AZ

Yekaterinburq hadisələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib - RƏSMİ

"Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan hər bir şəxs qanunvericiliyə uyğun olaraq, yüksəkkeyfiyyətli hüquqi yardımla təmin olunur. Son günlər bəzi Rusiya kütləvi informasiya vasitələrində ölkəmizdə saxlanılmış Rusiya Federasiyası vətəndaşlarının guya vəkillə təmin olunmadığı barədə yayılan məlumatlar tamamilə əsassız və yalandır".
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəsmi açıqlama verib.
 
Onun sözlərinə görə, saxlanılan şəxslərin seçdikləri vəkillərlə müqavilə bağlamasına dair heç bir məhdudiyyət yoxdur:
 
"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olaraq, tam məsuliyyətlə bəyan edirəm ki, saxlanılan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyasına hər hansı rəsmi müraciət və ya şikayət daxil olmayıb. Həmçinin bu şəxslərin özləri tərəfindən seçdikləri vəkillərlə müqavilə bağlamasına dair də heç bir məhdudiyyət yoxdur".
 
Anar Bağırov, həmçinin vurğulayıb ki, Rusiyada Şıxlinskilərin döyülməsi, qorxudulması və şiddətə məruz qalması, habelə Rusiyada həbs edilən azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müvafiq müraciətlər olunub:
 
"Vəkillərə qarşı istənilən təzyiq və ya fiziki zorakılıq tamamilə yolverilməzdir və belə hallara yol verən şəxslər qanun qarşısında cavab verməlidirlər".
 
Vəkillər Kollegiyasının sədri Rusiya mediasını obyektiv olmağa, Yekaterinburq şəhərində Azərbaycan və Rusiya bayraqları yanında vəkil Şıxlinskilərə qarşı törədilmiş demonstrativ terror aktına diqqət ayırmağa və bu kimi hallara qarşı hüquqi mövqe sərgiləməyə çağırıb.
 
Xatırladaq ki, iyunun 28-də Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi 2000-ci illərin əvvəllərində Yekaterinburqda törədilmiş bir sıra qətllərdə iştirak edən qrupun fəaliyyətinin qarşısının alınması barədə məlumat yayıb. Səkkiz təqsirləndirilən şəxs nəzarət altına alınıb. Azərbaycanda Rusiya ilə bağlı tədbirlər ləğv edilib, rusiyalı jurnalistlər İqor Kartavıx və Yevgeni Belousov, habelə daha səkkiz Rusiya vətəndaşı saxlanılaraq dörd ay müddətinə həbs ediliblər. Azərbaycan və Rusiya bir-birinə etiraz notaları veriblər, diplomatlar Xarici İşlər nazirliklərinə çağırılıblar.
 
Seçilən
5
50
moderator.az

10Mənbələr