"Bu gün Xankəndi şəhərində Azərbaycan, İran və Türkiyə prezidentləri bir araya gəliblər. Kameralar o anı qeydə alıblar ki, İlham Əliyev Rəcəb Tayyib Ərdoğana belə deyir: “Mən ona (İranın prezidenti Pezeşkiana) dedim: Mesud bəy, çəkinməyin, siz doğma torpağınızdasınız.” Məsələ ondadır ki, Qarabağ müharibəsində qazanılan qələbə təkcə Azərbaycan vətəndaşları üçün deyil, həm də İranda yaşayan milyonlarla etnik azərbaycanlı üçün ümumi qürur və sevinç mənbəyinə çevrilib. Bu, müəyyən mənada milli hisslərin də oyanmasına səbəb oldu. İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian isə etnik azərbaycanlıdır".
AzNews.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq diplomatı, siyasi analitik Zurab Batiaşvili öz Facebook səhifəsində yazıb. Keçmiş diplomat sözlərinə belə davam edib:
"Qeyd edilməlidir ki, Prezident Əliyev bu sözləri Azərbaycan dilində dedi - elə bir dildə ki, onu oradakı üç prezidentin hər biri mükəmməl başa düşür. Bununla o, bölgədə yaşayan insanların (o cümlədən liderlərin də) ortaq dilə malik olduqlarını xüsusi vurğuladı. Bu jestlə Əliyev təkcə bütün azərbaycanlıların birliyini qabartmadı, həm də İran tərəfinə incə şəkildə xatırlatdı ki, onların ölkəsində də Azərbaycan Respublikasını doğma torpaq hesab edən milyonlarla azərbaycanlı yaşayır, elə vəzifə sahibləri də daxil olmaqla. Üstəlik, bunu elə bir formada dedi ki, Pezeşkianın etnik kimliyini ümumiyyətlə xatırlatmatdı. Elə incə hərəkət etdi ki, heç bir iranlı ona bu sözlərinə görə irad da tuta bilməz. Təbii ki, bunu da nəzərə almaq lazımdır ki, Prezident Əliyev bu sözləri kameraların qarşısında, hər kəsin eşidə biləcəyi bir anda səsləndirdi. O, bunun təsirini dəqiq bilirdi. Bax, buna deyirlər incə və ustalıqla həyata keçirilən diplomatiya! Şərqşünas və keçmiş diplomat kimi bu detalı diqqətinizə çatdırmağa özümü borclu hiss edərdim".