AZ

Azərbaycan Qoşulmama Hərəkatına çox uğurla rəhbərlik etdi, təşkilatın fəaliyyətini həqiqətən də canlandırdı - Pakistanın BMT-dəki səfiri ilə MÜSAHİBƏ

Pakistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) iyul ayı üzrə sədrliyi öz üzərinə götürüb. Bu Pakistanın 15 üzvdən ibarət Şurada səkkizinci üzvlük dövrüdür. İslamabadın 2025-ci ilin yanvarında qeyri-daimi üzv olaraq başladığı ikiillik dövr 2026-cı ilin sonuna qədər davam edəcək.

"Report" Pakistanın BMT-dəki səfiri Asim İftikhar Ahmad ilə eksklüziv müsahibəni təqdim edir:

- Pakistanın iyul ayında BMT TŞ-yə sədrliyi dövründə müzakirəyə təqdim edəcəyi məsələlər və təklifləri nədən ibarətdir?

- Pakistanın BMT TŞ-yə sədrliyi dövründə ay ərzində baş tutan iclasla bağlı hazırlanmış proqram var və bu proqramda Şuranın gündəliyində olan müxtəlif vəziyyətlərlə bağlı bir çox dövri iclaslar qeyd olunub. Bunlar icbari iclaslardır. Bundan başqa, biz əslində iki əsas tədbir təklif etmişik. Onlardan biri 22 iyul tarixindədir və bu, çoxtərəfliliyi və münaqişələrin sülh yolu ilə həllini beynəlxalq sülh və təhlükəsizliyin təşviqi üçün necə istifadə edə biləcəyimiz haqqındadır. Digəri isə 24 iyul tarixindədir. Bu da, beynəlxalq sülh və təhlükəsizliyi fərqli bir kontekstdə necə təşviq edə biləcəyimiz, həmçinin BMT Nizamnaməsinin BMT ilə regional və subregional təşkilatlar arasında əməkdaşlıqdan bəhs edən müddəalarını necə istifadə edə biləcəyimiz haqqındadır.

Bildiyiniz kimi, digər təşkilatlarla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı da (İƏT) mühüm hökumətlərarası, çoxtərəfli təşkilatdır və BMT-dən sonra ən böyüklərindən biridir. Hesab etdik ki, bu dəfə Şura ilə İƏT arasında bu müzakirəni keçirmək yerinə düşərdi. İƏT-in Baş katibinin görüşə qatılmasını və Şuraya məlumat verməsini gözləyirik və düşünürük ki, bu, mühüm müzakirə olacaq. Hesab edirik ki, bu, BMT ilə İƏT arasında əməkdaşlığı gücləndirmək və beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı ortaq məqsədləri necə birlikdə irəlilədə biləcəyimizi görmək üçün yaxşı fürsət olacaq.

– Pakistan ilə Azərbaycanın BMT-də, xüsusilə islamofobiya ilə mübarizə kimi ortaq prioritetlərdə tərəfdaşlığını necə görürsünüz? Həm İslam Əməkdaşlıq Təşkilatı (İƏT), həm də Qoşulmama Hərəkatının (QH) üzvləri kimi, ikitərəfli əlaqələrin gücləndirilməsində çoxtərəfli əməkdaşlıq nə dərəcədə vacibdir?

- Pakistan və Azərbaycan yaxın dostlardır, ölkələrimiz, xalqlarımız arasındakı münasibətlər qeyri-adi dərəcədə güclüdür. Yəni bunu sözlərlə tam izah etmək asan deyil. Bu münasibət hökumətlərarası münasibətlərdən kənara çıxır, ürəkdən-ürəyə bir münasibətdir. Ona görə də ölkələrimiz arasında regional və beynəlxalq müstəvidə ikitərəfli, eləcə də çoxtərəfli geniş əməkdaşlıq mövcuddur.

Baş nazirimiz hazırda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə toplantısında iştirak etmək üçün Azərbaycandadır. İki gün orada qalacaq. Bu göstərir ki, ikitərəfli, regional və çoxtərəfli məsələlərdə necə yaxın işləyirik. Sizin də qeyd etdiyiniz kimi, BMT kontekstində, Nyu-Yorkda, Cenevrədə və başqa yerlərdə çox yaxından işləyirik. Bir çox məsələlər var ki, bu mövzularda birlikdə çalışırıq – islamofobiyadan tutmuş mədəniyyətlər, sivilizasiyalar arasında dialoqun təşviqi, sülh və təhlükəsizliyin güclənməsi, terrorizmlə mübarizə, iqlim və inkişaf məsələlərinə qədər.

Pakistan və Azərbaycan müxtəlif regional təşkilatlara da birlikdə üzvdürlər - ECO-da, həmçinin İƏT və QH-də. Azərbaycan QH-yə çox uğurla rəhbərlik etdi, təşkilatın fəaliyyətini həqiqətən də canlandırdı.

Ölkələrimizin ortaq məqsədləri irəlilətməsi üçün çoxlu imkanlar var və bu, bizim üçün çox əhəmiyyətlidir. Çünki bilirik ki, hər iki ölkə prinsiplərə, beynəlxalq hüquqa, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin təşviqinə əsaslanan mövqelər tutur. Ona görə də Pakistan və Azərbaycanı birləşdirən çox şey var.

– Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, onun ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanın 30 illik işğalı dövründə Pakistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) dörd qətnaməsini, Qarabağ münaqişəsi zamanı və ondan sonra da ölkənin suverenliyini dəstəkləyib. 2020-ci ildə 44 günlük müharibə zamanı Pakistan Azərbaycanın yanında dayanıb, ona möhkəm diplomatik və siyasi dəstək nümayiş etdirib. Azərbaycanın münaqişədən sonrakı bərpa səylərini və regional sülh təşəbbüslərini necə qiymətləndirirsiniz?

- Qeyd etdiyim kimi, Pakistan və Azərbaycan arasındakı münasibətlərdə təbii bir bağ var və bu, dövlətlər arasında olan əməkdaşlıqdan kənara çıxır. Bu, xalqlar arasında olan münasibətlərdir. Əsas məsələ bir-birinin mövqeyini başa düşmək və bunun da xaricinə çıxaraq o dəstəyi göstərməkdir. Bu da çox vacibdir. Ona görə də bu kontekstdə Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe sərgiləyib. Qarabağ məsələsində Pakistanın daim göstərdiyi tarixi dəstəyi bilirsiniz. Bu, sadəcə Azərbaycanın marağında olan bir məsələ olduğu üçün deyil, həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və beynəlxalq hüquq tərəfindən dəstəkləndiyi üçün belə olub. Ona görə də biz bu dəstəyi göstərmişik.

Azərbaycanla sıx təmasda qalmağa və həmrəylik göstərməyə davam edirik. Bilirik ki, münaqişədən sonra bərpa və inkişaf istiqamətində bir çox işlər görülür. Biz buna çox böyük əhəmiyyət veririk və Azərbaycanın bu mühüm səylərində ona uğurlar arzulayırıq.

– Bəzi qonşu ölkələr Pakistan və Azərbaycan arasındakı yaxın münasibətlərdən narahatlıq keçirir və ya hətta buna dözümsüz yanaşırlar. Pakistan belə narahatlıqlara necə cavab verir? Bu, tərəfdaşlığa təsir göstərə bilərmi?

- Bizim bütün ölkələrlə münasibətlərimiz prinsiplərə, qarşılıqlı maraqlara əsaslanır. Ən vacib məsələ odur ki, bizim hər hansı bir ölkə ilə münasibətlərimiz digər hər hansı bir ölkəyə qarşı nəzərdə tutulmayıb və yönəlməyib. Gözləntimiz də budur, bilirsiniz, biz heç vaxt başqa ölkənin hər hansı bir ölkə ilə münasibətinə etiraz etmirik. Amma bu, birbaşa şəkildə Pakistanın maraqlarına zərər vurmamalı və təsir etməməlidir. Biz məhz bu prinsip əsasında münasibətlərimizi qururuq.

Yəni Azərbaycanla yaxın və dost münasibətlərimiz, strateji tərəfdaşlığımız başqa heç bir ölkəyə qarşı yönəlməyib. Hesab edirəm ki, bu münasibətlə bağlı belə bir təsəvvür yoxdur. Biz sülh, sabitlik və əməkdaşlıq istəyirik. Əslində, biz uduzanı olmayan əməkdaşlığın tərəfdarıyıq. Xarici əlaqələrimizi və münasibətlərimizi istiqamətləndirən prinsiplər bunlardır.

– Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir və hələ də ərazilərində mülki şəxslər ölür və ya xəsarət alır. BMT TŞ-nin sədri kimi mina məsələsini müzakirəyə çıxarmağı planlaşdırırsınızmı? Dünya Azərbaycan kimi ölkələrə kömək etmək üçün daha çox nə edə bilər?

- Bu, çox mühüm məsələdir. Ayın iş proqramı artıq hazırdır və bu mövzu xüsusi olaraq TŞ-də müzakirə üçün nəzərdə tutulmayıb. Amma bilirik ki, bu məsələ çox böyük əhəmiyyət daşıyır, çünki humanitar nəticələri var. Mən Azərbaycanda olanda işğaldan azad edilmiş əraziləri ziyarət etdim və minaların insanlar üçün hansı nəticələr doğurduğu barədə məlumat aldım. Onları düzgün və təhlükəsiz şəkildə təmizləmək çox vacibdir.

Bu yaxınlarda Azərbaycanın BMT-dəki missiyası Nyu-Yorkda bir sessiya, brifinq təşkil etdi, mən də orada iştirak etdim. Pakistan bu sahədə Azərbaycana dəstək verir və vermək istəyir. Minatəmizləmə işlərində böyük təcrübəmiz var, əvvəlki dövrlərdə bu işlərlə məşğul olmuşuq. Ona görə də bu işin əhəmiyyətini bilirik. Və bir daha istəyirik ki, qalıq minalar ən qısa zamanda təmizlənsin. Əvvəlcə bu, maarifləndirmə, zəruri tədbirlərin görülməsi ilə bağlıdır. Sonra texniki məsələlər var ki, bunun üçün xüsusi bilik, avadanlıq, təcrübə lazımdır. BMT-də təşkilatın Minalardan Təmizləmə Xidməti (UNMAS) var, bu təşkilat müxtəlif formalarda yardımı təmin edir. Bundan başqa, ikitərəfli kontekstdə də əməkdaşlıq ola bilər ki, bu sahədə Pakistan da kömək etməyə hazırdır. Bu, davam edən bir işdir və haqlısınız ki, beynəlxalq diqqət davam etməlidir. Çünki bu, hələ yekunlaşmamış bir gündəlikdir və tamamlanmalıdır.

– Digər ölkələr hazırkı Hindistan–Pakistan münasibətlərində hansı rol oynayır? Sülh danışıqları üçün hansısa perspektiv varmı?

- Bilirsiniz, Hindistan Pakistana qarşı təcavüz törətdi və ölkəmiz də, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində buna cavab verməli oldu. Nəticədə atəşkəs oldu. Sevindirici haldır ki, bu atəşkəs hələ də qüvvədədir. Həmin atəşkəsin əldə olunmasında ABŞ və digər dost ölkələr də rol oynadı. Atəşkəsdən sonra isə dost ölkələrin, o cümlədən BMT-nin, Baş katibin mühüm bəyanatlarını gördünüz. Onlar atəşkəsi alqışladılar, bildirdilər ki, Hindistan və Pakistan arasında mövcud olan həll olunmamış məsələlərin həlli üçün dialoqun aparılacağını gözləyirlər. Atəşkəsi və gözləntiləri də alqışlayırıq.

Lakin Hindistan tərəfindən tərəddüd və müqavimət davam edir. Əvvəla, onlar atəşkəsin əldə olunmasında hər hansı digər ölkənin rol oynadığını inkar etməyə çalışırlar ki, bu da faktlara ziddir. Eyni zamanda, onlar çox tərəddüd keçirirlər. Əslində, onlar Pakistanla istənilən dialoqun aparılmasına qarşı çıxırlar, buna yox deyirlər. Bu da, mənim fikrimcə, faydalı deyil. Əksinə, mənfi nəticələr doğurur, çünki bilirik ki, Hindistanla Pakistan arasında Cənubi Asiya kontekstində əsas mübahisəli məsələ Cammu və Kəşmir münaqişəsidir. Məhz bu münaqişəyə görə iki ölkə arasında təkrarlanan gərginliklər yaşanır. Bu məsələ həll olunmayıb və BMT TŞ-nin hələ də icra olunmayan qətnamələri mövcuddur. Məhz buna görə Cənubi Asiyanın iki böyük, güclü ölkəsi - Hindistan və Pakistanın əsl inkişaf potensialı reallaşmır.

Pakistanın mövqeyi çox aydındır, dialoq olmalıdır. Hindistan və Pakistan kimi iki böyük, əhəmiyyətli ölkənin ümumiyyətlə dialoq aparmaması təbii hal deyil. Əksinə, burada geriləmə, təcavüz var və Pakistan da ona cavab verməli oldu, burada başqa ciddi hadisələr də var. Məsələn, Hindistan müqavilələrdən geri çəkilir, yenidən haqsız olaraq bu vəziyyətdən bəhanə kimi istifadə edir. Hindistan Pakistanla imzaladığı çay sularının bölüşdürülməsini tənzimləyən əsas sənəd - "Hind çayları haqqında" müqaviləni (Indus Waters Treaty) dayandırmağa çalışdı. Bu da beynəlxalq hüququn və müqavilələr hüququnun açıq şəkildə pozulmasıdır. Hesab edirik ki, bunlar faydalı və müsbət meyillər deyil və Hindistandan daha müsbət, konstruktiv cavab, davranış gözləyirik. İki ölkə bir araya gəlib Kəşmir məsələsi üzrə problemləri həll etməlidirlər.

– BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı Pakistanın mövqeyi nədir? Təhlükəsizlik Şurasını daha demokratik, şəffaf və təmsilçi etmək üçün hansı dəyişikliklər lazımdır?

- Bu, əslində, çox vacib bir sualdır. BMT-də islahatla bağlı müzakirələr artıq uzun illərdir, əslində, onilliklərdir ki, davam edir və bu, təbii, məntiqli bir prosesdir. Çünki BMT böyük bir təşkilatdır. Zaman keçdikcə vəziyyətlər dəyişir. Buna görə də digər istənilən təşkilat kimi, o da proseslərə cavab verməli, yeni vəziyyətlərə, yeni çağırışlara uyğunlaşmalıdır. Deyə bilmərik ki, islahatlar ümumiyyətlə olmayıb. İllər ərzində görmüsünüz ki, islahatlarla bağlı bir çox səylər, bir çox proseslər olub. Məsələn, əsas təşəbbüslərdən biri 2005-ci ildə olmuşdu və İnsan Hüquqları Şurası yaradıldı. Yeni Sülh Quruculuğu Komissiyası (Peacebuilding Commission) yarandı və bir çox digər tədbirlər həyata keçirildi.

Lakin bu islahatın əsas elementlərindən biri, yəni TŞ ilə bağlı olan məsələ hələ də həll olunmamış qalır. Bu barədə müzakirələr aparılıb. Biz razıyıq ki, TŞ islah olunmalıdır, amma bu, yeni reallıqlara uyğun şəkildə aparılmalıdır. Bəzi dostlarımız yeni reallıqları yalnız BMT-də bəzi böyük ölkələrin mövcudluğunu qeyd etməklə əlaqələndirirlər. Halbuki böyük, kiçik, ya da orta ölkə anlayışı yoxdur. Hər kəs suveren və bərabərdir. Düşünürük ki, yeni reallıqlar bundan ibarətdir, indi biz açıq, şəffaf bir dövrdə yaşayırıq. Siz demokratiyadan, demokratik ideallardan və prinsiplərdən danışırsınız ki, bunlara məsuliyyət və hesabatlılıq da daxildir. Üzvlərin əksəriyyəti hesab edir ki, TŞ-nin öz həqiqi potensialını yerinə yetirməsinə mane olan əsas məsələlər var. Çox vaxt görürsünüz ki, TŞ bloklanır, öz məsuliyyətini yerinə yetirə bilmir. Bunun səbəbi daimi üzvlərdir, veto hüququdur və həmin antidemokratik üstünlükdür. BMT üzvlərinin əksəriyyəti inanır ki, TŞ-ni qarşılayan problemlərin mahiyyəti məhz daimi üzvlərin bu xüsusi üstünlüyü və mövqeyi ilə bağlıdır.

Pakistan Konsensus üçün Birlik (Uniting for Consensus) qrupundakı dostlarımızla birlikdə inanırıq ki, TŞ-ni qarşılayan problemlərin öhdəsindən gəlməyin və bu çətinliyi həll etməyin ən yaxşı yolu bunun əksini etməkdir. Problemi təkrarlamaq və daha da dərinləşdirməklə yox. Çünki əgər deyirsinizsə, problem daimi üzvlərin bu xüsusi mövqeyi və səlahiyyəti ilə bağlıdır, o zaman siz bu problemi fərdi ölkələrə daha çox belə səlahiyyətlər verməklə həll edə bilməzsiniz. Çünki indi siz beş daimi üzvün maraqlarına və xüsusi məqsədlərinə və ya strateji məqsədlərinə uyğun hərəkət etməlisiniz.

Təsəvvür edin ki, əgər daimi üzvlərin sayı 10, 11 və ya 12 olsaydı, Şura daha da bloklanardı. O, öz məsuliyyətini yerinə yetirə bilməzdi. Buna görə də biz deyirik ki, həll başqa yoldadır və bu yol seçilmiş üzvlərin sayını artırmaq, onların təsir imkanlarını genişləndirməkdir. Siz artıq görürsünüz ki, seçilmiş üzvlər həqiqətən necə fəaliyyət göstərə, müzakirələrdə və qərarların qəbul edilməsində öz çəkilərini necə göstərə bilirlər. Ona görə də bizim təklifimiz odur ki, seçilmiş üzvlərin sayını artıraq və başa düşürük ki, bəzi ölkələr Şurada daha uzun müddət təmsil olunmaq istəyir. Buna görə də biz təklif etmişik ki, bir orta yol ola bilər. Üç-dörd illik mandatlı ortamüddətli yerləri nəzərdən keçirə bilərik. Yenidən seçilmək imkanı ola bilər, amma bütün bunlar bizim razılaşdığımız prinsiplər -demokratiya, hesabatlılıq və məsuliyyət çərçivəsində olacaq. Yalnız seçilmiş üzvlər dövri seçkilərlə, ümumi üzvlüyə qarşı məsuliyyətli və hesabatlı ola bilərlər. Daimi üzvlər isə belə deyillər və ola da bilməzlər.

Bu, bizim mövqeyimizdir. Düşünürük ki, rotasiya edən seçilmiş üzvləri nəzərdə tutan təklifimiz TŞ-də ümumi üzvlüyün əksəriyyətinə təmsil olunmaq üçün daha geniş imkan yaradır. Bu, regional, subregional və regionlararası təşkilatların, məsələn, Ərəb Liqasının, İƏT-in TŞ-də təmsil olunması maraqlarını nəzərə ala bilər. Beləliklə, bu, bizim təklifimizdir. Düşünürük ki, bu, demokratikdir, yeni reallıqlara uyğundur və TŞ-nin hesabatlılığını, effektivliyini artıracaq.

– Beləliklə, yaxın gələcəkdə daha çox sədr və ya yeni üzvlərin olacağına ümid edirsinizmi? Şurada görmək istədiyiniz konkret ölkələr varmı?

- Biz heç vaxt deməmişik ki, filan ölkə orada oturmalıdır. Əks halda, Pakistan özü də böyük ölkədir. Qrupumuzda olan digər ölkələr də TŞ-də təmsil olunmaq iddiasında ola bilərlər. Amma biz bu şəkildə islahat istəmirik. Buna görə də özümüzü orada daimi oturmalı olan bir ölkə kimi təqdim etmirik. Biz demokratik islahat təklif edirik. Bu yerlər regionlara ayrılacaq. Bu yerlərin region daxilində, subregional və ya regionlararası bölgüsünün necə aparılacağına regionlar qərar verəcək. Amma bu, rotasiya (dövri dəyişmə) sistemi olacaq və biz inanırıq ki, bu, Afrika İttifaqı kimi regionlara da imkan yaradacaq. Çünki onlar daimi yerlər tələb edən fərdi yanaşmalardan fərqli mövqe ortaya qoyublar.

Afrikanın mövqeyi fərqlidir, çünki bu, bütöv qitə adından qəbul edilmiş və qitə üçün olan bir mövqedir. Beləliklə, Afrikaya yerlər ayırmaqla onlara bu yerləri necə istifadə etmək istədiklərinə qərar vermək imkanı, seçim azadlığı və çeviklik veriləcək - daimi əsasda olsa belə, Afrika qrupu daxilində.

Bu, bizim konsepsiyamızdır. İnanırıq ki, TŞ-nin islahat prosesini uzun illərdir bloklayan əsas səbəb bəzi fərdi ölkələrin sadəcə özlərini daimi üzv kimi görmək istədikləri, qeyri-demokratik tələbləridir. Bu, real deyil. Bu, baş verməyəcək. Ona görə də deyirik ki, biz çeviklik nümayiş etdirmişik. İndi isə başqalarının da eyni çevikliyi göstərməsinin vaxtıdır ki, biz daha geniş əksəriyyətin maraqlarına uyğun olan bir islahat apara bilək, təkcə bir neçə ölkənin yox.

– Cənab səfir, siz Azərbaycana səfər etmisiniz və Qarabağda olduğunuzu dediniz. Qardaş ölkələrimiz 2020-ci ildən bəri əlaqələrini xeyli möhkəmləndirib. Bura yüksək səviyyəli səfərlər və Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayəsi kimi mühüm razılaşmalar daxildir. Bu inkişafların Pakistanla Azərbaycan arasında iqtisadi və strateji münasibətlərin gələcəyini necə formalaşdıracağını düşünürsünüz? Azərbaycanda gördüklərinizdən yola çıxaraq təəssüratlarınızı eşitmək istərdim.

- Mənim səfərim başqa bir kontekstdə olmuşdu. Bu, sivilizasiyalararası dialoqla bağlı bir konfrans idi, amma mən bir neçə yeri ziyarət etmək imkanı qazandım.

Sizin qeyd etdiyiniz kimi, Azərbaycanla Pakistan arasındakı münasibətlər çox güclüdür. Bu, istisna haldır, hökumətlər arasında, liderlər arasında mövcuddur. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, mövcuddur. Bu güc xalqlar arasındadır.

İki xalq arasında çoxlu ortaq cəhətlər var. Bilirsiniz, mədəniyyət, mətbəx... Məsələn, Bakıda möhtəşəm təamlardan daddıq və o, Pakistan mətbəxinə çox bənzəyirdi. İnsanlar mehribandır. Azərbaycanlı dostlarla bir yerdə olanda həmin an o istiliyi və bağlılığı hiss edirsən.

Sonra mən "Multani" adlanan bir karvansaranı da ziyarət etdim. Bu, vaxtilə subkontinentdən – bugünkü Pakistandan – gələn insanların qaldığı bir yerdir. Multan tarixi Pakistan şəhəridir. Oradakı insanlar yüz illərlə əvvəl Azərbaycanın bu hissəsinə səfər ediblər və onların qaldığı yer "Multani Karvansarası" adlanır.

Yəni, tarixi əlaqələr də var. Siz haqlısınız ki, münasibətlərimiz çoxşaxəlidir. Bu münasibətlər genişlənir və bütün sahələri əhatə edir.

– Cənab səfir, Azərbaycan xalqına çatdırmaq istədiyiniz mesaj nədir?

- Dostluq, qardaşlıq, sevgi və hörmət hisslərimi çatdırmaq istərdim. Biz sizi sevirik. Bizim qardaş və bacılarımızsınız və bu dostluğun hər gün daha da güclənəcəyini görməkdə davam edəcəyik. Çox təşəkkür edirəm.

Seçilən
0
50
report.az

10Mənbələr