AZ

Şahbaz Şərif "yaşıl" gündəm irəli sürüb: Pakistan İƏT çərçivəsində dayanıqlı inkişaf yolunu dəstəkləyir

Müəllif: Maryana Əhmədova, Trend

Pakistanın Baş naziri Şahbaz Şərif Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə təşkilat çərçivəsində azkarbonlu dəhlizlərin yaradılmasını təklif edib.

Təklifə karbon bazarının yaradılması, təbii fəlakətlərə qarşı regional dayanıqlılıq sistemlərinin qurulması və iqlim maliyyələşdirilməsinin səfərbər olunması üçün platformanın formalaşdırılması daxildir. Bu təşəbbüs dayanıqlı iqtisadi artımı stimullaşdırmaq, xüsusilə gənclər və qadınlar üçün "yaşıl" iş yerləri yaratmaq, eyni zamanda, həssas bölgələri dəstəkləmək məqsədi daşıyır.

İqlim dəyişikliklərinin ciddi fəsadları ilə üzləşən Pakistan regionda dayanıqlı inkişaf üzrə əməkdaşlığın gücləndirilməsinə can atır.

Pakistan 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 sammitində iqlim diplomatiyasının gücləndirilməsi və həssas ölkələr üçün maliyyə resurslarının səfərbər olunması ilə bağlı fəal mövqe sərgiləyib.

Şahbaz bu sammitin "maliyyə COP-u" kimi çıxış edərək verilmiş vədlərə etimadın bərpasına və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyələşməsinin artırılmasına təkan verəcəyinə ümidvar olduğunu bildirib. İƏT görüşündə o, inkişaf etmiş ölkələrin iqlim maliyyələşdirilməsi sahəsindəki maliyyə öhdəliklərinin yerinə yetirilməsinin əhəmiyyətini də xüsusi vurğulayıb.

Bundan əlavə, Pakistan İƏT çərçivəsində regional inteqrasiyanın və ticarət əlaqələrinin möhkəmləndirilməsi istiqamətində də fəal işləyir. Bu kontekstdə "Şimal-Cənub" kimi nəqliyyat dəhlizi layihələri önə çıxır. Belə layihələr Pakistan üçün yeni bazarlara çıxış və regional əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynaya bilər.

Təklif edilən təşəbbüsün həyata keçirilməsi üçün "yaşıl" layihələrə investisiyaların cəlb olunması, karbon kvotalarının ticarət mexanizmlərinin yaradılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi vacibdir. Uğur isə İƏT-ə üzv ölkələrin siyasi iradəsindən və səmərəli əməkdaşlıqdan asılı olacaq. Pakistanın təklifi regionun dayanıqlı iqtisadiyyat yolunda irəliləməsi və digər inkişaf etməkdə olan ölkələr üçün nümunə olması baxımından mühüm addım ola bilər.

Seçilən
10
50
day.az

10Mənbələr