AZ

ECO-nun 17-ci Zirvə görüşü regional inteqrasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli hadisədir  

Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Bu görüş təşkilatın regional inteqrasiyanı dərinləşdirmə və dayanıqlı inkişaf istiqamətində strateji trayektoriyasında əhəmiyyətli hadisə kimi qiymətləndirilir.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərovanın şərhini təqdim edir.

“ECO ölkələri 8 milyon kvadratkilometrdən çox ərazini əhatə edir və təxminən 550 milyon əhalisi ilə dünya əhalisinin 6 faizindən çoxunu təşkil edir. Zəngin təbii ehtiyatlar, geoiqtisadi mərkəz kimi strateji mövqe və artan iqtisadi ambisiyalar bu regionu qlobal ticarət və investisiya mərkəzinə çevirmək potensialına malik edir. 2023-cü il üzrə ECO ölkələrinin ticarət dövriyyəsi 1 trilyon 16 milyon dollar olub və bu, qlobal ticarətin 4,31 faizini təşkil edir. 2022-ci illə müqayisədə bu rəqəm azalsa da (4,48 faiz), böyük ticarət potensialına malikdir. 2023-cü ildə ECO ölkələrinin ticarət kəsiri 118,4 milyard dollar olub ki, bu da regionun ixrac imkanlarının mövcud potensialdan tam istifadə etmədiyini göstərir”, - deyə TDAM rəhbəri vurğulayıb.

V.Cəfərova qeyd edib ki, xarici birbaşa investisiyalar (XBİ) sahəsində də müsbət dinamika qeydə alınır: “2020-ci ildə 18 milyard dollar, 2021-ci ildə 21.4 milyard dollar, 2022-ci ildə isə 25,7 milyard dollar dəyərində XBİ axınları qeydə alınıb. Bu, 3 il ərzində 30 faizlik artım deməkdir. Həmçinin cənab Prezidentin dediyi kimi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir. Ölkəmiz bu sahədə də ECO-ya üzv ölkələrə böyük töhfə verə bilər”.

TDAM rəhbəri vurğulayıb ki, Azərbaycan ECO çərçivəsində şəffaf iqtisadi siyasəti, ticarət logistikası, siyasi iradə və liderliyi ilə mühüm rola malikdir. Strateji baxımdan Azərbaycan bir sıra mühüm ECO tədbirlərinə ev sahibliyi etməklə regional inteqrasiya lideri kimi mövqeyini daha da gücləndirib: “ECO-nun əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə Bakı şəhərində keçirilib. Bu gün isə biz işğaldan azad etdiyimiz ərazilərdə belə mötəbər tədbir keçirməyə nail olduq”.

Seçilən
7
27
azerbaijan-news.az

10Mənbələr