Qırğız Respublikası Azərbaycanın təşəbbüsünü dəstəkləyərək turizm layihələri həyata keçirir.
APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Qırğız Respublikasının Prezidenti deyib ki, bu, iqtisadiyyatın şaxələnməsinə mühüm rol oynayır: “Mühüm layihələrdən biri də Çinlə dəmir yolu layihəsidir. Bu layihə də uğurla həyata keçirilir”.
Rəqəmsal sahədə əməkdaşlığı zəruri sayan Sadır Japarov qeyd edib ki, kibercinayətkarlıqla da birgə effektiv mübarizə aparıla bilər: “Təşkilatın üzv dövlətlər arasında sərhəd-keçid prosedurları sadələşdirilməklə nəqliyyat-logistika əlaqələri inkişaf etdirilməlidir. Gömrük sahəsində rəqəmsallaşma önəmlidir. Dənizə çıxışı olmayan ölkələr üçün limanlarda azaldılmış taarifləri nəzərdən keçirməyi təklif edirik. Qırğız Respublikası böyük mineral yataqlara malikdir. Biz xarici və yerli investorlar üçün əlverişli şərait yaratmağa hazırıq”.