AZ

Azərbaycan məktəblərində Çin dili dövrü başlayır?

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən, 2025-2026-cı tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmış 43 nəfər Azərbaycan vətəndaşı müəyyən edilib.

Yekun qərar nəticəsində seçilmiş tələbələr “Shanghai Jiao Tong University”, “Shanghai University”, “Zhejiang University”, “China University of Geosciences”, “Nanjing University of Science and Technology”, “Wuhan University”, “Sichuan University”, “University of International Business and Economics”, “Hubei University” və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

Tələbələr bakalavriat (1 nəfər), magistratura (37 nəfər) və doktorantura (5 nəfər) səviyyələri üzrə beynəlxalq münasibətlər və idarəetmə, ətraf mühit mühəndisliyi, hüquq, kompüter elmləri, beynəlxalq ticarət, maliyyə, nəqliyyat mühəndisliyi, biznesin idarə edilməsi, mühasibat uçotu, təhsil nəzəriyyəsi və ekologiya kimi ixtisaslar üzrə təhsil alacaqlar.

Bildirək ki, Azərbaycan ümumtəhsil məktəblərində də Çin dilinin tədrisi nəzərdə tutulur.

“Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini tətbiq etmək istəyir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hansısa müəllim xarici dil tədris etməsi üçün başqa ölkədən dəvət olunursa, o lazımi əmək haqqı ilə təmin edilməlidir:

"Azərbaycanda isə bu barədə çevik olmayan sistem mövcuddur. Biz məktəblərdə Çin dilini tətbiq etmək istəyirik. Lakin bunun üçün sinifdə müəyyən sayda şagird olmalıdır. Sistem belə işləyir.

Məsələn, 270 şagirdi bir yerə yığa bilməsək, müəllimə maaş verə bilməyəcəyik. Bu problemləri aradan qaldırmağa çalışırıq". 

Qeyd edək ki, hazırda Azərbaycan ümumtəhsil məktəblərində bir sıra xarici - rus, ingilis, fransız, alman dilləri tədris olunur. Məktəblərdə Çin dilinin tədrisi mümkündürmü?  

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”a bildirib ki, Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələri gündən-günə genişlənir:

“Çin dili təkcə bizim regionda deyil, bütün dünyada artıq aparıcı yerlərdən birini tutur. Çin dili BMT-nin 6 rəsmi (Çin, ərəb, fransız, ingilis, ispan, rus) və işlək dillərindən biridir. Hazırda dünyada həmin ölkənin iqtisadi əməkdaşlıqda rolu onu əsas verir ki, bu dilin öyrənilənməsi istənilən halda effektivdir. 

Ancaq bu gün ölkə təhsilində olan bir çox problemlər kənarda qaldığı bir vaxtda Çin dilinin tədrisi üçün ilk növbədə kadrlar yetişdirilməlidir, həyat reallıqlardan ibarətdir. 

Əgər Çin dili tədrisinə başlamaq istəyiriksə, istənilən halda qanunvericiliyə görə bir məktəbdə xarici dilin tədrisi üçün həmin dildən iki mütəxəssis lazımdır. 

Azərbaycanda ali məktəblərdə pedoqoji kard hazırlığı üzrə Çin dili üzrə mütəxəssis hazırlığı varmı və bu gün o məktəblərimizdə tələbatı ödəyəcək səviyyədədirmi?

Bu gün sertifikasiya ilə bağlı mövcud narazılıqların olduğu bir vaxtda elm və təhsil naziri Emin Əmrullayev bu təkliflə çıxış etməklə əslində hazırkı problemlərdən yayındırmaq məqsədi güdür”.

Onun sözlərinə görə, əgər doğurdanda elm və təhsil naziri Emin Əmrullayev fikirləşirsə ki, məktəblərdə Çin dili tədris olunsun, bu yaxşı fikirdir:

“Ancaq bu reallığı əks etdirmir. Əgər məktəblərdə hər hansı xarici dilin tədrisinə başlamaq istəyiriksə, buna 10 il öncədən başlamaq lazımdır. Bu gün biz Çin dilini orta məktəblərdə xarici dil kimi tədris etmək istəyiriksə, xarici dil, pedoqoji dil üzrə kadr hazırlığına başlamalıyıq.

Yaxın 10 il ərzində prosesə başlaya bilərik. Bu gün ümumtəhsil məktəblərində deyil, ancaq universitetlərdə Çin dili üzrə mütəxəssislərin hazırlanmasını genişləndirmək olar.

Ancaq ümumtəhsil məktəblərində bu real görsənmir. Ali məktəblərdə, “Regionşünaslıq”, “Şərqşünaslıq” ixtisaslarında, bu sahələrdə Çin üzrə mütəxəssislər hazırlamaq olar. Ancaq ümumtəhsil məktəblərində bu real deyil”.

Seçilən
12
19
cebheinfo.az

10Mənbələr