AZ

İranda dini ideoloji şüarlardan uzaqlaşma prosesi mərhələli aparılır, mifik şəxsiyyətlər tarixə qovuşur

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İranla bağlı gedən proseslər olduqca mürəkkəbdir və burada həm regiondakı dövlətlərin, həm də qlobal dövlətlərin maraqları üst-üstə düşür, toqquşur. Burada hər bir maraq öz prosesini aparır. Ona görə də bir çox məsələlər mürəkkəbləşir. Amerika Birləşmiş Ştatları hərbi gücünü İranın nüvə fəaliyyətləri ilə bağlı apardığı dönülməz prosesə bir zərbə olaraq ortaya qoydu və bildirdi ki, bu hərbi gücə ehtiyac olarsa, yenə də istifadə olunacaq. Qısası, “İranın nüvə silahı olmamalıdır” məsələsi Amerika Birləşmiş Ştatları üçün qırmızı cizgidir. Əgər bu hücumdan sonra İran dayanmazsa və o iddialarına davam edərsə, ABŞ da hücumlarını davam etdirəcək. İran parlamenti qərar qəbul edir ki, artıq Beynəlxalq Atom Enerji Agentliyi ilə əməkdaşlıq etməyəcəklər və bunu edənlərə qarşı da cəza tətbiq edəcəklər. Bunun özü bir göstəricidir ki, hələ bunlar o dərsi almayıblar. Amma Donald Tramp da elan edib ki, “əgər ehtiyac olarsa, İranın atom nüvə təsisatlarına zərbələr endirəcəyik”. Donald Tramp hər dəqiqə bir söz deyir. Amma Trampın öz beynində də bir plan var. ABŞ prezidenti öz planını öz modelinə uyğun tətbiq edir”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb.

Sadiq İsabəyli

Siyasi şərhçi hesab edir ki, Trampın diplomatiya, savaşa xüsusi baxışı var və bizim bildiyimiz siyasətçilərin, dövlət başçılarının davranışlarından fərqli olduğuna görə bir az qəribə də yozulur.

“İstər-istəməz belə bir yorumları da ortaya qoyur ki, "bu adam ümumiyyətlə bu işin əhli deyil" və sair. Amma Donald Trampın da öz məqsəd və maraqları var. Yəni demək istəyir ki, "Amerikanın super dövlət olmaq və onun hegemoniyası hər kəs üçün keçərlidir. Fərqi yoxdur;  Çindir, Rusiyadır, İsraildir, İrandır, ərəb ölkələridir və yaxud Avropadır. Kim olursa olsun bu hegemon güc, super dövlət istənilən proseslərin önündədir və onun öncüllüyünü edir". ABŞ prezidenti bu prosesləri aparmaqla, belə bir fikir formalaşdırmaq istəyir ki, "mən dünyanı sülhə götürürəm, dünyanı təhlükədən qurtarıram, dünyaya rifah istəyirəm". Yəni bu prosesdə də Tramp özünü bir tanrı, bir qurtarıcı kimi özünü göstərməyə çalışır. Siz fikir versəniz, bəzi danışıqlarında da söhbətlərini bir az da ilahiləşdirir. Yəni “mənə müraciət elədilər, məndən istədilər və mən onların istəyini nəzərə alaraq, bu qərarı qəbul etdim” kimi ifadələr istifadə edir. Elə İran və İsrail arasında atəşkəslə bağlı da bu cür ifadə edirdi ki, “məndən istədilər və mən qərar verdim ki, bu atəşkəs olmalıdır və oldu da. Bu da davam etməlidir. Lazım gələndə də bunu edəcəyik”. Tramp özünü elə göstərməyə çalışır ki, “Mən olmasam, Amerika bitər. Dağılan Amerikanı yenidən zirvəyə qaldıran şəxsiyyət mən olacam”. Yəni Donald Trampın siyasi məsələlərə özünəməxsus bir yanaşması var”-deyə Sadiq İsabəyli bildirib.

Siyasi şərhçi qeyd edib ki, İran əslində indi təslimdir, amma bu təslimiyyəti başqa cür təqdim etməyə çalışır.

“Bu gün İran daxilində gedən bir sıra gərgin proseslər var. İranda hakimiyyət daxilində çəkişmələr zirvəyə çatıb. Çox ciddi çəkişmələr var. Müctəbə Xamenei, Əli Xameneinin adamları, Həsən Xomeyni, keçmiş dini rəhbəri Ruhullah Mustafavi Musəvi Xomeyni, Ruhullah Mustafavi Musəvi Xomeyninin nəvəsi və onun tərəfdarları siyasi bürokratiyada olan hərbi ideoloji Sipahi Pastaranın alt qatında və təhlükəsizlik sistemlərində, qısası öz aralarında bir çəkişmə var. Yəni biriləri qurtarıcı rolu oynamaq istəyir. Biriləri bu prosesi aparmaq üçün rəqiblərini aradan götürmə planları üzərində işləyir. İsrailin orada nüfuz etdiyi şəbəkə artıq qərarverici bir statusda olan şəbəkədir. Yəni sadəcə ikinci və ya dördüncü sırada olanlar deyil, bunlar qərarverici statusu olanlardır. Onların ortaya qoyduğu ssenarilər var ki, həmin proseslərə öz təsirini göstərməkdədir”-deyə Sadiq İsabəyli bildirib.

Sadiq İsabəyli hesab edir ki, bu rejimin təslim olmaq prosesini müxtəlif formalarda görə bilərik.

“Bu dövr ərzində orada artıq İmam Hüseyn və s. bu kimi dini şüarlar yox idi. Daha çox qədim, guya bu saxta tarix əsasında, Firdovsinin şeirləri əsasında formalaşan, belə deyək də, mifik şəxsiyyətlər, məsələn; "Rüstəm belə gəldi, Arəş elə getdi" və s. bu kimi düşüncələrə yer verilirdi. Məsələn, indiki rejimin bayrağını Həxamənişi əsgərinin əlinə vermək və o cür göstərmək ki, "bu İran çox qədim və dərin bir keçmişə malik olandır və biz icazə vermərik ki, xarici güclər bura gəlib qalib gəlsinlər" və sair. Yavaş-yavaş dini ideoloji şüarlardan uzaqlaşma prosesini bu mərhələdə aparırlar və ehtimal var ki, bu prosesi bir az da irəli götürə bilsinlər”-deyən Sadiq İsabəylinin fikrincə, ancaq bunu da tam bacarmayacaqlar.

İradə Cəlil, Bizimyol.info-

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
50
icma.az

10Mənbələr