AZ

"Azərbaycan Türk dünyasının mərkəzləşdirici, birləşdirici rolunda çıxış edir" - ŞƏRH

"Prezident İlham Əliyev Türk dövlətləri rəsmiləri ilə toplantılardan sonra çox səmimi şəkildə eyni masa arxasında oturub söhbətlər edirdilər. Bu, bir daha onu göstərir ki, Azərbaycan Türk dünyasının mərkəzləşdirici, birləşdirici rolunda çıxış edir. Sözsüz ki, Türkiyə ilə bərabər bu yolda addımlayır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sultan Şahidov Azərbaycanın ev sahibliyi etdiyi, Türk dövlətlərinin də iştirak etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün mahiyyətindən danışarkən bildirdi.

"Xankəndidə bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, Azərbaycan da buna ev sahibliyi edib. Azərbaycan eyni zamanda qlobal və yerli platformaların birləşib görüşdüyü, vacib məsələlərin qeyd edildiyi məkana da çevrilmişdi. Bu da ölkəmizin artmaqda olan statusunun, beynəlxalq arenada çəkisinin göstəricisidir.

O ki qaldı Türk dünyasına, İlham Əliyev çıxışlarının birində demişdi ki, bizim ailəmiz Türk ailəsidir. Bizim xarici siyasətimizdə əsas prioritet Türk dünyasına yönəlib. Qeyd etmək lazımdır, məhz bu təşkilatın özü də Azərbaycanda yaranıb".

Siyasi şərhçi qeyd etdi ki, bu gün böyük coğrafi məkana, əhaliyə, təbii iqtisadi resurslara, strateji cəhətdən böyük əhəmiyyətli bölgəyə sahib Türk dünyasının potensialı olduqca böyükdür:

"Azərbaycan da həmişə mədəni, humanitar, elm, hərbi sahədə əməkdaşlığı dəstəkləyən ölkələrdən olub. Bu gün Türk Dövlətləri Təşkilatının 5 üzvü var, Macarıstan, Şimali Kipr və Türkmənistan kimi müşahidəçi üzvləri var. Azərbaycan bütün bu üzvlərlə sıx əlaqələrə malik olduğu kimi, çoxtərəfli platformalarda üzvlər arasındakı bütün məsələlərdə aktiv şəkildə səy göstərmişdir.

Bu təşkilatın maddi-texniki təminatının təchiz olunmasında Azərbaycanın böyük rolu olub. Hələ keçən il Şuşada keçirilən görüşdə prezidentimiz fonda kifayət qədər vəsait ayırmışdı. Bundan sonra da ayırmağa davam edəcək. Yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatının növbəti sammiti də Azərbaycanda baş tutacaq".

Müsahibimiz dedi ki, bu gün dünya çalxalanma ərəfəsindədir.

"Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər dünyanın geosiyasi quruluşunda ciddi dəyişikliklərə gətirib çıxarır. Qanunsuzluğun artdığı bu dönəmdə regional əməkdaşlıqlara daha çox önəm verilir.

Bu səpkidə yanaşsaq, Türk dünyasının belə sürətlə inkişaf etməsi, düşünürəm ki, geosiyasi dəyişikliklərdə regional sakitlik və təhlükəsizlik baxımından da ciddi əhəmiyyət daşıyır.

Əfsuslar olsun ki, Türk dünyasının güclənməsini istəməyən dövlətlər də mövcuddur. O dövlətlər çalışırlar ki, bu inkişafı əngəlləsinlər. Amma aydındır ki, bu birlik güclənərsə, heç bir güc bunun qarşısında dura bilməz", - deyə S.Şahidov vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
5
50
redaktor.az

10Mənbələr