərkəzi olan Türkiyə, müsəlman dünyasının yeganə nüvə silahına sahib dövləti Pakistan var. Qoy görsünlər ki, Türk Dövlətləri Təşkilatının əsas üzvlərindən biri olan Özbəkistan Prezidenti Xankəndidəki tədbirdə iştirak edir. Qoy görsünlər ki, Azərbaycan-İran münasibətləri artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. İsrail-İran müharibəsi fonunda da rəsmi Tehran gördü ki, Azərbaycan nə qədər düşünülmüş böyük siyasət həyata keçirir. Biz adətən belə tədbirlərin Bakıda keçirilməsinə şahidlik etmişik. İndi isə Xankəndidə - Qarabağın mərkəzində tədbir keçirilir. Bununla da bizi istəyən və qarşı çıxan dövlətlərə mesaj verilir ki, Azərbaycan tək deyil, biz Azərbaycanın yanındayıq, eyni zamanda Xankəndi, Qarabağ, Şərqi Zəngəzur Azərbaycandır. Biz eyni zamanda Qərbi Zəngəzura qayıdacağıq. Bu qayıdış tankla, topla yox, avtomobillə, dinc şəkildə olacaq. Bizim işimiz haqq işidir. Azərbaycan bu gün bütün dünyaya sülh, əmin-amanlıq mesajları verir, birgəyaşayış mədəniyyəti nümayiş etdirir. Eyni zamanda Azərbaycan soydaşlarımızın pozulmuş hüquqlarının keşiyindədir. Bu hüquqları kimin pozmasından asılı olmayaraq, Azərbaycanın prinsipial mövqeyi var. Bu siyasətin də başında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dayanır. O lider ki, bütün dünyada müdrik lider, mahir diplomat və müzəffər Ali Baş Komandan kimi qəbul olunur”.

hikmet.jpg

Hikmət Babaoğlu  

Azərbaycan parlamentinin daha bir üzvü Hikmət Babaoğlu  bu təşkilatın roluna və Azərbaycan üçün əhəmiyyətinə toxunub: “İqtisadi Əməkdaşlıq Təşkilatı müsəlman dövlətlərini birləşdirən çox mühüm bir təşkilatdır. Bu təşkilat çərçivəsində müxtəlif alt strukturlar vasitəsilə İslam dünyasının mədəni, iqtisadi, humanitar və sosial sahələrdə inkişafına dəstək verilir. İƏT Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və işğaldan azad edilmiş torpaqlarımızda keçirilən bu cür mühüm tədbirlər, təşkilatın Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirir. Bu, eyni zamanda İƏT-in dünya nizamında artan rolunu və perspektivlərini göstərir”.

VUQAR

Vüqar Bayramov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə söyləyib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir: “İƏT-də Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir. Bu baxımdan Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti bir yandan da təşkilata üzv dövlətlər arasında əlaqələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün imkandır. Bu kontekstdən Azərbaycan beynəlxalq tədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. İƏT sammitinin Azərbaycanda keçirilməsi bütövlükdə təşkilatın işinə töhfə verməklə yanaşı, ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
4
27
musavat.com

10Mənbələr