Deputat Zahid Oruc informasiya məkanında yayılan saxta məlumatlar və xarici təsirlərin artan təzyiqləri fonunda informasiya təhlükəsizliyinin gücləndirilməsinə çağırıb. Bu barədə deputat Milli Məclisdə çıxışında deyib.
Deputatın fikrincə, bəzi xarici donor qurumlarının — xüsusilə USAİD və ona bağlı təşkilatların — bir sıra media strukturlarını siyasi alətə çevirməsi, onların qanunsuz maliyyələşmə yolları ilə fəaliyyətini təşkil etməsi ölkənin informasiya suverenliyi üçün təhlükə yaradır.
Tənqidlər əsasən bəzi media subyektlərinin qanuni tənzimləmələrdən yayınaraq, xaricdən idarə olunması və milli maraqlara zidd fəaliyyət aparması ilə bağlıdır.
Deputat bildirir ki, “Abzas Media”nın qeyd olunan xüsusiyyətlərə malikdir və maliyyə resursları şəffaf olmayan yollarla ölkəyə daxil olub. O qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən bu çərçivədə bəzi şəxslərə qarşı cinayət işləri də açılıb.
Zahid Oruc söyləyir ki, bu media qurumları bəzi beynəlxalq təşkilatların dəstəyindən istifadə edərək Azərbaycandakı hüquqi tənzimləmələrə qarşı imic kampaniyaları aparır və reallığı təhrif edən hesabatlarla beynəlxalq ictimai rəyə təsir etməyə çalışırlar.
Rəqəmsal dezinformasiyanın geniş yayıldığı bir dövrdə, “saxta xəbərlər”, “kiber kampaniyalar” və “təsir agentləri” ilə mübarizə üçün media qanunvericiliyində dəyişikliklər edilməsi təklif olunur.
Media haqqında yeni qanun üçün informasiya agentlikləri və digər media qurumları üçün yeni etik və texniki standartlar tətbiq olunmalıdır.
Milli Məclisdə qəbul edilən dəyişikliklər media subyektlərinin, o cümlədən xarici media nümayəndəliklərinin fəaliyyətini daha geniş və detallı tənzimləməyi hədəfləyir.
Yeni dəyişikliklərə əsasən:
“Media subyekti” anlayışı xarici media qurumlarının filial və nümayəndəliklərini də əhatə edəcək şəkildə genişləndirilib. Onların fəaliyyəti beynəlxalq müqavilələrə uyğun tənzimlənəcək və Media Reyestrinə daxil olmadan fəaliyyət qadağan ediləcək.
Xarici jurnalistlər ifadəsi “xarici media nümayəndələri” ilə əvəz edilib, saxta məlumatların yayımı açıq şəkildə qadağan olunub.
İnformasiya agentlikləri üçün xarici mənbələrlə müqavilə sayında minimum hədd və istehsal edilən materialların 80%-nin orijinal olması tələbi müəyyənləşdirilib.
Oxşar adlı media qurumlarının yaranmasının qarşısı alınacaq, ictimai əxlaqa zidd ifadələrin istifadəsi qadağan ediləcək.
Media Reyestrinə daxil olmayan, şantaj və böhtan xarakterli məlumatlar yayan qəzetlərin yayımına qadağa qoyulacaq.
Media fəaliyyətinin dayandırılması və xitamı ilə bağlı normativ baza genişləndirilib; reyestrsiz fəaliyyətin qanunsuzluğu hüquqi şəkildə təsbit olunub.
Medianın İnkişafı Agentliyi onlayn mediada qadağan olunmuş materiallarla bağlı tədbirlər görmək səlahiyyətinə malik olacaq.
Media Reyestrinin açıq hissəsi yalnız subyektin reyestrdə olub-olmaması barədə məlumat verəcək.
Xarici media nümayəndəliklərinin xarici dövlətlər və onların strukturundan maliyyələşməsi qadağan edilib.
Çap və onlayn media subyektlərinin rekvizit məlumatlarını düzgün təqdim etməsi reyestrə müraciət üçün əsas tələblər sırasına daxil edilib.
“İş stajı” anlayışı “əmək stajı” ilə əvəzlənib; mülki-hüquqi müqavilələr bu anlayışa daxil edilməyəcək.
Gülnar Nazimqızı