İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Azərbaycanın Xankəndi şəhərində keçirilməsi bir sıra məqamlarına görə xüsusi əhəmiyyət kəsb edir və ölkəmiz adına uğurdur.
Bu hadisəni həm siyasi, diplomatik, həm də iqtisadi tərəfdən dəyərləndirmək lazımdır.
Siyasi tərəfdən, 5 il, hətta 2 il əvvələ qədər Xankəndi qondarma ad ilə Qafqazda separatizmin yuvası idi. Azərbaycan bu şəhərdə məskən salmış terrorçuların keçirdiyi saxta seçkilər və tədbirləri boykot etmək üçün diplomatik cəhdlər edir, yaxud da İrandan Xankəndiyə qanunsuz yüklərin daşınmasına etiraz edirdi. Ancaq bu gün artıq Azərbaycan dövləti separatizmə son qoyub və öz tarixi və hüquqi ərazisində beynəlxalq tədbir təşkil edir və İran prezidenti bu tədbirdə iştirak edir. Bu, başqa sözlə, yeni tarixi-siyasi şəraitin inikasıdır.
İkinci tərəfdən, bu tədbirə qatılan ölkələr Azərbaycanın uğurunu görür və qəbul edir, rəsmi Bakını dəstəkləyir.
Həmçinin zirvəyə qatılan dövlətlərin rəhbərləri və diplomatik heyət, təmsilçilər Azərbaycanın çox qısa bir müddət ərzində müharibənin izlərini aradan qaldıraraq abadlıq və yüksək səviyyədə yenidənqurma həyata keçirdiyinin şahidi olurlar. Bilindiyi kimi, bu gün dünyada başa çatan münaqişə bölgələrində təmir və yenidənqurma üçün uzun illər və beynəlxalq donorların cəlb olunması ilə iş aparılır. Azərbaycan isə işləri təkbaşına görür.
İqtisadi baxımdan tədbirə qatılan ölkələr bölgənin yenidən qurulduğunu və böyük investisiya və iqtisadi potensialının olduğuna şahid olurlar. Yəni Azərbaycan yalnız Bakıdan ibarət deyil, ölkənin böyük iqtisadi və turizm potensialı olan bölgələri var.
Xüsusən də turizm sahəsində Xankəndi, Laçın və Şuşanın böyük potensialı və özəl təbiəti xarici ölkə nümayəndələrinin diqqətini cəlb edə, bölgəyə investisiya cəlb olunmasında təkanverici amil rolunu oynaya bilər.
Əlbəttə, Xankəndidəki tədbirin ən böyük təsiri Azərbaycan üçündür. Azərbaycan xalqı 5 il əvvələ qədər bunu ancaq xəyalında canlandıra bilərdi. 100 ildən çoxdur ki, Qarabağın dağlıq hissəsi erməni separatizminin caynağında olub, nə AXC dövründə, nə də sovet illərində Azərbaycan Qarabağa və o cümlədən, Xankəndiyə tam olaraq nəzarət edə bilməyib. 1919–20-ci illərdə Xosrov bəy Sultanovun apardığı hərbi tədbirlər nəticəsində erməni separatçıları 1920-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini qəbul etsələr də, bu formal olmuşdu və cəmi 2 ay sonra yenidən qiyam qaldıraraq separatçı fəaliyyətlərini davam etdirmiş, sovet dövründə isə formal olaraq Bakıya tabe olublar. Müstəqillik dövründə isə Xankəndi silahlı separatizmin yuvası olub və qanlı hadisələr bir zamanlar Qarabağ xanının mülkü olan bu şəhərdə planlanıb və icra olunub.
Ancaq artıq o hüznlü illər arxada qalıb, Azərbaycan ordusu Xankəndini əsl sahiblərinə geri qaytarıb və şəhər yenidən qurulub, universitet açılıb. İndi isə beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu, müasir Azərbaycan tarixində mühüm hadisədir, azərbaycanlıların şüurunda qələbənin daha bir təsdiqidir. Bu mənada Xankəndidəki tədbir Azərbaycan xalqı üçün yeni tarixi dövrün hadisəsidir.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün