ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığında Ukraynada atəşkəs məsələsində irəliləyişə nail olunmadığını bildirib.
“Xeyr, heç bir irəliləyiş yoxdur,” – Tramp Andrews Hərbi Hava Bazasında jurnalistlərə deyib və müharibənin davam etməsindən narazı olduğunu vurğulayıb.
Tramp qeyd edib ki, ABŞ Ukraynaya silah tədarükünü davam etdirir, lakin öz ehtiyatlarının da tükəndiyini nəzərə almalıdır.
“Biz onlara çoxlu silah göndəririk… Lakin özümüz üçün də kifayət qədər olduğuna əmin olmalıyıq,” – o bildirib.
Kremlə görə, Putin telefon danışığında Rusiyanın siyasi həll yollarını axtardığını, lakin strateji hədəflərindən geri çəkilməyəcəyini vurğulayıb.
Təxminən bir saat davam edən telefon danışığı ABŞ-ın Müstəqillik Günündən əvvəl baş tutub.
Liderlər həmçinin İran, Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Şəxsi görüş məsələsi gündəmə gəlməyib.
N.Təbrizli