Azərbaycan son illərdə tarixinin ən şanlı səhifələrini yaşayır. Vətən müharibəsində qazanılan qələbədən sonra dövlətimiz gücünə güc qatır.
Aydın məsələdir ki, Azərbaycanın belə güclənməsini qəbul etməyən qüvvələr də var. İstər 44 günlük Vətən müharibəsində, istərsə də ondan sonrakı proseslərdə xarici təzyiqlərə məruz qalırıq.
Amma Azərbaycan hakimiyyəti bunların heç birinə boyun əymir. Kimə necə lazımdırsa, layiq olduğu tərzdə cavabını da verir. Biz ta illər öncəsindən bəyan etmişik ki, Azərbaycanla şantaj dilində danışmaq olmaz.
Eyni zamanda Azərbaycan xarici siyasətini də çox dəqiq yürüdür. Bu, təbii ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bölgədə və dünyada baş verəcək proseslər öncədən seçilir və zamanında buna uyğun addımlar atılır.
Digər ölkələrin bir-biri ilə münaqişəsində Azərbaycan tərəf olmur, lazım gəlirsə, sadəcə, humanitar dəstəyini sərgiləyir.
Son günlərdə isə Rusiya ilə yaşanan siyasi kriz heç kimə sirr deyil. Bəziləri əhalisi və ərazisi balaca olan bir dövlətin Rusiyaya qarşı bu cür tələbkar davranmasına təəccüblənir.
Amma təəccüblənməli heç nə yoxdur. Bu prosesin bir tərəfindən Rusiya varsa, digər tərəfində tam əmin olduğumuz, güvəndiyimiz Azərbaycan dayanır. Və bu dövlət, bu hakimiyyət vətəndaşlarının güvənini hətta ona bəzən inanmadıqları vaxtda da boşa çıxarmayıb.
Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra “Bəs Xankəndi?” deyilən yerdə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir və Qarabağa təyyarə ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan lideri Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və digər ölkələrin rəhbər şəxsləri gəlir.
Tədbirdə iştirak edirlər, Qarabağı gəzirlər, çay süfrəsi ətrafında söhbət edirlər, qardaşlıq, dostluq mesajları verirlər və xatirə şəkli çəkdirirlər.
Təkcə 241 milyon Pakistanın, Türkiyə və İranın hərəsinin 85 milyon əhalisi var. Yəni, təkcə bu üç ölkə dünya əhalisinin təxminən yarım milyardını təşkil edir. Belə güclü dövlətlərlə dostluq münasibətlərini bu səviyyədə dərinləşdirmək isə güclü siyasət tələb edir ki, bunun da təsdiqini bu gün bir daha Xankəndidə, Azərbaycanın döyünən ürəyi Qarabağda gördük.
Emin Səfərov




