ain.az, Xalq qazeti saytına istinadən bildirir.
2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat təşkil edib ki, bu da 6 aylıq proqnozu 704,8 milyon manat və ya 3,7 faiz üstələyib. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin birinci yarısı üzrə dövlət büdcəsinin xərcləri 17 milyard 275,9 milyon manat proqnoza qarşı 17 milyard 95,6 milyon manat və ya 99 faiz səviyyəsində yerinə yetirilib. Beləliklə, 6 ayda büdcədə 2 milyard 708,3 milyon manat profisit yaranıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz azdır.
Məlumata görə, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 milyard 703,7 milyon manat təşkil edərək proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 91,1 milyon manat təşkil edərək proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21,9 milyon manat təşkil edərək proqnozdan 5,1 milyon manat və ya 30,3 faiz, Dövlət Neft Fondundan transfert isə 7 milyard 240,5 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar 434,6 milyon manat təşkil edərək proqnozdan 314,1 milyon manat və ya 3,6 dəfə çox icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edərək proqnozdan 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.
Xatırladaq ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat proqnozlaşdırılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.