AZ

550 milyonluq təşkilatın Xankəndi Zirvəsi:Bu yeni dövrün başlanğıcıdır - RƏY

BAKI, 3 iyul. TELEQRAF

"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində keçirilməsi tarixi hadisədir. Azərbaycan bu gün dünyada tanınan, seçilən, söz sahibi olan ölkələrdən biridir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində xarici ölkələrlə əlaqələr istiqamətində çox böyük işlər görüldü. Qısa müddət ərzində Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvü seçildi və bu missiya hazırda uğurla davam edir".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Ziyad Səmədzadə deyib.

O bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dünyada nüfuzlu təşkilatlardan birinə çevrilib: “Təşkilatın 40 illik fəaliyyəti göz önündədir. Sözsüz ki, Azərbaycanın bu təşkilatda yer alması ölkəmizin həyata keçirdiyi siyasətin çoxtərəfli, keyfiyyətli inkişafını təmin edir. ECO-nun növbəti Zirvə görüşünün Qarabağda, işğaldan azad edilmiş ərazilərdə keçirilməsi tarixi hadisədir. 30 il ərazində bu ərazilər Ermənistanın işğalı altında olub. Azərbaycan bu işğalla bağlı özünün haqq səsini dəfələrlə dünyaya bildirsə də, buna ancaq böyük mübarizə nəticəsində nail olundu. Ölkəmizin iqtisadi qüdrəti möhkəmləndirildi, güclü ordu yaradıldı, xalq-iqtidar birliyi təmin edildi. Məhz bunun nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etdi. Bu gün isə ölkəmiz dünyada nümunəvi bir dövlət kimi tanınır. İki yüz il ərzində heç bir dövlət özünün ərazi bütövlüyünü təmin edə bilməyib. Bunu yalnız Azərbaycan dövləti bacarıb”.

Ziyad Səmədzadə Azərbaycanın ECO ilə yüksək əməkdaşlığına da diqqət çəkib: “Qarabağa, Xankəndiyə gələn dövlət başçıları, ayrı-ayrı ölkələrin nümayəndələri görürlər ki, Azərbaycan haqq yolundadır. Bu təşkilatla ölkəmizin əməkdaşlığı qlobal təhdidlərdən qoruyan istiqamətlərdən biri kimi dəyərləndirilir. Çünki bu gün qlobal təhdidlərin artması fonunda ölkəmizin tərəfdaşları ilə əməkdaşlığının genişlənməsi, Azərbaycana dost dövlət kimi yanaşmalar da əldə olunan uğurlar sırasındadır. Bu gün ölkəmizin xarici ticarət dövriyyəsi artır. Dövlətimiz bu gün heç kəsdən borc almır və əvəzinə borc verən ölkəyə çevrilib. Bütün bu uğurlar və Azərbaycanın belə bir mötəbər təşkilatın Zirvə görüşünə ev sahibliyi onun artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir”.

“Xankəndidə mötəbər təşkilatın Zirvə görüşünün keçirilməsi beynəlxalq ictimaiyyət üçün də ciddi mesajdır”

Milli Məclisin deputatı Sevinc Fətəliyeva da Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional və beynəlxalq iqtisadi münasibətlər sistemindəki fəal rolundan bəhs edib.

Deputat Azərbaycan ECO tərkibində həm geosiyasi, həm də iqtisadi baxımdan aparıcı mövqeyinə toxunub: “Ölkəmizin irəli sürdüyü və beynəlxalq əhəmiyyətə malik olan layihələrdə ECO üzvləri də iştirak edirlər. Cənub Qaz Dəhlizi, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və digər layihələr ECO dövlətlərinin iştirakı ilə həyata keçirilir. ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından mühüm əhəmiyyət daşıyır. 550 milyonluq istehlakçısı olan təşkilatın böyük perspektivi var. Onun üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır. Rəqəmlər göstərir ki, təşkilata üzv olan ölkələr həm onun daxilində, həm də qarşılıqlı əlaqə və ticarətdə mühüm çəkiyə malikdirlər”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur: “ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi də təşkilat üzvlərinin ölkəmizə yüksək etimadının göstəricisidir. Nəzərə alaq ki, Sammitin keçirildiyi ünvan Xankəndi şəhəridir. Uzun illər erməni separtizminin yuvasına çevrilmiş Xankəndiyə artıq gerçək sahibləri qayıdıb və xalqımız bu qədim şəhərimizin dirçəlişi üçün bütün addımları atır. Digər tərəfdən, nüfuzlu beynəlxalq təşkilatının sammitinin bu şəhərdə keçirilməsi beynəlxalq ictimaiyyət üçün də ciddi mesajdır”.

“Beynəlxalq əhəmiyyətli tədbirə Xankəndinin ev sahibliyi etməsi isə ölkəmizin suverenliyinin tam bərpasının parlaq simvoludur”

Milli Məclisin deputatı Günay Ağamalı hesab edir ki, Azərbaycanın qədim və strateji əhəmiyyətli şəhərlərindən biri olan Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi tarixi və siyasi baxımdan olduqca mühüm hadisədir.

O qeyd edib ki, bu Zirvə görüşü Azərbaycanın diplomatik müstəvidə qazandığı uğurların və ölkəmizin regionda sülh, inkişaf və əməkdaşlıq çağırışlarının təsdiqidir: “Dost və qardaş ölkələrin bu mühüm tədbirdə iştirakı bir daha sübut edir ki, Azərbaycan regionda güclü tərəfdaş və sabitlik adası olaraq qəbul olunur. Beynəlxalq əhəmiyyətli tədbirə Xankəndinin ev sahibliyi etməsi isə ölkəmizin suverenliyinin tam bərpasının parlaq simvoludur”.

Günay Ağamalıya görə, bu tip tədbirlərin işğaldan azad olunmuş torpaqlarda keçirilməsi dövlət rəhbərimizin bölgənin inkişafı ilə bağlı qəbul etdiyi strateji yanaşmaların mühüm komponentidir: “Zirvə görüşü Azərbaycanın artan beynəlxalq nüfuzunun, regional iqtisadi təşəbbüslərdə aparıcı rol oynadığının və Ümummilli Lider Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin bariz nümunəsidir”.

Seçilən
1
18
teleqraf.com

10Mənbələr