AZ

İşğaldan azad olunmuş ərazilərdə yeni obyektlərin açılışı sosial reinteqrasiya və iqtisadi canlanma yaradır - ŞƏRH

Bakı, 4 iyul, AZƏRTAC

Ölkəmizin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biri olan işğaldan azad olunmuş ərazilərə böyük qayıdış çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, o cümlədən müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir.

Prezident İlham Əliyev növbəti dəfə işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm layihələrə baxış keçirib. Dövlət başçısının iştirakı ilə Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışı baş tutub. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirən bu yol “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında yer alan ən mühüm infrastruktur layihələrindən hesab olunur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli AZƏRTAC-a şərhində bildirib ki, layihənin reallaşdırılması ölkədaxili yol infrastrukturunun genişləndirilməsi və regionun respublikanın digər əraziləri ilə nəqliyyat əlaqələrinin daha da təkmilləşdirilməsi və tranzit potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

“Bundan əlavə, Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Ağdam-Xankəndi dəmir yolu xəttinin yenidən qurulması işğaldan əvvəlki dövrdə mövcud olmuş nəqliyyat əlaqələrinin bərpasına xidmət etməklə, regionda vahid nəqliyyat şəbəkəsinin inteqrasiyası baxımından strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, avtovağzal kompleksinin inşası regional nəqliyyat əlaqələrinin bərpası, ictimai nəqliyyata çıxışın təmin olunması, sosial reinteqrasiya və iqtisadi canlanma baxımından strateji önəm daşıyır. Prezident İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub. Zəfər parkının inşası simvolik məzmunla zəngin, funksional və strateji əhəmiyyət daşıyan ictimai məkan olmaqla yanaşı, tarixi yaddaşın qorunması, vətəndaş həmrəyliyinin gücləndirilməsinin vizual təzahürü kimi çıxış edir. Daha sonra dövlət başçısının iştirakı ilə “Xankəndi” Biznes Mərkəzinin açılışı baş tutub. Müasir infrastruktur təminatına malik olan Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın tarixi şəhəri olan Xankəndinin işğaldan azad edilməsindən sonra burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafının sürətləndirilməsində mühüm rol oynayacaq”,- deyə o qeyd edib.

O əlavə edib ki, dövlətimizin başçısı Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib: “Müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrin ardıcıl və sürətlə davam etdiyini bir daha sübut edir.

Prezident İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxış keçirib. Sözügedən layihənin icrasının ümumilikdə regionda turizm potensialının inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyi və Xankəndi ilə Şuşa arasında, həmçinin əks istiqamətdə əhalinin rahat hərəkətinin təmin olunmasında mühüm rol oynayacağı vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar. Xankəndi şəhərində tikiş fabrikinin fəaliyyətinin təmin edilməsi Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkədə yüngül sənaye sektorunun inkişafı üçün yeni iqtisadi və məşğulluq imkanlarının yaradılması və çoxtərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışı baş tutub. Birinci mərhələdə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılan kəndin tikintisi post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrin ardıcıl və dinamik şəkildə icra olunduğunu sübut edən bariz bir nümunədir.

Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.

Daha sonra prezidentlər Ağdamda Şahbulaq qalasında olublar. Hazırda Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılmış Şahbulaq qalası tarixi-mədəni, eləcə də turizm və regional inkişaf baxımından çoxşaxəli əhəmiyyətə malikdir. Qalanın bərpası və turizm dövriyyəsinə cəlb edilməsi Ağdam və ətraf rayonlarda mədəni turizmin inkişafı, məşğulluğun artırılması və yerli iqtisadi fəallığın stimullaşdırılması baxımından əhəmiyyətlidir”.

Elşən Yusifli qeyd edib ki, bu tədbirlər Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi, habelə mədəni irsin təbliği baxımından yüksək əhəmiyyət daşıyır.

Seçilən
6
50
azertag.az

10Mənbələr