İyulun 3-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda reallaşdırılan möhtəşəm quruculuq işləri çərçivəsində növbəti layihələr üzrə açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bölgənin dirçəlişində yeni nailiyyətləri nümayiş etdirdi. Bu hadisələr Qalib Liderimizin güclü siyasi iradəsinin və strateji baxışının növbəti təntənəsi, ölkəmizin davamlı artan iqtisadi gücünün bariz təzahürüdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
Onun sözlərinə görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulması, Zəfər parkında aparılan işlərlə tanışlıq, Xankəndi Biznes Mərkəzi və Xankəndi Konqres Mərkəzinin açılışı, eləcə də Xankəndi tikiş fabrikinə və Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxış Qarabağın müasir şəhərsalma prinsipləri əsasında sürətli və ardıcıl bərpasının növbəti göstəricisidir. Bu layihələrin hər biri yalnız infrastruktur baxımından deyil, həm də Qarabağda yenidən məskunlaşma və sosial-iqtisadi həyatın canlanması baxımından olduqca əhəmiyyətlidir.
Hazırda Xankəndi şəhərinin ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın regional liderliyinin və təşəbbüskar mövqeyinin daha bir sübutudur. Bu mühüm tədbir ölkəmizin ECO çərçivəsində fəallığını və nüfuzunu daha da möhkəmləndirir. Belə beynəlxalq tədbirlərin Qarabağda keçirilməsi, bir tərəfdən regionun dünyaya açılmasını təmin edir, digər tərəfdən isə burada sülhün və inkişafın dönməzliyinə olan inamı gücləndirir. Eyni zamanda, tərəfdaş ölkələrin dövlət başçılarının və digər rəsmilərinin iştirak etdiyi bu mötəbər tədbirin Xankəndi şəhərində keçirilməsi Qarabağın beynəlxalq və regional əməkdaşlıq gündəminin önəmli mərkəzlərindən birinə çevrilmək potensialının göstəricisidir.
O deyib: “Xüsusi olaraq qeyd etmək istərdim ki, ECO həftəsi çərçivəsində iyulun 1-də Ağdamda Qarabağ Universitetinin bir qrup tələbəsi ilə birlikdə iştirak etdiyimiz ECO Gənclər Forumu gənc nəslin bu tarixi proseslərdə fəal iştirakına geniş imkanlar yaratmış oldu. Forum Qarabağın hərtərəfli inkişafında bilikli, vətənpərvər, qlobal düşüncəli gənclərin önəmli rolunu vurğuladı. Tələbələrimizin beynəlxalq tədbirlərdə iştirakını onlara geniş dünyagörüşü qazandırmaq baxımından mühüm imkan hesab edirik”.
“Sürətlə dirçələn Qarabağın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünya birliyinə sülh, əməkdaşlıq və inkişaf mesajı verməsi qürurvericidir. Qarabağ Universitetinin bu tarixi proseslərin bir parçası olmasından böyük iftixar hissi duyuruq”, - deyə o əlavə edib.